Dünən bir neçə oxucum zəng edib məndən möhkəm incidiklərini söylədi. Nə var, nə var, mən onların qaldırdıqları problemlərə köşəmdə yer vermirəm. Boynuma alıram ki, səhv etmişəm. Amma Məşədi İbad demişkən, bir o qədər də yox. Nədən ki, həmin oxucularım sadə, adi məsələlərdən Amerika açmaq istəyirlər. Məsələn, Kəlbəcər köçkünü Camal kişi yazır ki, mənzilindən iki min manat oğurlanıb. Hadisədən xeyli keçməsinə baxmayaraq, cinayətin üstü hələ açılmayıb. Yazdığına görə, əməliyyatçılardan biri oğrunun tapılması üçün onlara “şirinlik” verməsini tələb edib. Adama deyən gərək, ay Camal kişi, əməliyyatçı sizdən fil istəməyib, dəvə istəməyib, adi bir şirinlik istəyib. İstəyib, verin də... İndi siz şirinlik vermirsiniz deyə, o da qolunu çırmalayıb işə başlamır deyə mən o şanlı polisimizin nümayəndəsini quru yuyub yaş sərməliyəm? Axı, bu heç insafdan deyil. Bir də, ay Camal kişi, məgər bilmirsiniz ki, bizim məmləkətdə belə şirinliklər adi şeydir... Sizi inandırım, şəxsən mən adi iş üçün belə bu və ya digər idarəyə girəndə oradakılara şirinlik verməyəndə özümü pis hiss edirəm. Nədən ki, artıq adətkarda olmuşam. İnandırım sizi, bir gün kimsə verdiyim şirinlikdən imtina etsə, vallah-billah, ürəyim partlayar e... Elə bilərəm ki, bu hərəkəti ilə məni təhqir edir... Siz isə, ay Camal kişi, başlamısınız ki...

Başqa birisi - Hüseynbala kişi görün nə yazır: “İcra başçısı ilə kəllə-kəlləyə gələndən gen dünya başıma dar olub. Daha doğrusu, 4 dükanım yerlə-yeksan olunub. İkisinin də qapıları qıfıllıdır. Onların da dağıdılma təhlükəsi var”. Ay Hüseynbala kişi, ay sahibkar kişi, vallah-billah, qəribə adamsınız e... İlin-günün bu çağında məgər o boyda rayonda kəllə-kəlləyə gəlməyə adam tapmadınız? Burada deyiblər də... keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər. İndi deyirsiniz ki, mən sizin bu kəllələşməyinizi aləmə car çəkim? Məgər, bir sahibkar kimi bilmirsinizmi ki, indi icra başçısı, yaxud daha imkanlı əlini hansı obyektin üstünə qoysa, həmin obyekt avtomatik şəkildə onun adına keçirilməlidir? Bəs siz nə etmisiniz? Başlamısınız o boyda kişi ilə əngə verməyə, söz güləşdirməyə... Halbuki, o məqamda o başçıya demək lazım idi ki, mən nə deyirəm ki, qoy sənin olsun... Ay Hüseynbala kişi, nədən belə etməmisiniz? Məgər, bilmirsiniz ki, indi onların bir sözünü iki edənin anası ağlar qalır? Balam, nə deyirlər, “baş üstə” de də... Nədənsə, burada bu yaxınlarda bir məclisdə eşitdiyim ibrətamiz bir hekayət yadıma düşdü. Qoy onu da nəql edim: Şah bir gün qullarından birini sarayın həyətində ağlayan görür. Ona yaxınlaşıb bu qəmginliliyinin səbəbini soruşur. Qul əvvəlcə öz dərdini deməkdən imtina edir, sonra utana-utana: “Şah sağ olsun, aşiq olmuşam”, - deyə cavab verir. Şah kimə aşiq olduğunu soruşanda qul baş əyib dillənir: “Şah sağ olsun, kimə siz buyursanız...” Nə isə... başqa birisi də yazır ki, bəs paytaxtın Nərimanov rayonu Mirzəbala Məmmədzadə 15 a ünvanında yaşayır. Binalarının qarşısında bu günlərdə “Çay evi” adı altında bir obyekt fəaliyyətə başlayıb. Əslində isə həmin obyektdə spirtli içkilər meydan sulayır. Həmin “təam”lardan dadanlar da öz maraqlı konsert proqramları ilə səhərə qədər camaatın yuxusuna haram qatırlar. Lakin həmin adam bu barədə hələlik yuxarılara şikayət etmək fikrində deyil. Çünki qorxur ki, şikayət etsə, onu həmin adamların oxuduqlarına axıra qədər qulaq asmamaqda günahlandırarlar. Vallah, kim nə deyir desin, elə düzünü o edir. Nədən ki, yuxarılara şikayət edib urvatsız olmaqdansa, susmaq yaxşıdır.

Zaman