Bu bir neçə ayda artıq ikinci dəfədir ki, ABŞ-in Nyu-York şəhərində ermənilər Azərbaycan incəsənətini təhrif etməyə çalışırlar. Yanvar ayinin 10-na təyin olunmuş "Dostlar arasında" adlı konsert proqramı Nyu-York şəhərinin böyük konsert salonlarından biri olan "Millenium" sarayında keçirilməlidir. Konsertin afişasında 10 ölkədən olan musiqiçilər və rəqs ansambllarının çıxışı nəzərdə tutulmuşdur. Afişada Azərbaycan Respublikasının bayrağı altında erməni mənşəli Levon Mnasakanyan adlı birisinin çıxış edəcəyi nəzərdə tutulmuşdu. Bu erməni bir neçə ölkənin iştirak edəcəyi bu konsert proqramında Azərbaycanı təmsil etməli idi. Bu anlaşılmazlıq Azərbaycan Nyu-York assosiasiyasının (ANA cəmiyyəti) nəzərindən qaçmadı. Cəmiyyətin sədri akademik Əli Nəsibov və Minəvvər Vahabova bu hadisəyə biganə qalmadılar. Onlar konsertin təşkilatçıları ilə əlaqə yaratdılar və bu anlaşılmazlıq aradan qaldırıldı. Bu vətənpərvər insanların səyi nəticəsində artıq 2010-cu il yanvar ayının 10-da keçiriləcək konsertdə doğma Azərbaycanımızı "Yeni Ulduz 5" musabiqəsinin iştirakçısı Samir Quliyev və Novruz Məmmədov təmsil edəcəklər. Bununla yanaşı bu proqramda Nyu-Yorkda fəaliyyət göstərən ''Soydaş" rəqs ansamblının da çıxısı gözlənilir. Ansamblın bədii rəhbəri Respublikanın Əməkdar artisti Telman Cəlilovdur. Qeyd edək ki, bir neçə ay bundan qabaq keçirilən bir konsert proqramında da Eyyub Yaqubovun çıxış edəcəyi elan olunsa da, bu konsert azərbaycanlı müğənninin iştirakı olmadan keçirildi. Nyu-Yorkda yaşayan azərbaycanlılar bu konsertdə çoxluq təskil edən erməni müğənnilərinə qulaq asmalı oldular. Onu da nəzərinizə çatdıraq ki, ANA cəmiyyətinin 200-dən artıq üzvü yanvarın 10-da keçiriləcək konsertdə tamaşaçı qismində iştirak edəcək. Onlar azərbaycanlı müğənniləri və "Soydaş" rəqs ansamblını dəstəkləyəcəklər.