UEFA-nın rəsmi İnternet saytında iyunun 6-da Almatıda Avropa çempionatının seçmə qrup mərhələsində keçirilən Qazaxıstan – Azərbaycan oyununa aid məqalə dərc olunub. “APA-SPORT” agentliyinin məlumatına görə, yazıda milli komandamızın səfər matçı geniş şərh olunub. “Bəxt 10 nəfərlə qalmış Qazaxıstanın üzünə güldü” adlanan məqalədə bildirilib ki, meydan sahiblərinin birinci hissədə fərqlənmək imkanı olsa da, hesabı qonaqlar açıblar: “Görüşün 20-ci dəqiqəsində Nurbol Jumaskaliyevin zərbəsi qüvvətli alındı. Ancaq top Cahangir Həsənzadənin qoruduğu qapının yanından keçdi. Əvəzində, Azərbaycan hesabı açdı. 30-cu dəqiqədə Ceyhun Sultanovun ötürməsindən sonra Vüqar Nadirov fərqləndi”. İlk hissənin sonlarında Maksim Jalmaqambetovun qırmızı vərəqə alması ilə Qazaxıstanın azlıqda qaldığı qeyd edilən yazıda bununla belə, ev sahiblərinin tezliklə hesabı bərabərləşdirdiyi bildirilir: “Arno Paypersin yetirmələrindən Maksim Jalmaqambetov qırmızı vərəqə ilə cəzalandırıldı. Qazaxıstan 10 nəfərlə qalmasına baxmayaraq, bundan 8 dəqiqə sonra tarazlığı bərpa etdi. Nurbol Jumaskaliyevin qapı önünə ötürməsindən sonra yarımmüdafiəçi Ruslan Baltiyevlə müdafiəçi Samir Abbasovun mübarizəsi nəticəsində top tora daxil oldu”. Məqalədə yığmamızın qələbə qazanmağa yaxın olduğu bildirilib: “Branimir Subaşiç, Emin İmaməliyev və Alim Qurbanov Azərbaycana qələbə qazandıracaq qolu vura bilərdilər. Amma onlar şanslarını boşa verdiklərindən 1:1 hesabı dəyişməz qaldı”.

2007-06-07 12:15
525-ci qəzet