“Quldar” qarışqalar

Kimyəvi siqnalların qarışqaların toplum yaşamlarına təsiri baxımından Formica subintegra və Formica subserica (quldar qarışqa) cinsləri arasındakı münasibət çox diqqətçəkicidir. Bu münasibətlər zamanı meydana çıxan “quldarlıq” isə qarışqaların savaş taktikaları arasında ən maraqlısı sayıla bilər.75

Bəzən bir koloniyanın əsgərləri digər koloniyanı rahatca əzə biləcəklərini fərq edərlərsə, “qul ovu”na girişirlər. Onlar həmin koloniyanın yuvasını işğal edir, kraliçanı öldürür və nektar dolu “bal küpləri”ni - yəni bədənlərini nektarla doldurub şişirdən qarışqaları qənimət kimi ələ keçirirlər. Ən qəribəsi isə balaca qarışqa sürfələrini oğurlamalarıdır. Bu qarışqalar bir müdət sonra böyüyərək, istilaçı koloniya üçün yemək arayan, saxlayan, kraliçaya qulluq edən “kölə”yə çevrilirlər.

Bəs Formica subintegra qarşı koloniyaya hücum edəndə yumurta və sürfələri necə maneəsiz oğurlaya bilirlər? Məsələ ondadır ki, onlar rəqibin yuvasına girəndə xüsusi bir feromen ifraz edirlər; bu feromen rəqibi təşvişə salır və onlar körpələrini xilas etmək əvəzinə vurnuxmaya düşür, ora-bura qaçıb, dağılışırlar. Bəlli olduğu kimi, hər qarışqa növü ayrı-ayrı feromenlər buraxır.

Bu feromenlər qarışqalar üçün sərhədi müəyyənləşdirmək, düşmənin yerini və sayını xəbərləmək, hücuma keçmək, həyəcan siqnalı vermək kimi müxtəlif mənalar verir.


Quldar qarışqaların ən əsas özəlliyi savaşdıqları koloniyanın sürfələrini oğurlamaq və onları öz koloniyaları üçün “qul”a çevirməkdir. Şəkildə rəqib koloniyanın sürfəsini qaçıran bir qarışqa görünür.

Amma burada çox maraqlı bir məsələ var - belə ki, haqqında söz açdığımız Formica subintegra qarışqaları, göründüyü kimi, rəqibin təşviş və həyəcan siqnallarını necə verməsinə bələddir, özü də nəinki bələddir, hətta bunu yamsılıya da bilir. Nəticədə rəqibini təşvişə və həyəcana salaraq, nizamını pozur, təşviş içində qaçmağa vadar edir. Yəni çox ağıllı bir taktika işlədərək, düşmənin müdafiə sistemini içdən çökdürürlər.

Göründüyü kimi, ortada son dərəcə ustalıqla hazırlanmış bir savaş taktikası var. Üstəgəl, qarışqalar lap dünyaya gələndən həmin taktikanın tətbiqi üçün gərəkən kimyəvi vasitələrə və uyğun biliyə sahibdirlər.

Bəzi qarışqa cinsləri isə bütün işləri kölələrinə gördürürlər. Məsələn, qırmızı Amazon qarışqası (Polyergus) buna bir misaldır. Amazon qarışqalarının hamısı “əsgər”dirlər. Savaşmaq üçün yaradılmış böyük, kəskin çənə sümükləri var. Nə qida toplamağı, nə də körpələrinə baxmağı bacarırlar. Onlar bəzi kiçik qara qarışqa növlərinin yuvalarına hücum edir, yumurta və sürfələrini ələ keçirirlər. Onlar isə gələcəkdə yetkin qarışqaya çevrilərək, Amazon qarışqalarının bütün işlərini görür, həmişəlik onların kaloniyasında yaşayırlar. Amazon qarışqaları hətta köç edəndə belə hər şeyi kölələrinə daşıdırlar. Nəticədə onların köçü çox sürətlə baş verir.76



Quldar qarışqaların rəqib koloniyadan oğurladıqları yalnız sürfələr deyil. Onların rəqibin “bal küpələri”ni də oğurlayaraq, öz yuvalarına gətirirlər.

Qarışqalar iz buraxma qabiliyyətləri sayəsində hətta çox böyük canlılardan da müdafiə oluna bilirlər. Qarışqaların “Yusif böcəyi” ilə mübarizəsi buna çox gözəl bir misaldır. Onu görən qarışqalar iz buraxma metodu sayəsində bir araya toplanaraq, birlikdə böcəyə hücum çəkir və onu öldürürlər.

Başqa bir misal da göstərmək olar: koloniyanın hansısa bir üzvünə hücum edən tırtılı, - hətta özlərindən çox böyük olsa da,- eyni metodla məhv edirlər.

Bir canlının öz həyatını qorumaq və ya qidalanmaq üçün başqa birinə hücum etməsi normal qarşılana bilər. Amma bir canlı düşmənlərinə qarşı savaşarkən həmcinslərilə birgə hərəkət edirsə və bu savaş zamanı işlətdikləri taktikanı birgə bəlirləyirlərsə, bu, artıq düşünüləsi məsələdir. Çünki taktika müəyyənləşdirmək və bu taktikaya uyğun olaraq intizamla savaşmaq üçün ünsiyyət sistemi qurmaq ancaq ağıl, planlama və mühakimə nəticəsində mümkün ola bilər. Məsələn, müasir savaş taktika və strategiyaları bəşəriyyətin uzun sürən və çox baha başa gələn “təcrübələri” nəticəsində formalaşıb. Əsgərlər onu öyrənmək üçün xüsusi hərbi məktəblər keçirlər.

Eyni zamanda, savaş zamanı həmin strategiyanın tətbiq olunması üçün xüsusi rabitə sisteminə də ehtiyac var. Ancaq kitabın öncəki bölümlərində haqqında danışdığımız kimyəvi ünsiyyət sistemi vasitəsilə hücum taktikasını müəyyənləşdirən, düşmənə birgə hücuma keçən, lazım gələrsə, özünü fəda etməkdən belə çəkinməyən “əsgər”lər təbii ki, nə hərbi məktəb keçiblər, nə də hansısa hərbi biliyə sahibdirlər. Onlar vur-tut bir neçə millimetr boyunda, düşünmə qabiliyyəti olmayan canlılardır.
(harun yahya Qarışqa möcüzƏsi)

75 Venomous Animals of the World, by Roger Caras, s. 84
76 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 284