ROMANTİK MİLLİYYƏTÇİLİK

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu.... (Fəth surəsi, 26)

Romantizm - insanlar arasındakı romantik əlaqələrə əsaslanan bir anlayışdır. Bununla yanaşı, romantizm siyasi ideologiyaların bəziləri ilə də yaxından əlaqədardır. Bunların başında isə XIX əsrin sonlarında meydana gələn və XX əsrin ortalarına qədər dünyada geniş vüsət alan "romantik milliyyətçilik" durur.

Qeyd etmək lazımdır ki, tənqid edəcəyimiz anlayış milliyyətçilik deyil, "romantik milliyyətçilik"dir. Bunların arasındakı fərq isə çox böyükdür.

CAHİLİYYƏ LOVĞALIĞI

Milliyyətçilik - bir insanın aid olduğu milləti və yaşadığı vətənini sevməsi deməkdir. Bu, gözəl bir duyğudur. Dinə zidd bir cəhəti olmadığı kimi, insanlığa zərər verən bir təsiri də yoxdur. Bir insanın anasını və atasını sevməsi necə bir duyğudursa, onu yetişdirən, eyni inanc və mədəniyyətə sahib olduğu millətini sevməsi də elə bir duyğudur.

Milliyyətçilik duyğusunun qeyri-qanuni hala gəlməsi bu sevginin ehtirasa çevrilməsi ilə baş verir. Bir insan millətini sevərkən digər millətlərə qarşı səbəbsiz yerə kin bəsləyirsə, yəni öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqlarını tapdalayırsa, onların torpaqlarını ələ keçirməyi, mallarını talamağı hədəfləyirsə, bu, milliyətçilik duyğusunun qeyri-qanuni bir həddə gəlməsi deməkdir. İnsan öz millətinə olan sevgisini irqçiliyə çevirəndə, yəni öz millətinin digərlərindən üstün olduğunu iddia edən zaman qeyri-qanuni bir fikir yürütmüş olur. Bu qatı milliyyətçiliyə Allah Quranda diqqət çəkir. Ayələrdə "cahiliyyə lovğalığı" olaraq təsvir edilən bu düşüncə cahiliyyənin (dindən uzaq cəmiyyətlərin) bir xüsusiyyəti olaraq izah edilir:

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth Surəsi, 26)
Diqqət yetirilsə, ayədə "cahiliyyə lovğalığı"ndan bəhs edilir. Allahın buna qarşı möminlərə rahatlıq və təqva duyğusu verdiyi bildirilir. Öz cəmiyyətinə (tayfasına və ya millətinə) istiqamətlənən sevgisi nəticəsində təcavüzkar olan insanların davranışlarının qeyri-qanuni olduğu məlum olur. Allah buna qarşı möminlərin rahat və təqvalı olmasını diləyir. Başqa sözlə desək, Allahın möminlər üçün bəyəndiyi hal “ağlı başında olan” insanın ruh halıdır.

Cahiliyyə lovğalığına qapılma isə “ağlı başında olan” insanın ruh halını ortadan qaldırır və onları dilləri, rəngləri və ya cəmiyyətləri ayrı olduğu üçün bir-birlərinə düşmən edir.

Allahın 1400 il əvvəl Quranda təsvir etdiyi cahiyillə lovğalığını bu gün dünyanın hər tərəfində görmək mümkündür. Afrikada müxtəlif qəbilələrdən olduqları üçün bir-birləri ilə düşmənçilik edən insanlar vardır. Avropada bir futbol qarşılaşmasını silahlı qarşıdurmaya çevirən və qarşı ölkənin tərəfdarını sırf o tərəfdən olduğu üçün ölənə qədər döyən insanlar fəaliyyət göstərir. Qərb dünyasında zəncilərə, yəhudilərə, türklərə, afrikalılara və ya başqa millətə qarşı nifrət və kin bəsləyən, onlara qarşı terror əməliyyatları təşkil edən, bu məqsədlə təşkilatlar quranlar var.

Cahiliyyə lovğalığı yalnız aşağı təbəqələrə deyil, bir çox ölkənin ən üst təbəqəsinə də təsir edir. Sadə bir sərhəd anlaşılmazlığını bəhanə edərək, təcavüzkarlıq instinktlərini təmin etmək üçün bir-birləri ilə vuruşan, bu müharibələri illər boyunca inadla davam etdirən, həm öz xalqlarını, həm də qarşı ölkənin xalqını səfalətə salan bir çox ölkə vardır. Bu cür insanlar cahiliyyə lovğalığının təsiri altındadırlar. Hər biri ayədə təsvir edildiyi kimi, "öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapılan" cahillərdir.

