Bakı polisi yerli sakinlərdən yaman gileylidir. Bakı şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Milli.Az xəbər portalına açıqlamasında avtoşluq faktlarının qarşısının alınması üçün görülən tədbirlərin hələ də istənilən effekti vermədiyini bildirib.
Əsas səbəb isə, onun fikrincə, yeniyetmə və gənclərin öz xuliqan yaşıdlarına rəğbət bəsləmələri, çox vaxt da azarkeşlik edərək onları qızışdırmalarıdır. Ortayaşlılara da bu məsələdə bel bağlamaq olmaz: ictimai qınaq çox aşağı səviyyədədir.
Bəzən məhkəmələr də Bakı şəhər Yol Polis İdarəsinin gördüyü tədbirlərin effektini azaldır. Məsələn, bəzən hakimlər humanistlik göstərərək 15 sutkalıq həbs cəzasını 3 sutkayadək endirirlər. Bu isə avtoşlara qol-qanad verir.
Statistikaya gəlincə, bu ilin ilk yarısında 150-dən çox avtoxuliqan cəzalandırılıb. Bunlardan azı 35 nəfəri təkrarən tutulanlardır. Avtoşlar arasında hər təbəqədən nümayəndə var - işsizlər, valideyni xadimə, sürücü, müdir olanlar və s. Onlar avtoşluğu özlərinə “şərəfli” peşə seçiblər. Ən çox fərqlənənlər isə İqtisad Universitetinin tələbələridir. Ona yaxın gələcək iqtisadçı sentyabrda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən cəzalandırıla bilər. Yol Polisinin rəhbərliyi İqtisad Universitetinə bu barədə təqdimat göndərməyi də planlaşdırır.
Anar Məmmədov
Milli.Az