Atom bombasının təsiri: Hirosima və Naqasaki

II Cahan Savaşının sonuncu ilində dünya atom bombasını tanıyaraq, atomun içində nə qədər böyük bir güc olduğunu əyani şəkildə gördü. Bu şəhərlərə atılan hər iki bomba yüz minlərlə insanın məhvinə və ömürləri boyunca sağalmayacaq xəstəlimklərə tutulmasına yol açdı. Gəlin, bunun anbaan necə baş verdiyini izləyək:

- Partlama anı...

Hesab edək ki, bir atom bombası eynən Hirosima və Naqasakidə olduğu kimi, 2000 m. yüksəklikdə partladı. Partlayıcı kütlənin üzərinə göndərilən və orada ilk nüvəni parçalayan elektron, öncə də izah etdiyimiz kimi, zəncivari reaksiyanın başlamasına səbəb olur. Yəni ilk parçalanan nüvədən xaricə dağılan neytronlar digər nüvələrə çarpılaraq, onları da parçalayırlar. Beləcə, bütün nüvələr çox sürətlə parçalanır və partlama baş verir. Neytronlar o qədər sürətlə hərəkət edirlər ki, bomba saniyənin milyonda biri ərzində təxminən 1000 milyard kilotonluq enerji buraxır. Bombanın çevrildiyi qaz kütləsinin temperaturu bir neçə milyon dərəcəyə, qazın təzyiqi isə bir milyon atmosferə çatır.

- Partlamadan saniyənin mində biri qədər sonra...

Yaranan qaz kütləsinin həcmi sürətlə böyüyür və ətrafa müxtəlif şüalar yayılır. Bu şüalar partlamanın "ilkin parıltı"sını əmələ gətirir. Həmin parıltı onlarla kilometr ətrafda yerləşən hər kəsi tamamilə kor edə bilər. Belə ki, yaranan işığın gücü Günəşin səthindən gələn işıqdan yüz dəfələrlə böyükdür. Partlamayla işığın yaranması arasında o qədər az vaxt keçir ki, yaxınlıqda yerləşən adamlar heç gözlərini də yummağa macal tapa bilmirlər. Partlama dalğası bütün ağır qapıları və hasarları aşıb keçir. Partlamanın yaxınlığındakı böyük bir sahədə nə varsa, hamısı toza çevrilir.

- Partlamadan 2 saniyə sonra...

Partlayan kütlə və ətrafındakı hava bir alov topasına çevrilir. Səthi son dərəcə isti və Günəşinki qədər, hətta daha artıq parlaq olan bu topadan yayılan şüa və istilik 4-5 km. ətrafda yana bilən nə varsa, hamısını yandırmağa qadirdir. Onun parlaqlığı isə adamı dərhal kor edər. Alov topasının ətrafında şok (zərbə) dalğası yayılmaqda davam edir.

- Partlamadan 6 saniyə sonra...

Bu anda şok dalğası Yer səthinə çarpılır və ilk mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli bir təzyiq yaradır; partlayış mərkəzindən uzaqlaşdıqca təzyiqin şiddəti azalır. Həmin nöqtədən təxminən 1,5 km. uzaqda təzyiq normal atmosfer təzyiqinin təxminən iki qatı qədər olur. Bu təzyiqdə insanların sağ qalma şansı cəmisi 1%-ə bərabərdir.

- Partlamadan 13 saniyə sonra...

Şok dalğası Yerin səthinə yayılır, ardınca isə hava təzyiqinin yaratdığı dalğa gəlir. Partlayış saniyədə 300-400 km/saat sürətlə yayılır. Bu zaman alov topası nisbətən soyuyub və həcmi kiçilib. Havadan yüngül olduğuna görə yuxarı qalxmağa başlayır. Nəticədə küləyin səmti dəyişir - öncə partayışın mərkəzindən xaricə doğru əsən şiddətli külək indi tərsinə - yəni partlayış mərkəzinə doğru yön alır.

- Partlamadan 30 saniyə sonra...

Alov topası yüksəldikcə kürə formasını itirir və nəhəng göbələk şəkli alır.

- Partlamadan 2 dəqiqə sonra...