Bu cahillərə XX əsrin ən böyük iki fəlakəti olan I və II Dünya müharibələrini hazırlayan və icra edənlər də daxildir. "Alman qəhrəmanlığı", "İngilis qüruru", "Rus cəsarəti" kimi romantik anlayışların təsirinə qapılaraq, həm öz millətinə, həm də bütün dünyaya böyük fəlakətlər yaşatmış, iki nəhəng müharibədə 65 milyon insanın qanını tökmüş, on milyonlarla insanı isə dul, yetim və şikəst etmişlər.

Bu fəlakətlərin qaynağı olan "cahiliyyə lovğalığı"nın əsrimizdəki adı isə "romantik milliyyətçilik"dir.

ROMANTİK MİLLİYYƏTÇİLİYİN MEYDANA GƏLMƏSİ

Avropada milliyyətçilik XVIII əsrdə yayılmış bir düşüncə olaraq qəbul edilir. Əvvəllər bir çox dövlətlərin idarəsi altında yaşayan ölkələr bir mərkəzi rəhbərlik altında birləşərək ilk xalq-dövlətlərini yaratmışlar. İngiltərə və Fransa kimi Avropa ölkələri milliyyətçiliyi ilk olaraq mənimsəyən və xalq hakimiyyətini ilk quran ölkələr olaraq tanınırlar. XIX əsrdə isə Avropadakı ölkələrin əksəriyyəti öz milli birliyini qurmuşlar.

XX əsrdə mövcud olan "romantik milliyyətçilik" cərəyanına göstərilə bilən ən yaxşı nümunə Hitler Almaniyasıdır. Tamamilə romantizmin təsiri altına düşən irq milliyyətçiliyinin zülmləri dünya tarixinə qara bir ləkə olaraq düşmüşdür.



Yalnız iki ölkə bu təsirdən kənar qalmışdır: Almaniya və İtaliya. Hər iki ölkədə də krallıqların və ya kiçik şəhər-dövlətlərinin hakimiyyəti çox uzun sürmüşdür. İtaliya 1870-ci ildə, Almaniya isə bir il sonra - 1871-ci ildə milli birliyini quraraq bir dövlət kimi tarix səhnəsinə çıxa bilmişdir. Başqa sözlə desək, hər iki ölkə də milliyyətçiliyi mənimsəməkdə və tətbiq etməkdə digər Avropa ölkələrinə nisbətən gecikmişdir.

Bu vəziyyət hər iki ölkədə Avropanın digər ölkələrinə görə daha radikal milliyyətçi cərəyanların inkişafına və kök salmasına səbəb olmuşdur. İctimai alimlərin qəbul etdiyi ümumi fikrə görə, milliyyətçiliyin ən qabarıq nümunələri olan Nasizm və faşizmin bu iki ölkədə yaranması və hakimiyyəti ələ keçirməsinin səbəbi hər iki ölkədə də milli birliyin hələ yaranmaması səbəbindən yayılan fanatik milliyyətçi duyğulardır.

Bu iki ölkədə, xüsusilə Almaniyadakı fanatik milliyyətçi anlayışına liderlik edənlər tarixdə "romantik milliyyətçilər" olaraq tanınırlar.

Romantik milliyyətçiliyin əsas xüsusiyyətləri ağla deyil, duyğulara əhəmiyyət verərək, mənsub olduqları millətin mistik və sirli bir "ruh"a sahib olduğunu düşünərək onu digərlərindən daha üstün hesab etmələridir. Romantik milliyyətçilər XIX əsrin sonlarında məşhurlaşan irqçi nəzəriyyələrdən bəhrələnərək Avropalı irqlərin dünyadakı digər irqlərdən üstün olduqlarını bildirmiş və başqa xalqları idarə altına salma hüququna malik olduqlarını iddia etmişlər.

XIX əsrin ilk onilliyində romantik milliyyətçilik Almaniyada sürətlə inkişaf etmişdir. Paul Lagarde və Julius Langbehn kimi yazıçılar almanların bütün dünyanı idarə edəcəkləri bir iyerarxik dünya nizamı qurulmasının lazım olduğunu müdafiə etmişlər. Bunun da tamamilə "Alman ruhu"ndan və "Alman qanı"ndan qaynaqlanan üstünlüklə əldə ediləcəyini, bunun üçün almanların köhnə bütpərəst inanclarına dönmələrinin və Xristianlıq kimi İlahi dinləri tərk etmələrinin lazım olduğunu irəli sürmüşlər.

