Futbolun fəlsəfəsi özünün var olmamağı ilə maraq oyadır. Alber Kamyu kimi radikal filosofun əsərlərini oxuyanda sanarsan ki, əyləncə, idman onluq deyil. Amma Kamyu hətta bir neçə il futbolla məşğul olub. Odur ki, mənim də futbola olan marağımı təəccüblü qarşılamaya bilərsiz". bu sözləri "Mənim adım qırmızı" romanına görə 2006-cı ildə Nobel mükafatına layiq görülən dünyaca məşhur türk yazıçısı Orhan Pamuk deyib.
Postmodern yazıçının İspaniyanın "El Periodico" qəzetinə müsahibəsindən aydın olub ki, dünyanın bir neçə məşhur universitetində çox yüksək məvaciblə mühazirə deyən, mütəlif elmi işlərlə məşğul olan Pamuk futbola da vaxt tapır. Onun fanatı olduğu klub isə "Fənərbaxça"dır: "Sizin ən böyük komandanız "Barselona"dırsa, "Fənərbaxça" ondan da böyükdür! Pireneydə Türkiyə futbolu haqda bilənlər bilir, bilməyənlərə isə xatırladım ki, bizim ölkədə futbol bir yaşam tərzidir".
"Qar", "Cövdət bəy və oğulları", "Qara kitab", "Yeni həyat" kimi dünyanın 40-50 ölkəsində tərcümə olunub, maraqla oxunan əsərlərin müəllifi olan Pamukun bu qədər futbola bağlı olması maraq doğurmaya bilməz. Yazıçı müsahibəsində azarkeşlik etdiyi komanda haqda diqqət çəkən bir ifadə işlədib: "Mən bu komandanı çox sevirəm. "Fənərbaxça"nı müxtəlif sosial mərtəbəyə aid insanlar dəstəkləyir, çox geniş azarkeş kütləsi var. "Qalatasaray"a əsasən, aristokratlar, "Beşiktaş"ı isə kiçik burjuylar azarkeşlik edir. Yəqin bu komandanın mənə doğma olmasının səbəbi qismən aydın oldu".