Yaap de Hoop Sxeffer: "Alyans bu münaqişəyə qarışmayacaq"
"NATO Qarabağ probleminə qarışmayacaq" - bu fikirləri Brüseldə NATO-ya üzv 28 dövlətin və 22 tərəfdaş ölkənin müdafiə nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında alyansın baş katibi Yaap de Hoop Sxeffer səsləndirib. "İhlas" xəbər agentliyinin məlumatına görə, Sxeffer tədbirə qatılan Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə bu mövzuda danışmadığını da vurğulayıb. Baş katib onu da bildirib ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqşəsinin həlli istiqamətində illərlə davam edən fəaliyyəti var. NATO münaqişənin həlli ilə bağlı Minsk Qrupunun bu fəaliyyətini dəstəkləyir və Qarabağ münaqişəsinin sülh, qarşılıqlı siyasi dialoq yolu ilə çözümünə tərəfdardır:

"Bunun xaricində Qarabağ münaqişəsi NATO-nu maraqlandıran mövzu deyil". Sxefferdən fərqli olaraq Qarabağ münaqişəsi Brüsseldə növbəti dəfə Bakı ilə İrəvan arasında müzakirə edilib. Belə ki, Azərbaycan və Ermənistanın müdafiə nazirləri Səfər Əbiyevlə Seyran Ohanyan Brüsseldə görüşüb. Ermənistan mətbuatının bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryana istinadən yaydığı məlumata görə, görüş barədə hələlik heç bir açıqlama verilmir. Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyev NATO tədbirlərində iştirak etmək üçün Brüsseldə səfərdədir. Onu da bildirək ki, görüş NATO Avroatlantik Tərəfdaşlıq Şurasının müdafiə nazirlərinin iclası çərçivəsində baş tutub.