O dövrdə Almaniyada qurulan mistik (gizli) dərnəklərin romantik milliyyətçiliyin yayılmasında əhəmiyyətli rolu olmuşdur. Bu dərnəklərin ortaq dünyagörüşü insanın ağlı ilə deyil, hissləri ilə doğrunu tapa bilməsindən, hər millətin bir "xalq ruhu"na sahib olması və Alman xalq ruhunun da bütpərəstlik olması kimi səthi və batil düşüncələrdən ibarətdir. Bu dərnəklər Hitlerə və dolayısı ilə Nasizmə də böyük bir zəmin hazırlamışdır. İngilis tarixçisi Michael Howard "Pan-Cermenik Alman milliyyətçiliyinin ruhi gücünü və ideoloji mənşəyini mistik (gizli) dərnəklərdən aldığını və mistik (gizli) ənənənin 1920-ci illərdə doğan Milli Sosializm (Nasist) cərəyanına da böyük bir zəmin hazırladığını" yazır.

Həqiqətən də romantik milliyyətçiliyin insanlıq tarixində ən mərhəmətsiz və qanlı rejimlərindən biri olan Nasizmə zəmin hazırlamaqdan başqa bir rolu olmamışdır.

ROMANTİK MİLLİYYƏTÇİLİYİN ŞİZOFRENİYASI



Romantik milliyyətçilər insanın ağıl yolu ilə deyil, "duyğu və hisslə" doğrunu tapacağını düşündükləri üçün son dərəcə əsassız, kompleks bir dünyagörüş və ruh halına malikdirlər. Amerika tarixçisi professor Gerhard Rempel "Reform, Liberation And Romanticism In Prussia" (Prussiyada İslahat, Azadlıq və Romantizm) başlıqlı məqaləsində romantik milliyyətçilərin ruh dünyasını belə təsvir edir:

Romantiklər fantaziyaya, romantikliyə və simvolizmə gedən yolu seçdilər. Ruhi olaraq davamlı ölümlə maraqlandılar, gecə qaranlığında melanxolik böhranlar yaşadılar. (Romantik milliyyətçiliyin öndərlərindən) Novalis "həyat ruhun bir xəstəliyindən ibarətdir" deyirdi. Burada qarşımıza çıxan faktor estetik pessimizmin başlanğıcıdır...

Romantizm - insan ruhunun dərinliklərindəki irrasional gücləri ortaya çıxardı... Döyüş haqqındakı vətənpərvər ədəbiyyatın inkişafı ilə birlikdə "ruhun rəqsi" deyilən bu düşüncə cəmiyyətin geniş kütlələri içərisində yayılmış oldu....

Alman Romantikləri estetizmin mədəniyyətini inkişaf etdirdilər ki, bu, ağlın inkar edilməsinə və həqiqətin bir anda, birdən qavranması cəhdinə söykənirdi. Bu nəzəriyyəyə görə, poetik olan mütləq həqiqətin özü idi.

Romantik milliyyətçiliyin təməli duyğuların "əsl dünya" qəbul edilməsinə əsaslanırdı. Bu xəyalpərəst düşüncə reallıqdan tamamilə uzaq, öz ruhi sarsıntıları içində yaşayan insanlar meydana gətirdi. Romantizmin bu təsirini insanı reallıqdan ayıran, bəzi duyğulara əsir edən şizofreniyaya bənzətmək mümkündür. (Şizofreniya xəstələri reallıqdan uzaq, öz xəyal dünyaları içində yaşayırlar.)

Bu şizofreniyalı ruh halının bir nümunəsi də romantik milliyyətçilərin bəzi anlayışları bütləşdirməsi vəziyyətidir. Bunların başında "qan" və "torpaq" anlayışları dururdu. Almaniyada XX əsrin əvvəlində meydana gələn "Blut und Boden" (Qan və Torpaq) adlı fikri cərəyan Alman qanının və Alman torpaqlarının müqəddəs olduğunu, Alman soyundan olmayan xalqların bu qanı və torpağı kirlətdiklərini iddia etmişdi. Bu cərəyan Nasist ideologiyasına da böyük təzyiq göstərdi. Nasistlər qan tökülməsini müqəddəs bir hərəkət olaraq görürdülər. Hitlerin 1923-cü ildəki müvəffəqiyyətsiz zərbə cəhdi əsnasında yaralanan Nasistlərin qanları ilə islanmış olan partiya bayrağı sanki bir bütə çevrilmişdi. "Blutfahne" (Qan Bayrağı) adı verilən bu bayraq olduğu kimi mühafizə edilmiş və hər Nasist mərasimində müqəddəs simvola çevrilmişdi, hətta Nasist partiyasının on minlərlə yeni bayrağı Blutfahneyə sürtülmüş və ondakı "müqəddəs" gücün bu yeni bayraqlara da keçdiyi düşünülmüşdü.

