Erməni xüsusi xidmət orqanı əməkdaşlarının təxribatı nəticəsində ölən 13 yaşlı qızın və hadisə baş verən mənzilin şəkilləri yayılıb.
ANS PRESS erməni xüsusi xidmət orqanı əməkdaşlarının təxribatı nəticəsində ölən 13 yaşlı qızın və hadisə baş verən mənzilin şəkillərini yayıb.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı rayon Prokurorluğunda AR CM-nin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Ermənistan xüsusi xidmət orqanlarının əli ilə həlak olan 13 yaşlı Aygün Şahmalıyevanın ölümü ilə bağlı xüsusi istintaq qrupu da yaradılıb. Artıq əməliyyat qrupu Tovuzun Əlibəyli kəndindədir.

Partlayıcı qurğu erməni xüsusi xidmət orqanlarının Tovuz çayı vasitəsilə Azərbaycan ərazisinə buraxdığı “itə bənzər” oyuncağın içərisinə quraşdırılıb. Aygünlə çay kənarına gedən və hadisənin şahidi olan Elsevər Cəfərovun dediklərindən belə qənaətə gəlmək olar: “Çayda çimib evə qayıdanda suyun kənarında itə bənzər oyuncağı ayağımla vurub kənara tulladım. Sonra onu Aygün götürdü, ona oyuncağı atmasını dedim. Lakin yanımızda olan balaca uşaq ağladı və oyuncağı istədi. Aygün yenidən o oyuncağı götürdü və evə gətirib stolun üstünə qoydu. Elə həmin an itə bənzər oyuncaq partladı”.

Ev sahibi Həsən Cəfərov isə evindən gələn partlayış səsini küçədə olarkən eşidib: “Onlar Sankt-Peterburqda yaşayırlar, bu gün (dünən) bizə qonaq gəliblər. Hadisə zamanı yemək yeyirdik, mən də mağazaya gedib su aldım. Yenicə içirdim ki, birdən partlayış səsi gəldi. Gəlib gördüm uşaq yaralanıb, xəstəxanaya aparıblar. Ondan sonra heç nə bilmədim”.

Həlak olan qızın anası Elnarə Şahmalıyeva isə ayaq nahiyəsindən xəsarət alaraq bütün gecəni həkim nəzarətində olub. Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Elnarə Şahmalıyevanın vəziyyətini isə növbətçi həkim Ramiz Məmmədov orta ağır kimi qiymətləndirir: “Vəziyyəti qismən kafidir. Suallara aydın cavab verir, sağ bud hissəsinin odlu silahdan və ya hansısa partlayışdan əmələ gələn yarasıdır. Hal-hazırda xəstə yatır, ona sakitləşdirici iynələr vurulub, inşallah yəqin ki, sabah təmasda olmaq olacaq”.

Xəstəxanada yaralının yaxınlarının verdiyi məlumata görə, Şahmalıyevlər ailəsi Rusiyada yaşayır və Tovuza qonaq gəliblər. Ailənin başcısı Zirəddin Şahmalıyev isə 2 gün əvvəl Tovuz rayonundan Rusiyanın Sankt-Peterburq şəhərinə qayıdıb