Azərbaycanın Hacıqabul, Neftçala rayonları və Şirvan şəhəri ərazisində təbii fəlakət baş verib.İpək yolunun Hacıqabul rayonundan keçən ərazisini tamamilə su basıb.

Bu gün saat 15.20 radələrində Hacıqabul rayonunun Nəvahi və Rəncbər kəndləri ərazisinə yağan güclü sel yağışları nəticəsində Nəvahi kəndinin ərazisində 300-dən çox ev və Hacıqabul rayon mərkəzinin ərazisi su altında qalıb. Sel sularının axın məcrası istiqamətində yaranmış su axını kiçik avtomobilləri və yolüstündəki əşyaları apara bilir. Sel-suları şəhərin şimal-şərq istiqamətindəki müdafiə xarakterli dəmiryol borusunu yuyaraq şəhərə daxil olub. Rayon ərazisinin ətrafında dəmir yollarının relsləri və elektrik xətləri uçub. Yüzlərlə ev heyvanları tələf olub. Rayon sakinlərinin ev əşyaları, şəxsi avtomobillər suyun altında qalıb, bir neçə ev uçub.

Rayona külli miqdarda maddi ziyan dəyib.
Hacıqabul rayonu Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun verdiyi məlumata görə, əsasən əhalinin mal-qarasına, kənd təsərrüfatına ziyan dəyib. Ümumilikdə, Hacıqabulun 60 faizi sel- sularından əziyyət çəkir. Ən ciddi ziyan isə Nəvahi qəsəbəsinin iki kəndinə dəyib. Qəsəbədəki əhalinin 90 faizi müvafiq yerlərə köçürülüb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası təbii fəlakətin aradan qaldırılması üçün rayona səfərbər edilib.Təbii fəlakətin fəsadlarını aradan qaldırması üçün operativ qərargah yaradılıb. Hazırda hadisə yerində Hacıqabul FHK-nın, polis şöbəsi və daxili qoşunların əməkdaşları işləyirlər.


Hazırda dağlardan gələn suyun axını səngiməyib. Ətraf rayonlardan da əlavə texnika gətirilir.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov bildirib ki, saat 15.20 radələrində yağan güclü leysan yağış suları Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsini basıb. Nəticədə avtomobillərin hərəkəti dayanıb və yolda böyük tıxac yaranıb. Rayonun Rəncbər kəndinin bir hissəsi və ərazidən keçən dəmir yolu magistralı da suyun altında qalıb. Kəndin ərazisindən güclü sel suları axır. Rayon rəhbərliyi hadisə yerində təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün tədbirlər görür.

Görülmüş tədbirlər nəticəsində magistral yol saat 16.30 radələrində açmaq mümkün olub.

Leysan yağışlar Azərbaycanın Neftçala rayonuna da ziyan vurub. Bu barədə Neftçala rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasından məlumat verilib.

Məlumatda bildirilib ki, güclü yağış nəticəsində əsasən rayon mərkəzində yollar su altında qalıb, yüksək gərginlikli elektrik xətləri qırılıb. Hazırda rayona dəymiş ziyan aradan qaldırılmaq üzrədir. Şəxsi təsərrüfatlara və fərdi yaşayış evlərinə ciddi ziyan dəyməyib.

Şirvan şəhərinin də şərq hissəsində fərdi yaşayış evləri yerləşən ərazilərdə də bəzi küçələri kiçik dağlardan axan sel suları basıb. Şəhər rəhbərliyi və FHN əməkdaşları əlavə tədbirlər görürlər.

Rayonun elektrik təsərrüfatına da ziyan dəyib.

Ən çox ziyan dəyən yerlərdən biri də Xaçmaz rayonudur. Ən kritik vəziyyət isə rayonun Ləzər və Nərəcən kəndlərindədir. Rayona Fövqəladə Hallar Nazirliyinin 80 nəfər şəxsi heyəti, 6 nasos 3 çadır gətirilib. Rayon Fövqalədə Hallar Komissiyasının sədri Rafiq Tağıyevin verdiyi məlumata görə, dəyən ziyan dəqiqləşdirilir və həyətlərə dolan su nasoslar vasitəsilə çəkilir.