Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasının sədri Murad Mərcan ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində baş verənləri komediya adlandırıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, komitənin “erməni soyqırımı” yalanını qəbul etməsindən sonra Türkiyənin Vaşinqtondakı səfirliyində Böyük Millət Məclisinin nümayəndə heyətinin üzvləri ilə birlikdə mətbuat konfransı keçirən M. Mərcan bəyan edib ki, ABŞ Konqresində ortaya çıxan nəticə nə olursa olsun, Türkiyə heç nə itirməyəcək, başqaları da bir şey qazanmayacaq: “Qazanan sadəcə, Amerikada yaşayan bir ovuc erməni diasporasıdır. Onlar bölgədə sabitlik yolunda xoş niyyətlə aparılan siyasəti baltalayıblar”.

Türkiyənin hakim partiyasının (AKP) nümayəndəsi M. Mərcan Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində keçirilən səsvermə zamanı bəzi konqresmenlərə təzyiq göstərildiyini söyləyib: “Mənim şəxsi qənaətim budur ki, bir komediya sərgiləndi. Reqlamentin bəzi boşluqlarından istifadə edərək səsvermə prosesini həddən çox və lazımsız şəkildə uzatdılar. Səsverməyə qatılmayan bəzi millət vəkillərinə təzyiq göstərildi. Arada komitənin sədri Berman bayıra çıxdı, çünki 4 millət vəkili iclasda yox idi. Bu fasilədə sədr onlara təzyiq göstərdi. Bu təzyiqin nəticəsində də belə bir nəticə ortaya çıxdı. Layihə 1 səs fərqlə qəbul edildi, indi bunu necə qiymətləndirək, tarixi gerçəkliyin qəbulu kimi? Layihə 1 səs fərqlə qəbul olunmasaydı, necə qiymətləndirmək lazım gələcəkdi? Bu, başdan ayağa komediyadır. Bu layihə tamamilə birtərəfli qaydada hazırlanıb, tarix təhrif olunub. Bizim bununla razılaşmamız mümkün deyil. Bu layihə ilə bağlı hər hansı izahat verməyimizi mən millətimizin şanlı tarixinə yaraşdırmaram. Amerikalılar komediya filmlərini və sitkomları çox sevirlər”.