Füzuli ərazisində atəş açan erməniləri susduran Milli Ordunun əsgəri Orxan Şamilov iki erməni hərbçisini öldürüb və özü də qəhrəmancasına həlak olub.
Noyabrın 16-da gecə saatlarında cəbhənin Füzuli istiqamətində, təmas xəttində atəşkəsin pozulması səbəbindən atışma başlayıb. Gecənin qaranlığına baxmayaraq, döyüş növbəsi çəkən əsgər Şamilov Orxan Fərhad oğlu əks tərəfdən gələn atəşi susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam etdikdən sonra o, atəş aça-aça düşmənə doğru irəliləyib. Bu zaman əsgər O.Şamilov düşmənin iki əsgərini öldürüb, sonda onun özü də həlak olub. Əldə etdiyimiz məlumata görə, düşmən öz meyitlərini sürüyüb aparsa da, əsgərimizin meyiti düşmənə çox yaxın olan ərazidə qalıb. İndi Müdafiə nazirliyi meyiti həmin ərazidən götürməyə çalışır. Qeyd edək ki, əsgər Orxan Şamilov Tərtərin Buruç kəndində anadan olub. O, bu ilin aprel ayında Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Allah rəhmət eləsin...


Aytən Səfərova /ANS PRESS/