Yola salmaqda olduğumuz həftənin ən böyük hadisəsi Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanması oldu. Bu müqavilənin Rusiya ilə Ermənistan arasında imzalanan və Gümrüdə yerləşən Rusiya hərbi bazasının dislokasiya müddətinin uzadılmasını nəzərdə tutan protokolun imzalanması ərəfəsində gündəmə gəlməsi birmənalı qarşılanmadı. Türkiyənin bu addımının məhz Rusiya-Ermənistan müttəfiqliyinə qarşı atıldığı qənaətində olanlar çoxluq təşkil edir.

Bu müqavilə imzalansaydı da, imzalanmasaydı da, dəyişməyən həqiqət budur ki, Azərbaycan və Türkiyə ən yaxın müttəfiqlərdir. Sadəcə olaraq, həmin müqavilə bu müttəfiqliyi hüquqiləşdirmiş oldu.

Müqavilənin məzmununun nədən ibarət olması barədə açıqlama verilmədi. Əslində bu tipli müqavilələrin məzmunu açıqlanmır da. Çünki söhbət strateji məsələlərdən və bu məsələlər çərçivəsində qarşılıqlı yardımdan gedir. Belə müqavilələri məxfi saxlamaq daha məqsədəuyğundur.

Bununla belə, müqavilənin məzmunu haqqında müxtəlif fikirlər səsləndirildi. Kimisi bu sənədin əsasən hərbi mahiyyət daşıdığını iddia etdi, kimisi isə sənəddə hərbi yardımlaşmadan söhbət getmədiyini söylədi.

Ancaq müqavilənin adından aydın olur ki, “qarşılıqlı yardım” ifadəsi ümumi mənada işlədilib və burada yardımın bütün formaları nəzərdə tutula bilər. Mən də bu qənaətdəyəm ki, sənəddə qeyd olunan “qarşılıqlı yardım” ifadəsinin əsas hissəsini məhz hərbi yardımlaşma təşkil edir.

Niyə? Əslində “niyə”si aydındır. Rusiya-Ermənistan yaxınlaşmasına (yalnız hərbi deyil, bütün sahələrdə) adekvat olaraq atılacaq yeganə addım Türkiyə-Azərbaycan yaxınlaşmasıdır. Daha doğrusu, Ermənistanın lehinə atılan hər bir addımdan sonra Türkiyə də Azərbaycanın yanında olduğunu nümayiş etdirməlidir və etdirir də. Bu müqavilə də məhz bu “nümayiş”in əsəridir.

Digər tərəfdən, xatırlayırsınızsa, bu ilin iyun ayında Azərbaycan Respublikasının Hərbi doktrinası təsdiqləndi. İki qardaş ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin də məhz hərbi doktrina qəbul edildikdən sonra imzalanmasını təsadüfi hesab etməzdim.

Xatırladım ki, hərbi doktrinamızın 29-cu maddəsində yazılıb: “Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

Həm doktrinanın bu maddəsi, həm də sözügedən müqavilə (təbii ki, bu müqavilədə Azərbaycan və Türkiyə arasında yüksəksəviyyəli hərbi əməkdaşlıq məsələləri öz əksini tapıbsa) qardaş Türkiyənin Azərbaycana hərbi yardım etməsinə, hətta qoşun göndərməsinə və burada hərbi hissə saxlamasına tam icazə verir.

Müqavilədə yuvarlaq və ümumiləşdirilmiş ifadələrdən istifadə olunması olduqca normal qarşılanmalıdır. Əlbəttə ki, bu ehtiyatlı yanaşma Ermənistanla bağlı deyil. Unutmaq olmaz ki, Azərbaycanın qonşuluğunda Rusiya və İran kimi təhdidlər var və bu ölkələr həmişə Türkiyənin Azərbaycanla hərbi sahədə əməkdaşlığını genişləndirməsinə və dərinləşdirməsinə razı olmayıblar. Bu ölkələr həmişə Türkiyə-Azərbaycan yaxınlaşmasından narahat olublar və hər fürsət düşəndə aranı qarışdırmağa cəhd göstəriblər. Yaxın keçmişdə Azərbaycan və Türkiyə arasında baş vermiş və “bayraq qalmaqalı” ilə müşayiət olunmuş incikliyi hər halda unutmamışıq.

Bu səbəblərdən iki qardaş ölkə arasında imzalanmış bu müqaviləni daha çox “ehtiyatlı və məqsədyönlü müttəfiqlik” adlandırmaq daha doğru olardı, məncə.

Zaman