ABŞ-ın “Los Angeles Times” qəzeti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərib.
APA-nın Vaşinqton müxbirinin sözlərinə görə, qəzet səyahət və sərgüzəşt sərgisi keçirməyi planlaşdırır. Şouda Ermənistan və Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağ birlikdə təmsil olunacaq. Ermənistan və Dağlıq Qarabağın turizm şirkətləri dekabrın 13-də təşkil olunacaq səyahət şousunda “Ermənistana xoş gəlmisiniz” köşkünü sərgi zalında yerləşdirəcək.
ABŞ-dakı Azərbaycan diasporası qəzetin bu addımından dərin narahatlığını bildirib. ABŞ-da yaşayan azərbaycanlılar “Los Angeles Times” qəzetinə məktub göndərərək şou təşkilatçılarını və qəzeti beynəlxalq hüquq və bəzi terminlərdən yanlış istifadə etməməyə çağırıb. Amerika azərbaycanlıları bəyan ediblər ki, istənilən iştirakçının ona məxsus olmayan ərazini, mədəniyyəti və irsi təbliğ etməsi qəbuledilməzdir.
Azərbaycan diasporasının nümayəndələri bildiriblər ki, ermənilər turizmi işğal etdikləri Azərbaycan ərazilərində yox, Ermənistanda inkişaf etdirməlidir: “ABŞ hökuməti dəfələrlə Azərbaycanın ərazi bölüvlüyünü tanıdığını rəsmən elan edib. Hesab edirik ki, bütün hüquqi şəxslər hökumətin rəsmi mövqeyinə sadiq olmalıdır. Bu qanunsuzluğun qarşısını almaq üçün hələ vaxt var”.