Hadisə Kürdəmir rayonu ərazisində baş verib.

Azərbaycan Hərbi Prokurorluğu hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin şöbə rəisi, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri və Tərtər Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hadisə yerindədir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Əldə olunan nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

----------
18.06

Milli.Az xəbər portalının məlumatına görə, Kürdəmir rayonu ərazisində hərbi təyyarə - Su-25 qırıcı-bombardmançı təyyarə qəzaya uğrayıb.

Kürdəmir Rayon Polis Şöbəsindən portalımıza məlumatı təsdiqlədilər. Bildirildi ki, qəza, təyyarə eniş edərkən, rayonun Sorsor kəndi ərazisində baş verib. Ekipaj katapult yolu ilə xilas olub.

Tərtər Rayon Hərbi Prokurorluğundan Milli.Az-a bildirildi ki, hadisə yerinə prokurorluğun əməkdaşları göndərilib.

Məlumatı Müdafiə Nazirliyi də təsdiqlədi. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Milli.Az-a bildirdi ki, qəza zamanı 2 nəfərlik ekipaj heyəti katapult yolu ilə xilas olub.
Azərbaycan Respublikası Hərbi Prokurorluğu da məlumatı təsdiqləyib.

Milli.Az xəbər portalının Azərbaycan Hərbi-Hava Qüvvələrindən aldığı məlumata görə, qəzaya uğramış təyyarə polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürov tərəfindən idarə olunub.
Pilotlar qəza zamanı xəsarət almayaraq paraşütlə yerə enə biliblər.
İlkin məlumatlara görə, "Su-25" təyyarəsinin qəzaya uğramasının səbəbi eniş zamanı şassilərin açılmaması olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 262-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Hadisə yerinə Hərbi Prokurorluğun əməkdaşları gedib.

Xatırladaq ki, "Su-25" qırıcı-bombardmançı təyyarəsi döyüş əməliyyatları zamanı quru qoşunlarını sutkanın istənilən zamanı dəstəkləmək, habelə istənilən metereoloji şəraitdə əvvəlcədən verilmiş koordinatlardakı hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
"Su-25" təyyarəsi ilk uçuşunu 1975-ci ildə edib və 1981-xi ildən bəri istismardadır.
"Su-25" təyyarəsinin "Su-25UB", "Su-25SM", "Su-25KM", "Su-28", "Su-25UTQ", "Su-39", "Su-25T" və "Su-25UBM" modifikasiyaları var.

"Su-25" təyyarəsinin uzunluğu 15,36 metr, qanadlarının uzunluğu 14,36 metr, hündürlüyü 4,8 metr, şassisinin bazası 3,57 metr, boş təyyarənin kütləsi 9315 kiloqram, "təchizatlı" kütləsi 11600 kiloqram, normal uçuş kütləsi 14600 kiloqram, maksimal uçuş kütləsi 17600 kiloqram, mühərriki 2 ədəd TRD R-95Ş-dir.

Təyyarənin maksimal sürəti 950 km/saat, kreyser sürəti 750 km/saat, eniş sürəti 210 km/saat, döyüş radiusu 300 km, praktiki uçuş "tavan"ı 7000 metr, viraj radiusu 680 metrdir.

Əlavə məlumatlar veriləcək.

Anar Məmmədov
Milli.Az