Bakı-APA. Bu gün Azərbaycanda idman mərc oyunlarının açılışına həsr olunan tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov idman mərc oyunlarının keçirilmə qaydalarına aydınlıq gətirib: “Bu, idmanı sevən, xüsusilə də futbolu izləyənlərin asudə vaxtlarını keçirməsi üçün yaxşı imkan olacaq. Onlar pul qoyuluşları edib, qazanc da əldə edə biləcəklər. Uduşlar tam şəkildə veriləcək. Buna təminat veririk. Hələlik idman mərc oyunları yalnız Bakı və Abşeronu əhatə edəcək. Bunun üçün 60-70 məntəqə fəaliyyətə başlayıb. Gələcəkdə bu oyun bütün Azərbaycanı əhatə edəcək, 250-300 məntəqə fəaliyyət göstərəcək. Bu məntəqələrə Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Vergilər Nazirliyi nəzarət edəcək. Məsələnin texniki tərəflərini Türkiyənin “İnteltek” şirkəti həll edəcək. Onlarla bu məsələdə razılığa gəlmişik”.

Azər Məhərrəmov ölkəmizdə geniş yayılan qeyri-qanuni bukmeker kontorları haqda da danışıb: “Nazirlər Kabineti tərəfindən mərc oyunları qanuniləşdirilib. O ki, qaldı “qara bazar”a, bu, bizə aid olan məsələ deyil. Onlarla hüquq-mühafizə orqanları məşğul olacaqlar. Bizim işimiz öz şəbəkəmizi qurmaqdır. Hələlik pul qoyuluşu etmək istəyənlər azı 3 oyun seçməlidir. Gələcəkdə isə 1 və 2 oyuna da pul qoymaq mümkün olacaq. Minimum qoyuluş 1 manat olacaq. Uduşun maksimum məbləği isə 250 min manatla məhdudlaşacaq”.

Baş direktor gəlirin bölüşdürülməsinə də aydınlıq gətirib: “Əldə olunacaq qazancın 4,2 faizi ölkə idmanının inkişafına xərclənəcək, 6 faizi isə vergilərə ödənəcək. İdmana xərclənəcək vəsaitin 30 faizi AFFA-ya, yəni futbola, yerdə qalan hissəsi isə digər idman növlərinə xərclənəcək”.

Məhərrəmov əmsallar, həmçinin xarici kontorların əmsalları haqda da danışıb: “Bu sahədə mövcud olan saytlar bağlanacaq. Hazırda bu istiqamətdə işlər aparılır. Lakin müasir texnologiyalar sayəsində bəziləri tərəfindən onların açılması da mümkündür. Bizim əmsallara gəlincə, onlar xüsusi proqramlarda dərc olunacaq ki, həmin proqramları da məntəqələrdə əldə etmək olar. Gələcəkdə bizim də saytımız olacaq və əmsallar artıq orada yerləşdiriləcək”.

APA