Qəzzədəki bombardmanlar ən çox uşaqların psixologiyasına təsir edir.

Atəş səsləri nəticəsində fələstinli azyaşlılar yaddaşlarını itirir, hətta dəli olurlar.

Dekabrın 28-dən bu yana Qəzzədə davam edən İsrail bombardmanları ara vermək bilmir. İsrail hərbçilərinin hava və quru əməliyyatlarından ən çox zərər çəkənlər isə uşaqlardır. Müharibə azyaşlıların daha çox psixologiyalarına təsir edir.
İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin əlaqələndiricisi Əhməd Türk Qəzzədə zərərçəkənlər üçün humanitar yardım apararkən tükürpərdici faktların şahidi olub. Onun sözlərinə görə, aramsız davam edən bombardmanlar və ağır artilleriyadan açılan atəşlər körpələri dəli olmaq səviyyəsinə gətirib. Uşaqlar qorxudan yaddaşlarını belə itirirlər. “Bombardmanlar nəticəsində bir çox hamilə qadın uşağını düşürür və ya vaxtından əvvəl doğmağa məcbur olur”, - deyən Əhməd Türk bu səbəbdən uşaq ölümü hallarının da xeyli artdığını söyləyib: “Orada istifadə edilən bombaların təsirindən yaralıların bədənlərində dərin yaralar və yanıqlar əmələ gəlir, dəriləri ciddi dəyişikliklərə məruz qalır”.

Fələstində müharibə ən dəhşətli mərhələsinə qədəm qoyub. Qızğın döyüşlərdən sonra dünən İsrail xüsusi təyinatlıları Qəzzəyə daxil olaraq HƏMAS-a məxsus olduğu güman edilən bir neçə məhəlləni ələ keçiriblər. Hazırda şəhərdə HƏMAS-la İsrailin xüsusi təyinatlıları arasında döyüşlər davam edir. Xarici radiostansiyaların verdiyi məlumatlara görə, İsrail xüsusi təyinatlıları güclü müqavimətlə üzləşiblər. İsrail hökuməti də Qəzzədə qızğın döyüşlər getdiyi barədə yayılan xəbərləri təsdiqləyib. Verilən məlumata görə, İsrail hərbi qüvvələri Qəzzədəki 100-dən artıq obyektə, o cümlədən HƏMAS-ın İsrailə keçmək üçün istifadə etdiyi 55 tunelə raket bomba zərbələri endiriblər.
Fələstin mənbələri gün ərzində Qəzzədə 40-dan artıq mülki şəxsin öldüyünü bildiriblər. Son məlumatlara görə, dekabrın 27-də başlayan əməliyyat zamanı öldürülənlərin sayı 1000 nəfəri ötüb. Onlardan 311 nəfəri uşaq, 76 nəfəri qadındır. 4500 nəfərdən çox insan yaralanıb. İsrail tərəfi isə 13 nəfər itirdiyini bildirir.
Son məlumata görə, Qəzzənin cənubundakı Xan Yunus bölgəsində fələstinli bir qadın ağ bayraq qaldırıb evindən çölə çıxarkən, İsrail əsgərləri tərəfindən öldürülüb. Bildirilir ki, həmin qadın İsrail əsgərlərinin “evləri boşaldın” xəbərdarlığı əsasında çölə çıxıb.

Livan-İsrail atışması
Dünən Livan ərazisindən İsrailin şimalına ən azı üç raket zərbəsi endirilib. Raketlər insanlar məskunlaşmayan ərazidə partladığına görə dağıntı və tələfat olmayıb. İsrail ordusu raket atəşi açılan nöqtələrə artilleriya zərbələri endirib.