Göbələk şəkilli bulud 12000 metr hündürə, yəni atmosferin stratosfer qatının alt təbəqəsinə çatır. Bu hündürlükdə əsən küləklər göbələk şəkilli buludu yavaş-yavaş dağıdır və onun ibarət olduğu çox zərərli radioaktiv maddələr atmosferə yayılır. Onlar çox kiçik dənəciklər şəklində olduqlarından, atomosferin daha yüksək qatlarına da qalxa bilərlər. Həmin maddələr Yer üzünə düşməzdən öncə küləklə dünyanın ətrafında bir neçə dövrə vurmaları mümkündür. Beləcə, radiasiya qalıqları planetin hər tərəfinə yayıla bilər.

Atomdan çıxan radiasiya


Radiasiya atomun xarici orbitindəki elektronlarla çarpışaraq, müsbət ionlar əmələ gətirməklə ciddi zərər verə bilər. Elektronlar digər neytral atomlara bağlanaraq, mənfi ionlar yaradırlar.

Radiasiya fəzada saniyədə 200000 km. kimi çox yüksək sürətlə hərəkət edən qamma-şüalar, neytronlar, elektronlar və bir neçə digər atom hissəciklərindən əmələ gəlir. Bu hissəciklər insan vücuduna çox asanlıqla təsir edir və hüceyrələrə böyük zərər verirlər. Bu ziyan ölümcül xərçəng xəstəliyinin ortaya çıxmasına və ya çox pis genetik pozuntulara səbəb ola bilər. Bu səbəbdən, radiasiya insan orqanizmi üçün son dərəcə qorxuludur.

Atom bombası partlayarkən ortaya çıxan şüalar canlılara ya birbaşa, ya da dolayı yolla təsir göstərirlər. Belə ki, yuxarıda sadaladığımız hissəcik və ya şüalar sürətlə maddənin içinə doğru yönələrkən qarşılarına çıxan atom və ya molekullarla çox şiddətlə çarpışırlar. Bu çarpışma hüceyrənin həssas quruluşu üçün əsl fəlakətdir. Onun nəticəsində hüceyrə ya dərhal ölür, ya da sağ qalsa belə, "xərçəng" adı verilən bədxassəli şişlərə çevrilir.

Mərkəzi partlama nöqtəsinin 1000 metr ətrafındakı ərazidə radiasiya çox sıx olur. Bu zaman digər öldürücü təsirlərdən qurtaranlar olsa belə, qan cismlərinin az qala hamısı məhv olur, dərilərində yaralar əmələ gəlir və uzağı bir neçə gündən iki həftəyə qədər yaşayırlar. Partlama nöqtəsindən nisbətən uzaqda olanlara isə radiasiya müxtəlif cür təsir göstərir. Alov topasından yayılan bu zərərli şüalarla qarşı-qarşıya qalan insanlar ondan 13, 16 və 22 km. uzaqda yerləşmələrindən asılı olaraq, birinci, ikinci və üçüncü dərəcəli yanıq xəstəliklərinə tutulurlar. Öncə həzm pozuntuları və qanaxmalar yaransa da, sonradan daha ağır fəsadlar özünü göstərir. Saç tökülmələri, dəri yanıqları, qansızlıq, qısırlıq, şikəst uşaqların dünyaya gəlməsi... Bütün bunları həmin fəsadların sırasına aid etmək olar. Özü də bütün bu hallar zamanı on gündən üç aya qədər olan zaman ərzində ölüm baş verir. İllər keçsə belə, göz xəstəlikləri, qan xərçəngi və şüa xərçəngi hər an meydana gələ bilər.

“İnkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" -dedilər. De: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"” ("Səba" surəsi, 3).

Hidrogen bombası partlayanda ən böyük təhlükələrdən biri radioaktiv tozların nəfəs, həzm və dəri kanallarıyla orqanizmə keçməsidir. Bu tozlar da həmçinin yuxarıda sadaladığımız fəsadlara səbəb ola bilərlər. Bütün bunların səbəbi isə gözlə görə bilmədiyimiz atomlardadır. Lazım olanda həyatı yaradan atomlar lazım olanda onu yox da edə bilərlər. Atomun bu özəlliyi bizlərə nə qədər aciz olduğumuzu və Allahın böyük üstünlüyünü açıq şəkildə göstərir.
(harun yahya Atom möcüzƏsi)