robert köçəryan: «Bu fakt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına müsbət təsir göstərəcək»

Xəzər İbrahim: «Robert Köçəryan arzu etdiyini reallıq kimi qələmə verir»

“Kosovo presedenti Ermənistan üçün çox vacibdir. Sözsüz ki, bu, Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınmasına müsbət təsir göstərəcək”.

APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Robert Köçəryan bu sözləri İrəvan Dövlət Universitetindəki çıxışında deyib. Bununla yanaşı, R. Köçəryan Kosovonun Avropanın mərkəzində yerləşdiyini və bir çox amilin bu diyarın lehinə işlədiyini vurğulayaraq Kosovo nümunəsinin Qarabağdan fərqləndiyini etiraf edib: “Ancaq biz öz mübarizəmizdə ardıcıl olmalıyıq. Qarabağın müstəqilliyi bizim üçün faktdır. Yeganə məsələ digər dövlətlərin də bu faktı tanımasıdır”. R. Köçəryan bildirib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini faktiki olaraq çoxdan tanıyıb və ikitərəfli əlaqələr qurub. Onun fikrincə, faktiki tanıma parlament və prezidentin rəsmi qərarlarından daha önəmlidir: “Mən bu cür dövlət aktının qəbulunda problem görmürəm. Amma biz bu addımın danışıqlar prosesinə kömək edəcəyini, yoxsa maneçilik törədəcəyini də hesablamalıyıq”.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə Ermənistan prezidentinin bu bəyanatını şərh edib. O, bildirib ki, Robert Köçəryan arzu etdiyini reallıq kimi qələmə verir: «Onun səlahiyyət müddəti bitir və o, nə payıza qədər, nə də ondan sonra Ermənistan prezidenti olmayacaq. Dünya ictimaiyyəti Kosovodakı vəziyyətin Ermənistan-Azərbaycan münaqişəsi üçün heç bir halda presedent təşkil etməyəcəyini və bu münaqişələrin çox fərqli olduğunu dəfələrlə vurğulayıb».