Yanaşı duran atomlar dərhal reaksiyaya girsəydilər, nə olardı?

Az öncə bütün kainatın 109 fərqli elementin atomlarının bir-birlərilə reaksiyaya girmələri nəticəsində yarandığını demişdik. Amma burada diqət yetirilməsi gərəkən çox incə və son dərəcə ciddi bir məqam var ki, o da reaksiyanın baş tutması üçün uyğun şəraitin tələb olunmasıdır.

Məsələn, hər dəfə oksigenlə hidrogen bir araya gələndə su yaranmaz. Ya da dəmir havayla toxunan kimi paslanmaz. Əgər belə olsaydı, bərk və parlaq metal olan dəmir bir neçə saniyə içində dəmir-oksid tozuna dönərdi. Əgər bir-birlərilə rastlaşan atomlar istənilən şəraitdə dərhal reaksiyaya girsəydilər, hətta stula oturmağımız belə mümkün olmazdı, çünki vücudumuzu yaradan atomlarla stulu yaradan atomlar bir-birlərilə reaksiyaya girər və yarı insan-yarı stul bir varlıq (!) əmələ gələrdi. Şübhəsiz ki, belə bir dünyada canlı həyat heç vaxt mövcud olmazdı. Bəs bütün bunların baş verməsi necə əngəllənir?

Məsələn, hidrogenlə oksigen normal otaq temperaturunda olduqca ləng reaksiyaya girirlər, yəni otaq temperaturunda su olduqca ləng yaranır. Amma temperatur artdıqca molekulların və dolayısıyla, reaksiyanın da sürəti artır, yəni su daha tez əmələ gəlir. Ümumiyyətlə, atomların reaksiyaya girmələri üçün gərəkən enerjinin miqdarı "aktivləşmə həddi" deyilən həddən yuxarı olmalıdır. Su misalından da göründüyü kimi, enerji yalnız müəyyən göstəricini keçdikdən sonra reaksiya başlayır.

Təsəvvür edin ki, Yer üzündəki temperatur bir az daha yüksək olsaydı, atomlar asanlıqla reaksiyaya girər və təbiətdəki tarazlıq pozulardı. Temperatur az olsaydı, yenə də tarazlıq qorunmazdı, çünki atomlar reaksiyaya girməzdilər. Demək, Yerin Günəşdən məsafəsi tamamilə canlıların yaşamasına uyğun ölçüdədir. Amma məsələ bununla yekunlaşmır - Yer oxunun meylliyi, planetin kütləsi, səthinin sahəsi, atmosferindəki qazların nisbəti, təbii peyki Ay ilə olan məsafə,- bunların hamısı məhz Yer üzündəki həyatın davam etməsi üçün ən uyğun şəkildə hesablanıb. Əlbəttə ki, bütün bu faktorlar qətiyyən təsadüf nəticəsində yarana bilməzdi, onları canlı aləmin xüsusiyyətlərini, həyati ehtiyaclarını gözəl bilən və üstün bir qüdrət sahibi olan Allah yaradıb. Bunu danmaq sadəcə olaraq, mümkün deyil.

Ən əvvəldə də bildirdiyimiz kimi, bu məsələlərdə "niyə", "necə", "nə üçün" kimi sualların heç bir anlamı yoxdur. Əslində, burada yalnız bircə sual qoyulmalıdır: "Kim edib?" Bu sualın cavabı materialist elm adamları üçün dərin bir müəmma olsa da, imanlı insanlar üçün tamamilə aydındır - Böyük Qüdrət və Qüvvət sahibi olan Allah! "Şübhəsiz, Allah hər şeyin hesabını dəqiq yaradandır" ("Nisa" surəsi, 86) ayəsində də bildirildiyi kimi, Allah hər şeyi çox həssas bir düzən, tarazlıq və hesabla qurub.
(harun yahya Atom möcüzƏsi)