Mənuçöhr Möttəki: “BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı qətnamələrinin texniki və hüquqi əsası yoxdur”

İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki Beynəlxalq Atom Enerjisi üzrə Agentliyinin Direktorlar Şurasındakı həmkarlarına məktub ünvanlayıb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir ki, Agentliyin yaydığı son hesabatda İranın nüvə proqramı ilə əlaqədar açıq qalan məsələlərin həll olunduğunun bildirilməsi və dinc məqsədli nüvə proqramının öz yolundan sarmamasının 11-ci dəfə təsdiqlənməsi ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) addımlarındakı bütün istinad və əsaslandırmaların etibarsızlığı üzə çıxıb: “Bu da BMT Təhlükəsizlik Şurasının öncəki qətnamələrinin heç bir texniki və hüquqi əsaslara malik olmadığını, yalnız müəyyən ölkələrin qərəzli və siyasi maraqlarından irəli gəldiyini göstərir”. Nazir hesab edir ki, bu prosesin davam etməsi, BMT TŞ-nin ikiqat etibarsızlığına və üzv ölkələrin nüvə fəaliyyətlərinə nəzarət etməli olan əsas orqan kimi Agentliyin etibarının azalmasına səbəb olacaq ki, bu da növbəti yanlış addımın atılması anlamına gələcək. Məktubda həmçinin qeyd olunur ki, dünya birliyi İranın dinc məqsədli nüvə proqramı ilə əlaqədar əsassız ittihamlar və iddialar irəli sürən ölkələrdən yol verdikləri səhvləri düzəltməsini gözləyir.