CANLANAN ATOMLAR

Bura qədər maddənin necə yoxdan var olmasından və onu əmələ gətirən atomlardan danışdıq. Və dedik ki, canlı-cansız nə varsa, hamısı atomlardan ibarətdir. Atomlar özləri cansız varlıq olduqları üçün, canlıları meydana gətirmələri son dərəcə heyrətamizdir. Təkamül təlimini qəbul edən alimlər bunu izah etməkdə həmişə aciz qalırlar. Bir araya gələn daş parçalarının canlı varlıq əmələ gətirmələri absurd olduğu kimi, cansız atomların birləşərək, öz-özünə canlı varlıqlar yaratmaları da mümkünsüzdür. Bir daş parçasını və kəpənəyi gözünüz önündə canlandırın. Biri cansızdır, digəri canlı. Amma quruluşuna, təməlinə baxanda, hər ikisi "atom" adlanan eyni hissəciklərdən yaranıb.

Cansız maddənin öz-özünə canlıya dönməyəcəyilə bağlı belə bir misal da çəkmək olar. Alüminum uça bilərmi? Təbii ki, xeyr. Bəs alüminumu plastik maddə və benzinlə qarışdırsaq necə, uçarmı? Yenə də yox. Ancaq əgər bu maddələrdən bir təyyarə düzəltsək, o zaman uça bilər. Bəs həmin təyyarənin uçması nəyin sayəsində mümkün oldu? Qanadlarınmı? Mühərrikinmi? Pilotunmu? Xeyr, çünki onların heç biri özbaşına uça bilməzlər. Təyyarə uçmaq qabiliyyəti olmayan ayrı-ayrı hissələrin müəyyən plan və layihə ilə xüsusi formada birləşdirilməsinin nəticəsində uçur! Uçmaq qabiliyyəti nə alüminiumdan, nə plastikdən, nə də benzindən gəlir. Düzdür, bu maddələrin xüsusiyyətləri vacibdir, ancaq məhz uçmaq qabiliyyəti onların xüsusi layihə nəticəsində bir araya gətirilməsi sayəsində qazanılır.

Canlı sistemlər də eynən bu cürdürlər. Bir canlı hüceyrəsi də cansız atomların xüsusi şəkildə bir araya gətirilməsi nəticəsində yaranır. Canlı hüceyrələrin böyümə, çoxalma və buna bənzər digər özəllikləri molekulların xüsusiyyətindən deyil, onların mükəmməl şəkildə birləşdirilməsindən irəli gəlir. Bu isə Allahın ölüdən dirini yaratmasından başqa bir şey deyil:
"Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı Siz ondan nə cür üz döndərirsiniz?" ("Ənam" surəsi, 95).




Yuxarıda gördüyünüz plastik, alüminium, polad kimi maddələr uça bilərlərmi? Xeyr. Onları bir araya gətirsəniz, yenə də uça bilməzlər. Təyyarə isə bu məddələrin xüsusi şəkildə, elmli bir layihə və plan əsasında birləşdirilməsindən yaradılıb. Uçmaq qabiliyyəti nə plastikdən, nə alüminiumdan, nə də poladdan gəlir. Onların xüsusiyyətlərinin hər biri özlüyündə çox önəmlidirlər, amma məhz uçmaq üçün onlar elmli bir layihə və plan əsasında birləşdirilməlidirlər. Canlı sistemlər də eynən belədir - canlı hüceyrə cansız atomların elmli şəkildə və xüsusi bir layihəylə birləşdirilməsi nəticəsində yaranıb.


Cansız bir maddə canlı varlığa ancaq üstün güc və ağıl sahibi olan Allah tərəfindən döndərilə bilər; yəni bir canlı ancaq yaradıla bilər. Canlı sistemlər elə kompleks quruluşa sahibdirlər ki, bu günün texnoloji imkanlarına rəğmən, hələ də necə işlədikləri tam anlaşılmayıb. Fəqət XX əsrdə başgicəlləndirici sürətlə inkişaf edən elm və texnologiya bir gerçəyi aşkara çıxarıb: canlılar son dərəcə kompleks quruluşa sahibdirlər. XIX əsrin ortalarında Təkamül təlimi ortaya atılanda ibtidai mikroskoplarla aparılan araşdırmalar hüceyrənin sadəcə bəsit bir ləkədən ibarət olduğunu göstərirdi. XX əsrin mükəmməl texnoloji vasitələri, elektron mikroskoplar isə sübut etdi ki, canlı varlıqları əmələ gətirən hüceyrələr xeyli mürəkkəb, kompleks bir orqanizmdirlər və ancaq mükəmməl layihə əsasında yaradıla bilərlər. Ən əsası, bu araşdırmalar cansız maddələrin qətiyyən öz-özünə canlı varlıq yarada bilməyəcəyini ortaya qoydu. Canlı ancaq canlıdan yarana bilər. Bu, təcrübə yoluyla da isbatlanıb.39 Təkamül təlimini qəbul edənlərin bu sualların qarşısında təslim olmaqdan başqa yolları yoxdur. Buna görə həmin dəstədən olan məşhur alimlər elmi fikir yürütmək əvəzinə, boş-boş nağıllarla gözdən pərdə asmağa çalışırlar. Məsələn, maddənin özünün şüuru, qabiliyyəti, iradəsi olması haqda qeyri-elmi və qeyri-ciddi iddialar irəli sürürlər. Əslində isə bu səfehləmələrə heç özləri də inanmır və cavab verilməsi gərəkən elmi sualların qarşısında aciz qaldıqlarını etiraf edirlər:

