Hz.Süleymanın Allah rizası üçün mala sevgi duyması

"...Mən gözəlliyi (malı) Rəbbimin zikrindən dolayı sevirəm..." ("Sad" surəsi, 32).

Ayədən də göründüyü kimi, Hz.Süleyman sahib olduğu qiymətli malları düşünüb Allahı vəsf yolu ilə ucaltmış, mal-dövlətə olan sevgisinin qaynağının Allahı zikr etmək olduğunu vurğulamışdı. Buradakı mənanı dərindən düşünmək lazımdır. Quranın digər ayələrində mal-dövlət sevgisinin insanları yolundan sapdıra biləcəyindən xəbər verilir. Məsələn, "Adiyat" surəsində belə buyurulur: "İnsan öz Rəbbinə qarşı çox nankordur. Və o özü də buna şahiddir. Həqiqətən, insan var-dövlətə çox hərisdir!" ("Adiyat" surəsi, 6-8). Mal-mülk sevgisi insanların çoxunun qəlbini kobudlaşdırır və onları dindən uzaqlaşdırır, çünki əllərindəki mal-dövləti özlərinin bir qazancı zənn edir, buna görə də təkəbbür və "müstağniyət" (Allaha möhtac olduğunu unutma) duyur və daha çox mal-dövlət əldə etmək hərisliyinə qapılırlar. Allaha qulluq etmək üçün yaşamaq əvəzinə mal-dövlət yığmaq üçün yaşayırlar. Bu səbəbdən hər bir müsəlmanın mal-mülk hərisliyindən uzaq durması lazımdır.



Ancaq Hz.Süleyman qissəsi bizə müsəlmanın mal-mülkə qafil insanlardan daha fərqli baxacağını və bu şüuru əldə etdikdən sonra mal-mülkə sahib olmağın ona Allahı anması üçün bir vəsilə olacağını göstərir. Nəzərdə tutulan şüur bütün mal-mülkün Allaha aid olduğunu, Onun göndərdiyini və yenə Onun istəyi ilə gedəcəyini bilir. Bunu bilən müsəlman ona mal-mülk veriləndə bundan lovğalanmaz və ya təkəbbürlənməz. "Mallar əlimdən gedəcək" qorxusuna da düşməz. Allahın verdiyi bütün imkanlara şükr edər və bu imkanlardan Allah rizası üçün Onun yolunda istifadə edər.

Allah insana böyük bir mülk, dövlət və iqtidar nəsib edəndə də bunların hamısını bir nemət və imtahan vəsiləsi kimi görər, Allaha olan sevgi, hörmət və qorxusu daha da artar.

Bu səbəbdəndir ki, Allaha könüldən bağlı olan salih möminlər onlara mal-mülklə iqtidar əmanət edilməsi üçün ən əziz insanlardır. Bunlardan birisi olan Hz.Süleyman kimsəyə nəsib olmayan bir iqtidarı əlində tutmasına baxmayaraq içində hər zaman sonsuz Allah sevgisi olmuş və bütün imkanları ilə Onun dininə xidmət etmişdi.

Bu ayədən mal-dövlət sevgisinin o, əgər Allah rizası üçün olarsa, məqbul olduğu anlaşılır. Əldə olunan zənginliklər Allahın rizasını qazanacaq işlərdə, Allahın sonsuz qüdrətini zikr etməkdə istifadə edilərsə, Allahın bunlardan razı qalması umulur.

"Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!" ("Sad" surəsi, 35).

Hz.Süleyman mal-dövləti Allah rizası üçün sevir və onun yolunda xərcləməsi üçün Allahdan özünə böyük bir mülk nəsib etməsini istəyir. Bu ayələrlə müsəlmanların da Allah yolunda xərcləmək üçün həyatda bənzəri olmayan bir zənginlik və mülk istəyəcəklərinə işarə edilir.



Ayələrdən də göründüyü kimi, müsəlmanlar zənginliyə, möhtəşəm mülklərə, heyranlıq oyadan sənət əsərlərinə sahib ola bilərlər. Məlumdur ki, müsəlman dövlətlər tarix boyu gözqamaşdırıcı sənət əsərləri ortaya qoymuş, zənginlikləri və gücləri ilə bütün dünyaya səs salmışlar. Əsrlər boyu İslamın bayraqdarı olan Osmanlı İmperatorluğu buna ən açıq nümunədir. Bu böyük imperatorluqdan miras qalan əsərlər hələ də üç qitənin dörd bir yanını bəzəməkdədir.

İman edənlərin sahib olduğu bu zənginliyin hikmətlərindən biri də insanların ürəklərinin İslama bağlanmasında əsərlərin böyük bir rol oynamasıdır. Onların sahib olduğu gözəl mülklər din əxlaqından uzaq olan və maddi dəyərlərə çox önəm verən insanlara ilk anda psixoloji təsir etmiş və onlarda dinə maraq yaratmışdı. Qarşıdakı fəsillərdə də görəcəyimiz kimi, bu, Hz.Süleymanın da Səba məlikəsinin İslamı qəbul etməsi üçün yararlandığı üsullardan biridir.
(harun yahya Həzrəti Süleyman)