Paytaxt Bakıda və regionlarda un və çörəyin qiyməti bahalaşmağa başlayıb. Xəbər agentlikləri tərəfindən yayılan məlumatlarda bildirilir ki, bir neçə gün əvvələ kimi 50 kiloqramlıq un kisəsi 20-21 manata satıldığı halda, dünən 24-25 manata qədər bahalanıb. Unun qiyməti ilə bərabər dünən Bakıda və rayonlarda çörəyin də qiyməti artıb. Dünəndən etibarən 30 qəpiklik “zavod çörəklərinin” 40 qəpiyə satıldığı bildirilir. Bəzi mağazalarda çörəyin qiyməti dəyişməsə də, çəkisinin aşağı salındığı müşahidə olunub. Belə ki, 650 qramlıq çörəklərin çəkisinin 450 qrama qədər endirildiyi bildirilir. Məlumat üçün qeyd edək ki, çörəyin bahalaşmasına dünən qəzetimizin bəzi əməkdaşları da şahid olublar. Onlar çörəyi hər zamanki kimi 30 qəpiyə deyil, 40 qəpikdən aldıqlarını söyləyirlər. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, un və çörəyin bahalaşması ilə bağlı onlarda heç bir məlumat yoxdur. A. Əliyevin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumlarının Qurban bayramından əvvəl apardıqları monitorinq zamanı un və çörəyin qiymətində bahalaşma müşahidə olunmayıb. 1GÜNDƏM 02

Abbas Əliyev həmçinin qeyd etdi ki, təmsil etdiyi qurum bu sahədə yeni monitorinqlərə başlayıb və yaxın günlərdə nəticələri ictimayyətə açıqlayacaq.

İqtisadi İnnovasiya Mərkəzinin (İİM) rəhbəri, iqtisadçı-ekspert Məhəmməd Talıblı un və çörəyin bahalaşdığını təsdiqləyərək bildirdi ki, bu sahədə qiymət artımı gözlənilən idi: “Bu barədə biz dəfələrlə mətbuata açıqlama vermişik. Əslində bahalaşma yay aylarında baş verməliydi. Çünki həmin dövrdə dünyanın əsas taxıl istehsalçıları ixraca məhdudiyyətlər tətbiq etdilər və bu da ölkəmiz üçün taxıl idxalının çətinləşməsi demək idi. Lakin, ölkə seçki ərəfəsində olduğu üçün həmin vaxtı bahalaşmanın qarşısı alındı”. İİM rəhbəri bildirdi ki, un məhsullarının bahalaşması digər məhsulların da qiymətinə təsir edəcək. İqtisadçı-ekspert ölkədə növbəti bahalaşma dalğasının gözlənildiyini bildirdi: “Ehtimal etmək olar ki, yaxın zamanlarda Tarif Şurası da öz qərarlarına yenidən baxacaq”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bizimlə söhbətdə bildirdi ki, artıq rəhbərlik etdiyi təşkilata un və çörəyin bahalaşması ilə əlaqədar olaraq onlarla müraciət daxil olub. AİB sədri qiymət artımına əsas səbəb kimi inhisarçılığı göstərdi: “Hər sahədə olduğu kimi, çörək istehsalını da inhisara alıblar və qiymətləri asanlıqla qaldıra bilirlər”. E. Hüseynov həmçinin bildirdi ki, un və çörəyin bahalaşmasına dünyada müşahidə olunan taxıl qıtlığı və mövsümi amillər də səbəb ola bilər. Zaman