“Həyat yaranmamışdan öncə Yer kürəsi boş və kimsəsiz idi. İndisə Yerdə həyat qaynaşır. Bu, necə oldu? Karbon əsasında yaranan üzvi molekullar necə canlandılar? İlk canlı orqanizmlər necə yarandılar? Həyat necə təkamül keçdi ki, çağdaş insanlar kimi mürəkkəb və mükəmməl canlılar meydana çıxdı?”40

“Təkamül nəzəriyyəsinin çözə bilmədiyi çox ciddi məsələlər var: maddə haradan yarandı? Kainat və dünya indiki şəklini necə qazandı? Cansız maddə öz-özünə kompleks canlı molekullara necə çevrildi?”41


“Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız.” ("Bəqərə" surəsi, 28).


Sitatları gətirilən təkamülçü alimlərin də etiraf etdikləri kimi, Təkamül nəzəriyyəsinin əsas və yeganə məqsədi canlıların Allah tərəfindən yaradıldığını danmaqdır. Ancaq kainatın hər nöqtəsində Yaradılış Gerçəyi son dərəcə açıq bir şəkildə göründüyü üçün, onun hər bir detalı qətiyyən təsadüf nəticəsində yarana bilməyəcək qədər mükəmməl olduğu üçün təkamülçülər boş-boş iddialardan başqa ortaya heç nə qoya bilmirlər.

Günümüzün ən çılğın təkamülçü alimlərindən biri olan Riçard Doukins (Richard Dawkins) isə bu sözlərilə məqsədsiz təsadüflərin nəyisə yarada biləcəyinin mümkünsüzlüyünü və bu mümkünsüzlüyə qarşı yeganə alternativin təbiətdən üstün bir qüvvə olduğunu etiraf edib: "Bir şeyin yaradılışının mürəkkəbliyi və kompleksliyi ortaya çıxdıqca, onun təsadüf nəticəsində yaranmasına inam da azalır. Və əgər təsadüf yoxdursa, onun yeganə alternativi Ağıllı bir Qurucunun varlığıdır".42


Bu şəkilin nə qədər anlamsız olduğu göz önündədir. Günümüzdə hər kəs təbiətdəki daş parçalarının qurbağa və ya balığa dönməsinin mümkünsüzlüyünü bilir. Əlbəttə ki, cansız maddədən canlının yaranması mümkün deyil. Canlı ancaq canlıdan törəyir. Bu isə canlı varlıqların guya cansız maddələrdən yarandığını iddia edən təkamül təlimini darmadağın edir.

Amma təkamülçü alimlər bu gerçəyi qəbul etməkdənsə, cansız maddənin öz-özünü cana gətirdiyini deməklə gülünc vəziyyətə düşürlər. Atomların özbaşına birləşərək, canlı varlıq yaratmaları haqda bütün fikirlərin təbii ki, heç bir elmi əsası yoxdur və ola da bilməz. Bu nağılların nə qədər mənasız olduğunu əyani şəkildə göstərmək üçün bir misal çəkək. Demək, təkamülçülər canlı aləmin yaranmasını belə izah edirlər: Böyük Partlamdan sonra necə olubsa, atomlar yaranıblar. Özü də çox incə hesabla, çox həssas tarazlıqları gözləməklə... Sonra onların bir qismi fəzadakı ulduzları, qalaktikaları, bir qismi də Yeri əmələ gətirib. Yeri əmələ gətirən atomların bir qismi daşı, torpağı formalaşdırarkən, birdən-birə canlı varlıq yaratmağa qərar veriblər. Öncə onlar son dərəcə kompleks quruluşu olan hüceyrələri qurublar, sonra da onları ikiyə bölərək çoxaldıblar. Lap axırda isə eşitməyə, danışmağa başlayıblar. Vaxt gəlib, bu atomlar universitet professoruna dönərək, özləri-özlərini mikroskop altında araşdırıb, təsadüf nəticəsində yarandıqlarını iddia ediblər. Atomların bəziləri körpülər, göydələnlər inşa edən mühəndisləri, bəziləri təyyarələri, süni peykləri quran konstruktorları yaradıblar, bir hissəsi də kimya və fizika üzrə ixtisaslaşıb. Karbon, maqnezium, fosfor, dəmir və s. kimi atomlar isə bir araya gələrək, fövqəladə və hələ də sonadək kəşf edilməmiş bir orqanı - eyni formalaşdırıblar. Bu beyinlər hətta çağdaş texnika üçün də əlçatmaz olan özəlliklərə, üç ölçülü görmə qabiliyyətinə sahib olublar. Atomların bir hissəsi aktyorları, bir hissəsi bəstəkarları və digər sənətçiləri yaradıblar.


