Fazil Talıblı: “Yoxlamalar ölkə boyu bütün şadlıq evləri və restoranlarda aparılacaq. Yoxlamaların məqsədi şadlıq evləri və restoranlarda vətəndaşlara orqanizm üçün təhlükəli olan məhsulların verilməsini əngəlləməkdir. Tədbirlər bu sahədə köklü dəyişikliklər baş verənədək davam etdiriləcək”.

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Ərazi Dövlət Nəzarəti İdarələri şadlıq evlərində və restoranlarda qanunvericiliyin tələblərinə uyğun olaraq istehlakçılara təqdim edilən ərzaq məhsullarının keyfiyyətini araşdırır. Araşdırmalar bir neçə gündür başlayıb və ilkin nəticələr artıq mövcuddur”. Bu barədə qəzetimizə SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verdi. Fazil Talıblının sözlərinə görə, yoxlamalar ölkə boyu bütün şadlıq evi və restoranlarda aparılacaq: “Yoxlamalara Bakı şəhərindən start verilib. Sabah (bu gün-N.İ.) isə 3 şadlıq evində jurnalistlərin iştirakı ilə yoxlamalar aparılacaq. Ümumilikdə paytaxt və bölgələrdəki bütün şadlıq evləri və restoranlardakı vəziyyət araşdırılacaq”.

Fazil Talıblı deyir ki, Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsi ilə Süleymanov küçəsinin kəsişməsində fəaliyyət göstərən “Su pərisi” şadlıq sarayında dövlət nəzarəti tədbirləri artıq başa çatıb və nəticəsi məlumdur: “Su pərisi” şadlıq sarayında istehlakçılara saxta və keyfiyyətsiz məhsullar təqdim olunur. Monitorinq zamanı müəyyən edilib ki, həmin şadlıq sarayında istehlakçılara xarici ölkələrin istehsalı olan “Swell”, “Jaffa”, “Rıçal su”, “Moonlight”, “Perrier” əmtəə nişanlı meyvə şirələri və mineral suların saxtaları təqdim edilir. Belə ki, rəsmi idxalçılar tərəfindən təqdim olunmuş orijinal məhsullarla şadlıq sarayından götürülmüş nümunələrin müqayisəsi aparılıb, nəticədə çox ciddi fərqlər ortaya çıxıb, camaata verilənlərin saxta əmtəə nişanlı kontrafakt məhsullar olduğu müəyyən edilib”. Onun sözlərinə görə, şadlıq sarayından götürülmüş nümunələr laboratoriya müayinəsi üçün Komitənin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) təqdim olunub. Sınaqlar zamanı müəyyən edilib ki, “Swell” saxta əmtəə nişanlı şaftalı və albalı meyvə nektarlarının tərkibində insan orqanizmi üçün təhlükəli sayılan kif və maya göbələkləri mövcuddur.

“Rıçal su” saxta əmtəə nişanlı təbii mineral suyun analiz nəticələri göstərib ki, məhsul fiziki göstəricilərindən hidrokarbonat, sulfat ionu, kalsium ionu, xlor ionu və təhlükəsizlik göstəricilərindən ümumi bakteriyaların miqdarına və bağırsaq çöpü bakteriyaların sayına görə standarta uyğun deyil. Təqdim edilmiş “Paytaxt” və “Qarışıq tərəvəz” salatlarının analizi isə göstərib ki, tərkibində külli miqdarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar var. Müəyyən olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilib, toplanmış faktlar məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

SMPDK-nın mətbuat xidmətinin rəhbəri deyir ki, yoxlamaların məqsədi şadlıq evləri və restoranlarda vətəndaşlara orqanizmə təhlükəli olan məhsulların verilməsini əngəlləməkdir: “Bu sahədə köklü dəyişikliklər baş verənədək tədbirlər davam etdiriləcək. Vəziyyətin düzəlib-düzəlmədiyini öyrənmək üçün həmin obyektlərə təkrar baxış keçiriləcək, həmçinin hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndəriləcək”.

Fazil Talıblının sözlərinə görə, bu məsələdə insan amili çox önəmli rol oynayır. “Zaman-Azərbaycan” vasitəsilə vətəndaşlara müraciət edən dövlət rəsmisi: “Burada əsas vəzifə vətəndaşların üzərinə düşür. Yəni vətəndaş restoranda, şadlıq evində saxta içki görəndə, keyfiyyətsiz ərzaq verildiyini biləndə buna biganə yanaşmamalı, müraciət etməli olduğu ünvanları bilməlidir. Mən “Zaman-Azərbaycan” qəzeti vasitəsilə vətəndaşlara, oxucularınıza müraciət edirəm ki, belə hallarda bizim “qaynar xətt”ə- (012)-449-84-93 nömrəsinə zəng vurub məlumat versinlər. Bizim komitənin “qaynar xətt”i 24 saat fəaliyyətdədir. Dərhal müraciət etsinlər, restoranın, şadlıq evinin adını desinlər, aşkar etdikləri nöqsan barədə məlumat versinlər ki, tədbir görək”.
zaman