Tibbdə yeni eranın başlandığı elan edildi.

Elmdə əsl inqilab baş verib. Alimlər sintetik genoma malik ilk orqanizmi yaratmağa müvəffəq olublar. Lent.az-ın “Nature News”ə istinadən verdiyi məlumata görə, bununla bağlı “Science” jurnalında məqalə dərc olunub.

Kreyq Venterin başçılıq etdiyi tədqiqatçılar qrupu “Mycoplasma” tipli bakteriya üzərində işləyiblər. Sintetik genomlu orqanizmin yaradılmasının eksperiment sxemi aşağıdakı kimi olub: alimlər “Mycoplasma mycoides”in DNT-sinin tam genom ardıcıllığını əldə ediblər, sonra isə bu məlumatların əsasında kimyəvi yolla bakteriyanın genomunu yaradıblar. Mütəxəssislər “Mycoplasma capricolum”un öz genomunu çıxararaq alınan DNT-ni bakteriyanın hüceyrələrinə yerləşdiriblər. Alınan hibridin xarakteristikasını analiz edən mütəxəssislər onun “M. Mycoides” xüsusiyyətlərinə malik olub-olmadığını araşdırıblar.

“Mycoplasma” bakteriyasının geniomu böyük olmasa da (təxminən milyon nukleotid), onu bilavasitə kimyəvi yolla yaratmaq hələlik mümkün deyil. Çünki bir neçə yüz min nukleotiddən ibarət DNT zənciri qırılır. Alimlər “M. mycoides” genoumunu tam şəkildə almaq üçün əvvəlcə onun ayrı-ayrı fraqmentlərini sintez ediblər, sonra isə onları birləşdiriblər. Onları birləşdirmək üçün digər bakteriyaların hüceyrələrindən istifadə olunub.

Venter və həmkarları tam genomu əldə edəndən, onların düzgün birləşdirildiyinə və DNT-dən fraqmentlərin qopub düşmədiyinə əmin olandan sonra, genom “M. mycoides”in hüceyrəsinə yerləşdirilib. Xarici görünüşünə görə, hibrid adi “M. mycoides”dən fərqlənməyib. Əlavə tədqiqatlar da süni orqanizmin təbii orqanizmdən fərqlənmədiyinə göstərib.

Alimlər qeyd edirlər ki, bu, elmdə əsl sensasiyadır və bir çox kəşflərin, tibbi müalicələrin əsasını qoyacaq. Bununla yanaşı, bəzi alimlər bəşəriyyətin hələlik belə bir yeniliyə hazır olmadığını da vurğulayırlar.