Bu misalları bir az da uzatmaq olar, amma belə bir şeyin heç vaxt baş tutmayacağını daha aşkar göstərmək üçün xüsusi təcrübə keçirək: canlı orqanizmi yaratmaq üçün gərəkən bütün maddələrin atomlarını bir fincanın içinə yığaq.


Təkamülçülər bu atomların birləşərək canlı maddələr yaratması üçün nəyi vacib sayırlarsa, onları da əlavə edək. Lap 100 il, 1000 il, 1000000 il də gözlənilsə, günlərin birində bu fincandan professor çıxa bilərmi? Əlbəttə, yox! Oradan nəinki professor, ümumiyyətlə, heç bir canlı varlıq çıxmaz. Nəinki quşlar, balıqlar, kəpənəklər, almalar, fillər, güllər, ağaclar, qarışqalar, çiyələklər, portağallar, heç bir milçək belə çıxmaz. Çünki cansız maddələrin milyonu da bir araya gəlsə, canlı yarada bilməz. Gəlin görək, şüursuz atomlar həyatın özülü olan DNT molekulunu və züllalları necə yarada bilərdilər? DNT (Dezoksiribonuklein turşusu) hüceyrənin nüvəsində yerləşərək, insan orqanizminə aid bütün informasiyanı özündə saxlayır. Bu informasiya o qədər mürəkkəb şəkildə şifrələnib ki, ancaq 1940-cı illərdən sonra elm adamları ondan müəyyən qədər baş çıxara biliblər. DNT aid olduğu canlıya dair bütün informasiyaları daşımaqla yanaşı, özü-özünü çoxalda bilir. Əgər atomlar sadəcə bir araya gələrək molekulları yaradıblarsa, onda DNT molekulu bu bilgiləri haradan öyrənib və necə daşıyır, üstəlik, hələ çoxaldır da? Bu suala cavab verən yoxdur.


Canlı hüceyrələrə aid bütün bilgiləri qüsursuz bir şifrə sistemilə özündə daşıyan DNT molekulu son dərəcə kompleks quruluşa sahibdir. Bu molekulun mükəmməl yaradılışı onun təsadüfən meydana gəlməsi haqqında iddiaları puça çıxarır.

Zülallar isə canlıların yarandığı əsas "material" olmaqla yanaşı, orqanizmin həyati funksiyalarının çoxunda aparıcı rol oynayırlar. Məsələn, qanın tərkibindəki hemoqlobin zülalı orqanizmin hər yerinə oksigen daşıyır, immun sistemimizdəki züllallar orqanizmə girən mikrobları zərərsizləşdirir, bir başqa növ zülallar isə yediklərimizin həzm olunmasını təmin edir... DNT-mizdə təxminən 50 min fərqli zülalın necə yaradılmasına dair proqramları var. Zülallar, dediyimiz kimi, canlıların yaşaması üçün çox böyük önəmə sahibdirlər və onlardan təkcə birinin olmaması orqanizmin yaşamasını mümkünsüz edər. İri molekullar olan DNT-nin öz-özünə, təsadüf nəticəsində yaranması isə, elm də göstərir ki, baş tuta bilməz. DNT xüsusi şəkildə birləşən nukleotidlər, ümumilikdə zülallar isə yenə də xüsusi şəkildə birləşən aminturşular silsiləsidirlər. Hər şey bir qırağa, amma canlıların yaşamının təməl daşı olan DNT və zülalların təsadüf nəticəsində belə düzənlənmələri riyazi olaraq mümkün deyil. Hesablamalar göstərir ki, hətta ən bəsit zülal molekulunun da təsadüf nəticəsində yaranması ehtimalı sıfıra bərabərdir (bu barədə daha geniş bilgi üçün Harun Yəhyanın "Təkamül yalanı" kitabına baxın). Bu riyazi imkansızlıqla yanaşı, həmin molekulların təsadüfən yaranması kimyəvi cəhətdən də baş tuta bilməz: əgər DNT və zülalların yaranması prosesi zaman və təbii şərait baxımından tənzimlənməsəydi, onlar sadəcə olaraq bir-birlərilə reaksiyaya girər (çünki bu iki maddə öz aralarında reaksiyaya girməyə çox meyillidirlər) və heç biri indiki şəklində mövcud olmazdı. Nəticədə DNT və zülallar canlı varlıqları əmələ gətirmək yerinə müxtəlif maddələr ortaya çıxarardılar. Yəni bu ikisinin girə biləcəyi BÜTÜN reaksiyalar canlı aləmi ortaya çıxarmayan, YANLIŞ reaksiyalardır. Əgər zamana və təsadüfə qalsaydı, canlı aləmi yaratmaq hələ bir yana dursun, DNT ilə zülallar onu yox edəcək bir reaksiyaya girə bilərdilər.43

“Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət, hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!” ("Hədid" surəsi, 1-2).

Göründüyü kimi, nə DNT-nin və zülalların yaranması, nə də onların canlı aləmi yaratmaq üçün qatıldıqların proseslərin sonrakı inkişafı təsadüf nəticəsində heç vaxt uğurlu gedə bilməzdi. Günümüzün ünlü alimlərindən olan Jan Qutton (Yean Guitton) "Tanrı və Elm" adlı kitabında bu məsələnin mümkünsüzlüyünü belə vurğulayır:

“Hansı təsadüf sonucunda bəzi atomlar bir-birlərilə rastlaşaraq, amin turşularının molekullarını yarada bilərdilər? Hansı təsadüf həmin molekulları bir araya gətirib, DNT kimi mürəkkəb sistemi ortaya çıxara bilərdi? Biologiya alimi Fransua Yakobun (Francois Yacob) verdiyi sualı mən də təkrarlayıram: ilk canlı hüceyrənin yaranmasını təmin edəcək ilk informasiyanı verən ilk DNT molekulunun planını kim hazırlayıb? Əgər təsadüflərə dayansaq, nə bu, nə də başqa sualları cavablandırmaq mümkün olacaq. Buna görə də, son illər biologiya bilginləri fikirlərini dəyişməyə başlayıblar. Çoxları Darvinin dediklərinin mənasız olduğunu açıq-aşkar anlamağa başlayıb. Və başa düşüblər ki, məsələyə maddədən üstün, onu düzənləyən bir qüvvə qarışmasaydı, iş keçməzdi".44

“Göylərdə və yerdə olan canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! Onlar öz üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!” ("Nəhl" surəsi, 49-50).

Jan Quttonun da dediyi kimi, XX əsrdə aparılan araşdırmalar və elmi kəşflərin işığında alimlər Darvinin təkamül nəzəriyyəsinin heç bir kəsərinin olmadığını qəti şəkildə yəqinləşdiribdər. Amerikalı bioloq Maykl Bey (Michael Behe) "Darvinin qara qutusu" adlı kitabında bununla bağlı yazır:

“Elm həyatın kimyasının necə formalaşdığını anlamaq üçün çox cəhdlər edib. Fəqət bioloji sistemlərin molekullar səviyyəsindəki həssas düzən və mürəkkəbliyinin köklərini açıqlamaq məqamı yetişəndə elm iflic olur. Buna görə də, biomolekulyar sistemlərin hansısa birinin başlanğıcını araşdırmaqla bağlı heç bir cəhd göstərilməyib. Bəzi alimlər özlərinə güvənərək, bunun səbəbini guya çoxdan bildiklərini deyiblər. Fəqət bu sözlər professional elmi ədəbiyyatda heç vaxt ciddi qarşılanmayıb. Ən əsası, bu sistemlərin quruluşunu incələyəndə, bəlli olur ki, onların yaşam mexanizmləri darvinçi yanaşmanın heç yanından da keçmir”45.

Bütün kainat kimi, canlı varlıqlar da yoxdan yaradılıblar. Heç bir şey olmayanda təsadüflər də yox idi və buna görə, ölü maddələr "təsadüfən" birləşib, canlı varlıq əmələ gətirə bilməzdilər. Buna ancaq və ancaq sonsuz qüdrət, sonsuz ağıl və sonsuz eli sahibi olan Allah qadirdir:

"Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb, hökmü altına alan, sürətlə təqib edən gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!” (“Əraf” surəsi, / 54).
(harun yahya Atom möcüzƏsi)

39. Henry M. Morris, Impact No. 111, Eylül 1982
40. Prof.Dr. Carl Sagan, Cosmos, s.37
41. Darlington C.D.,Evolution for Naturalists, (NY, John Wiley, 1980) s.15
42. The Necessity of Darwinism, New Scientist, Vol 94, April 15, 1982, s. 130
43. Dr. Gary Parker, Impact No: 62, Ağustos 1978
44. Jean Guitton, Tanrı ve Bilim, s.38
45. Michael Behe, Darwin’s Black Box, s.8