MİNİATÜR MƏLUMAT BANKI: DNT



DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır. İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər əksiksiz plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.

DNT hüceyrənin ortasında yerləşən nüvədə ciddi şəkildə qorunur. İnsan orqanizmində sayı 100 trilyona çatan hüceyrələrin diametrinin təxminən “millimetrin yüzdə biri” olduğu nəzərə alınsa, nə qədər kiçik yerdən bəhs edildiyi daha yaxşı başa düşülər. Bu möcüzəvi molekul Allahın yaratma sənətindəki mükəmməllik və fövqəltəbiiliyin açıq dəlilidir.

DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir. Eyni zamanda hüceyrə və orqanizmdəki minlərlə müxtəlif hadisə və sistemə də nəzarət edir. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması belə DNT-dəki məlumatlarla əlaqədardır.

Elm adamları insanın genetik quruluşu ilə bağlı məlumatların çoxluğunu vurğulamaq üçün fərqli ölçü vahidlərini ortaya qoyurlar. DNT-də qeyd olunmuş məlumatlar o qədər çoxdur ki, bunları kitab halında düşünsək və bu kitabları üst-üstə qoyduğumuzu fərz etsək, 70 metr hündürlükdə kitab yığını alınar. Elm adamları insanın gen xəritəsini makinada yazmağın müddətini də hesablaşmışlar və dəqiqədə 60 söz yazan bir şəxsin gündə səkkiz saat yazaraq bunu ancaq 50 ildə bitirəcəyini də qeyd etmişlər. Həm də qeyd etmişlər ki, DNT-dəki məlumatlarla 200-ə yaxın 500 səhifəlik telefon dəftərini doldurmaq olar.



Gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda biri qədər olan, atomların yan-yana düzülməsilə əmələ gəlmiş bir zəncirin belə bir məlumata və hafizəyə malik olması və bir canlının bütün həyat funksiyalarının bu məlumat əsasında baş verməsi açıq-aydın yaradılış həqiqətidir. Allah DNT-yə yerləşdirdiyi məlumatlarla gücünün hüdudsuz olduğunu və yaratmada heç bir ortağı olmadığını bir daha göstərir. Allahın elminin hüdudsuz olmaması bir ayədə belə bir bənzətmə ilə bildirilir:

De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!” (Kəhf surəsi, 109)
(harun yahya Ehtişam hƏr yerdƏdir)