GÖYLƏRDƏKİ VƏ YERDƏKİ DƏLİLLƏR

Milyonlarla kiçik kərpici bir yerə yığaraq, çox inkişaf etmiş bir şəhər maketi inşa etdiyinizi təsəvvür edin. Bu şəhərin içində göydələnlər, bir-birinin içinə keçmiş yollar, dəmiryol stansiyaları, hava limanları, alış-veriş mərkəzləri, yer altında qurulmuş metrolar, bunlarla yanaşı, axar sular, göllər, meşələr və bir sahil olsun. Eyni zamanda, küçələrdə gəzən, evlərində oturan, iş yerlərində işləyən yüzlərlə insan da olsun. Ən xırda bir detalın belə üzərindən keçməyin.

Sonra biri gəlib sizə hər bir daşını diqqətlə seçdiyiniz, ən incə təfərrüatına qədər planlayaraq qurduğunuz bu şəhərin bütün parçalarının təsadüfən bir yerə yığıldığını və bu şəhəri əmələ gətirdiyini söyləsə, qarşınızdakı adamın ağlı haqqında nə düşünərsiniz?

İndi təkrar inşa etdiyiniz şəhərə dönün, bircə parçanı yerləşdirməyi unutduğunuz, ya da yerini dəyişdirdiyiniz zaman bütün şəhərin birdən-birə yıxıla biləcəyini düşünün. Nə qədər böyük bir tarazlıq qurmağınız və quruluş əmələ gətirməyiniz lazım gəldiyinin fərqindəsinizmi?

İçində olduğumuz dünyadakı həyat da ağla gəlməyəcək qədər çox təfərrüatın bir yerə yığılması sayəsində mümkün olmaqdadır. Bu təfərrüatlardan yalnız birinin və ya bir neçəsinin çatışmamazlığı dünyada həyatın olmaması mənasına gələ bilər.

Maddənin ən kiçik parçası olan atomdan milyardlarla ulduzu saxlayan qalaktikalara, dünyanın ayrılmaz bir parçası olan Aydan Günəş sisteminə qədər hər şey incəliklərinə kimi müdhiş bir harmoniya içində çalışmaqdadır. Ona görə də bu sistem ən dəqiq saat mexanizmi kimi işləməkdədir. İnsanlar milyard illər davam edən bu sistemin heç bir detal unudulmadan yenə işləyəcəyindən elə əmindirlər ki, 10 il sonra baş verməsini istədikləri hadisənin planını rahat qura bilirlər. Heç kim ertəsi gün Günəşin doğub-doğmayacağının narahatlığını keçirməz. Amma insanların böyük əksəriyyətini ''dünya Günəşin cazibə sahəsindən qopub qap-qara kosmik boşluqda sonu bilinməyən bir yola çıxarmı'', ''bunun baş verməməsinə nə mane olur'' kimi suallar düşündürməkdədir. Buna rəğmən, insanların çoxu yuxuya gedərkən beyinlərinin istirahət etdiyi anda ürəklərinin, ya da nəfəs sistemlərinin də istirahət etməyəcəyindən son dərəcə əmindirlər. Axı həyat üçün çox vacib olan bu iki sistemdən birinin bir neçə saniyyə işləməməsi asanlıqla həyatımıza son verə biləcək nəticələr doğura bilər.

Bütün həyatı əhatə edən və hər hadisəyə ''normal axarı ilə gedir'' şəklində qiymət verməyə səbəb olan ''adətkarlıq eynəyi'' çıxarıldığı zaman əslində hər şeyin pambıq ipi kimi sınabiləcək şəkildə incə planlanmış və bir-birinə bağlı sistemlərdən əmələ gəldiyi aydın görünür. Həmçinin baxdığınız hər nöqtədə qüsursuz bir quruluşun hakim olduğunu görə bilərsiniz. Əlbəttə ki, belə bir quruluşu və harmoniyanı əmələ gətirən böyük güc vardır. Bu gücün sahibi hər şeyi yoxdan var edən Allahdır. Bir ayədə deyilir: ''Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq, çatlaq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə qayıdacaqdır!'' (''Mülk'', 67/3-4).

İstər göy üzünə, istər yer üzünə, istərsə də bu ikisi arasında yaşayan canlılara baxdığımız zaman hər birinin ayrı-ayrılıqda onu var edən Yaradıcının varlığını sübut etdiyini görürük. Elə aşağıdakı bölümdə də bunun sübutu olan canlılardan və təbii hadisələrdən bəhs edəcəyik. Əgər Allahın yer üzündəki bütün dəlillərini yazmağa çalışsaq, bunu minlərlə ensiklopediyaya sığışdıra bilmərik. Ona görə də bu bölümdə üzərində uzun zaman düşünülməsi lazım gələn hadisələrə qısaca nəzər salacağıq. Ancaq bu qısa xatırlamalar belə Quran ifadəsi ilə desək, ''düşünüb öyüd ala bilən'' vicdanlı adamların həyatlarındakı ən mühüm həqiqəti görmələrini və ya azı bir dəfə yada salmalarını təmin edəcək.

Çünki, Allah vardır...

O, örnəksiz yaradandır və O, ağılla bilinər.
(harun yahya Allah ağılla bilinir)