Son həftələr Pakistanda baş verən və yüz minlərlə insanı evsiz-eşiksiz qoyan təbii fəlakətin gətirdiyi dəhşət beynəlxalq aləmi sarsıtmaqda davam edir. Təbii fəlakət nəticəsində yüzlərlə kənd yer üzündən silinib, on min hektardan çox torpaq sahəsi yararasız hala düşüb, təxminən 15-20 milyon nəfər evsiz-eşiksiz qalıb. Təxminən 200 min kvadratkilometr ərazi yaşayış üçün yararlı olmayan vəziyyətə düşüb. Fəlakət zonasını ziyarət edən BMT Baş katibi Ban Ki Mun gördüklərindən dəhşətə gələrək dünya ölkələrini təcili şəkildə Pakistana humanitar yardım göstərməyə çağırıb. Amma qəribə olsa da, donor ölkələr Pakistana əsaslı kömək üçün hələlik tələsmirlər. Həmin ölkələr bu günədək Pakistana cəmi 230 milyon dollar humanitar yardım ayırıblar ki, bu da olduqca azdır. Halbuki, donor ölkələr 3 milyard dollar ayırmağı planlaşdırblar. Müqayisə üçün deyək ki, ərazisinə görə Pakistandan qat-qat balaca olan Haitidə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün donor ölkələr 30 milyard dollardan çox vəsait ayırmışdılar. İlkin hesablamalara görə, Pakistana bu fəlakətin nəticələrini aradan qaldırmaq üçün ən azı 50-60 milyard ABŞ dolları lazım gələcək. Bu qədər vəsaiti Pakistanın özünün tapması çox çətin məsələdir. Bu isə qarşıdan gələn payız-qış aylarında milyonlarla insanın aclıq və soyuqdan zərər çəkəcəyi ehtimalını artırır.

Donor təşkilatların Pakistanda baş verənləri olduqca soyuqqanlıqla izlədiyi bir vaxtda, ümid yenə də qardaş müsəlman ölkələrinə qalır. Təəssüf ki, bir neçə islam ölkəsini çıxmaq şərti ilə, digər müsəlman dövlətləri bu işdə bir o qədər də maraqlı görünmürlər. Bəlkə, bunda qeyri-adi nə isə axtarmaq da düz deyil. Amma unutmayaq ki, bu günədək müsəlmanların başına gələn və gətirilən bütün faciələrin kökü məhz onların sıx yaşadığı ölkələr arasında həmrəyliyin olmamasıilə bağlı olub. Halbuki, müsəlman ölkələri öz aralarında azacıq da olsa həmrəylik nümayiş etdirmiş olsaydılar, bu gün nə Fələstində, nə Qarabağda, nə də digər ölkələrdə milyonlarla insan supergüclərin oynadığı çirkin oyunların qurbanına çevrilməzdi. Bəlkə də, müsəlman ölkələri arasında həmrəyliyin olmamasının nəticəsidir ki, son illərdə müxtəlif fəlakətlərdən onlar daha çox əziyyət çəkirlər. Son illərdə baş verən güclü təbii fəlakətlər, bəlkə də, Allahın bizi sınağa çəkməsidir? Bilmirəm, ancaq bu bir həqiqətdir ki, bu gün təbii fəlakətlərdən daha çox müsəlman ölkələrində yaşayan insanlar əziyyət çəkirlər və hər il on minlərlə insan bu sınaqların qurbanına çevrilirlər. Təbii fəlakətlər nəticəsində dəyən maddi zərər isə yüz milyard dollarla ölçülür. Yenə də istər-istəməz belə bir sual ortaya çıxır: niyə məhz müsəlman ölkələri daha çox təbii fəlakətlərdən əziyyət çəkirlər? Bəlkə, bu, mətbuatda dəfələrlə gedən informasiyalara görə supergüclərdən birinin tektonik silahdan istifadəsinin nəticəsidir? Bu suala birmənalı şəkildə cavab vermək çətindir. Çünki son illərdə güclü təbii fəlakətlər məhz ABŞ-ın maraqlarına uyğun siyasət yeritməyən və ya ona arxa çevirən ölkələrdə baş verir. Məsələn, ABŞ Əfqanıstana hücumu ərəfəsində adı çəkilən ölkəni yeraltı təkanlar mərkəzinə almışdı. Bunun ardınca ABŞ-ın “şər ölkəsi” elan etdiyi İran da zəlzələlərdən sarsılmağa başladı. Bura İndoneziyanı da əlavə edəndə bir reallıq ortaya çıxır. Bir-birinin ardınca baş verən təbii fəlakətlər inkişaf etməkdə olan islam ölkələrini yüksəlişdən on illərlə geri salır. Onu da deyək ki, bir neçə il əvvəl Haitidə baş verən zəlzələlərdə də ABŞ-ın adı hallandırıldı. Belə ki, Haitini idarə edənlər ABŞ-ın ölkədə at oynatmasına qarşı çıxmağa özlərində cəsarət tapmışdılar. Doğrudanmı yer üzünü cənginə alan təbii fəlakətlər təbii proseslərin, yoxsa tektonik silahın tətbiqinin nəticəsidir? Hər halda, bu suala tez-gec cavab tapılacaq...

Zaman