Hz.Süleymanın yüksək əxlaqı

Kitabın bura qədər olan bölmələrində Allahın Hz.Süleymana verdiyi müxtəlif elmlərdən, möhtəşəm səltənətindən və güclü ordusundan bəhs etdik. Hz.Süleymanın Quranda göstərilən ən önəmli xüsusiyyətlərindən biri isə heç şübhəsiz ki, sahib olduğu yüksək əxlaqıdır. O, həyatı boyu insanları Allahın razı olacağı din əxlaqını yaşamağa dəvət etmiş, eyni zamanda özü də dərin imanı və gözəl əxlaqı ilə bütün insanlara nümunə olmuşdu.
Hər işində Allaha üz tuturdu

"...Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi" ("Sad" surəsi, 30).

Hz.Süleymanın həyatı ilə bağlı olan Quran ayələrində ən çox diqqətçəkən mövzulardan biri onun gördüyü bütün işlərdə həmişə Allaha üz tutması, Ona dua etməsi və hər istədiyini Allaha açmasıdır.

Hz.Süleyman bütpərəstliyin geniş yayıldığı bir dövrdə yaşamış, ancaq heç vaxt heç bir şeyi Allaha şərik qoşmamışdı. Sadəcə Allahın rizasını gözləmiş və Allahın dininin hakim olması üçün heç bir insanın və varlığın əmrini gözləmədən sədaqətlə yaşamışdır. Bütlərə inanan Səba ölkəsini imana dəvət edərkən də onları Allaha təslim olmağa dəvət etmiş, Günəşə səcdə etməkdən imtina etmələrini istəmişdi.



"And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cəsəd atdıq. Sonra o qayıtdı: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!" ("Sad" surəsi, 34-35).

Hz.Süleyman hər hansı bir çətinliklə, əzabla, ya da bir nemətlə qarşılaşdıqda dərhal Allaha üz tuturdu. Hər sözündə Allahı anır, hər qərarını Allahın adını anaraq verirdi. Allah Hz.Süleymanı müxtəlif yollarla sınağa çəkmiş, o da buna həmişə çox gözəl bir əxlaqla cavab vermişdi. Məsələn, yuxarıdakı ayədə də göstərildiyi kimi, Hz.Süleymanın sınandığı vaxt ilk düşündüyü şey Allaha dua etmək, Onun bağışlayan olmasına və rəhmətinə sığınmaq olmuşdu.

"...Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!" ("Nəml" surəsi, 40).
Hz.Süleyman sadəcə çətin vaxtlarında deyil, hər hansı bir zəfər və uğur əldə etdikdə də eyni əxlaq göstərmiş, daim təvazökar və Allaha möhtac bir bəndə olduğunu anlamışdır. Əldə etdiyi bütün uğurların Allah tərəfindən bir sınaq olduğunun fərqinə varmışdı. Yuxarıdakı ayədə də bildirildiyi kimi, uğurları qarşısında çox təvazökar bir davranış göstərmişdi. Bu sədaqətli qarşılıq onun hər növ uğurunun da hər növ çətinlik kimi Allah tərəfindən sınaq olduğunu bilməsinin bir nəticəsidir.

Həmişə Allaha şükr edən bir bəndə idi

"Siz ey Davud ailəsi! Şükranlıqla itaət edin! Bəndələrimdən şükr edəni azdır!" ("Səba" surəsi, 13).

Allah Hz.Davud kimi Hz.Süleymana da əvvəllər heç kimsəyə verilməmiş nemətlər bəxş etmiş, ona Allaha şükr etməsi üçün bir çox şeylər lütf etmişdi. Hz.Süleyman bu nemətlər üçün hər zaman şükr etmiş, təvazökar və sədaqətli davranmış, hər işində Allaha üz tutmuşdu. Çünki daha öncə də qeyd etdiyimiz kimi, o, bütün nemətlərin və üstün cəhətlərin Allah dərgahından gələn bir sınaq olduğunu, bu nemətlərə verəcəyi cavabla hesab günündə qarşılaşacağını bilən və bütün bunlara görə davranan bir bəndədir.

"Ey Rəbbim! Mənə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!" ("Nəml" surəsi, 19).

Hz.Süleymanın qarışqaların öz aralarındakı danışığını eşitdikdən sonra tez Allaha üz tutması və dua etməsi ayədə bildirilmişdir. O, özünə verilən nemətlər qarşısında həmişə bunların həqiqi sahibinin Rəbbimiz olduğunu bilmiş, bütün davranış və sözləri ilə hədəfinin Allahın rizasını qazanmaq olduğunu göstərmişdir.



"İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!" ("Kəhf" surəsi, 107).

Allah onun bu səmimi və sədaqətli əxlaqının qarşılığını çox gözəl şəkildə vermiş və onu "Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır" ("Sad" surəsi, 40) ayəsi ilə müjdələmişdi. Bir digər ayədə isə onu və atası Hz.Davudu "mömin bəndələrinin çoxundan üstün tutduğunu" ("Nəml" surəsi, 15) bildirmişdi.

Həmçinin Hz.Süleyman dişi qarışqaların qarışqa dəstəsinə olan qayğısını gördükdə dərhal ata-anasını xatırlamışdı. Bu, insana ana və ata vasitəsilə gələn nemətlərə (uşaqlığından ona baxılması, böyüməsi, tərbiyəsi kimi) qarşılıq olaraq bunların əsl sahibi olan Allaha şükr etməsinin vacibliyini göstərən mühüm bir dərsdir.
(harun yahya Həzrəti Süleyman)