Dünyanın aparıcı televiziya kanalları Azərbaycanda qurulan Bayraq meydanına diqqət çəkib. “Euronews” telekanalında yayımlanan reportajda qeyd olunub ki, Azərbaycan bayrağı dalğalandığı bu dirək dünyada ən hündür bayraq dirəyi hesab olunur. Bayraq meydanının təntənəli açılışı olsa da, meydanın qapıları hələlik paytaxt sakinləri üçün bağlıdır. Daha dəqiq desək, paytaxt əhli bir müddət dünyanın ən hündür bayrağını uzaqdan seyr etməklə, kifayətlənməli olacaq. Çünki uzunluğu 70, eni 35 metr olan 2450 kvadratmetr sahəni əhatə edən bayraq meydanın ətraf ərazilərində təmir işləri hələ yekunlaşmayıb.
İş icraçısı Elxan Məmmədovun sözlərinə görə, meydanın aşağı hissəsində Bayraq muzeyi də tikilib. Amma xırda təmir-dekorasiya işləri qaldığından muzeyin açılışı yalnız bir müddət sonra mümkün olacaq. İş icraçısı onu da bildirdi ki, Azərbaycanın qədimdən bu vaxtadək nə qədər bayraq, gerb nümunələri olubsa, onlar məhz bu muzeydə sərgilənəcək və ölkənin atributları, yəni bayraq, gerb, himn haqqında ətraflı məlumatlar veriləcək.

Qeyd edək ki, bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. “Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Ölkə başçısının 2009-cu il 17 noyabr sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda dövlət bayrağı günü kimi qeyd ediləcək.

Qeyd edək ki, Bayıl qəsəbəsində qoyulan bayrağı paytaxtın bir neçə istiqamətindən seyr etmək mümkündür. Məsələn, dənizkənarı milli parkdan metronun İçərişəhər stansiyası ətrafından, Badamdar istiqamətindən bayrağımızın dalğalandığına tamaşa etmək olar. Əslində dünyanın ən böyük bayraq dirəyində Azərbaycan bayrağını seyr edərkən qurur duymamaq mümkün deyil.

Xatırladaq ki, Dövlət bayrağı meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında ölkə başçısı İlham Əliyevin iştirakı ilə qoyulub.

ABŞ “Trident support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın şirkəti həyata keçirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.ANS

Zaman.az