ROMANTİK MİLLİYYƏTÇİLİYİN QANLI QIRĞINI



Qan tökməyi müqəddəs sayan bu ruh halı insanlığın gördüyü ən qanlı müharibə olaraq tarixə yazılmışdı. I və II Dünya müharibələri romantik milliyyətçilərin savaşmasından başqa bir şey deyildi. Almaniyada özünü açıq surətdə büruzə verən romantik milliyyətçi cərəyanı dövrün ingilis, fransız və rus cəmiyyətlərinə də təsir etmiş və bu ölkələrin idarəçi heyətlərini müharibəyə sürükləmişdir. Razılaşmalarla həll edilə biləcək problemlər qızışdırılmış və dünya milyonlarla insanın həyatına bais olan bir qırğın yaşamışdır.



I Dünya Müharibəsinin gedişatını araşdırmaq romantik milliyyətçiliyin nəticələrini göstərməsi baxımından faydalıdır. Müharibəyə bir çox ölkənin qatılmasına baxmayaraq, təməldə bir neçə qabaqcıl dövlət var idi: Bir tərəfdə İngiltərə, Fransa və Rusiya, digər tərəfdə isə Almaniya və Avstriya-Macarıstan. Müharibənin əvvəlində bu ölkələrdəki generalların hamısının ortaq düşüncəsi güclü bir hücumla düşmən xəttlərini yarıb dağıdacaqları və bir neçə həftə ərzində zəfər çalacaqları istiqamətində olmuşdur. Halbuki müharibə heç kimə zəfər gətirməmişdir.

Almaniya 1914-cü ildə Fransa və Belçikaya hücum etmiş və bir az irəlilədikdən sonra döyüş kilidlənmiş və qurulan cəbhələr 3.5 il boyunca yerindən heç tərpənməmişdir. Hər iki tərəf də düşmən cəbhəsini yarmaq ümidi ilə dəfələrlə bir-birinə hücum etmiş, amma heç bir şey dəyişməmişdir. Almanların hücumu ilə başlayan məşhur Verden döyüşündə 315.000 fransız və 280.000 alman əsgəri ölmüş, amma cəbhə yalnız bir neçə kilometr geriyə çəkilmişdir. Bir neçə aydan sonra ingilis və fransızlar Sommedə hücuma keçmişlər, qanlı vuruşmalar nəticəsində 600.000 alman, 400.000-dən çox ingilis və təxminən 200.000 fransız əsgəri ölmüş, nəticədə alman cəbhəsi yalnız 11 kilometr geriyə oturdulmuşdu. Romantik marşlarla, şeirlərlə, "Alman ruhu", "İngilis qüruru", "Fransız cəsarəti" kimi süni romantik anlayışlarla coşaraq ağılsız qərarlar verən idarəçilər öz xalqlarını qırğına məruz qoymuşlar. 3.5 il boyunca bir səngərdə döyüşən və davamlı olaraq bombardman altında yaşayan əsgərlərin çoxunda sonradan psixoloji problemlər baş qaldırmışdır.



Romantik milliyyətçiliyin təşfiqi ilə başlayan döyüşlərdə insan həyatının dəyəri nəzərə alınmamışdır.

Nasist Almaniyasında romantikliyin təsiri altına düşmüş kütlələri idarə etmək və Nasizmin qeyri-insani hərəkətlərini həyata keçirmək asanlıqla mümkün olmuşdur.

Romantik milliyyətçiliyin səbəbsiz qırğınının I Dünya Müharibəsindəki diqqət çəkən bir nümunəsi fransız generalı Robert Nivellenin 1917-ci ilin aprelində alman cəbhə xəttinə qarşı başlatdığı hücumdur.

Nivelle hücumdan əvvəl "yalnız iki gün içində alman xəttlərini yaracaqlarını və bir həftə içində qəti zəfər qazanacaqlarını" vəd etmişdi. Alman ordusunun onlardan daha üstün olmasına baxmayaraq, bu romantik vədin təsirinə düşən fransız ordusu aprelin 16-da hücuma keçmiş və bu hücum 1.5 aydan çox davam etmiş, nəticədə heç bir nəticə əldə edilməmiş, yüz minlərlə əsgər ölmüş, nəhayət fransız birlikləri arasında daxili üsyanlar baş qaldırmışdır.

Eyni zehniyyət II Dünya Müharibəsində də həyata keçmiş, bu dəfə daha çox insan - 55 milyon adam Hitler, Mussolini, Stalin kimi psixopat ruhlu romantiklərin ehtirasları səbəbindən ölmüşdür.

Yalnız dünya müharibələri deyil, müxtəlif ölkələr, qəbilələr və ya təşkilatlar arasındakı döyüş və qarşıdurmaların təməlində də romantizm durur. İçində yaşadığı dünyanın şərtlərini ağılla qiymətləndirə bilməyən, romantik şüarların, qəhrəmanlıq hekayələrinin, marşların və şeirlərin təsiri ilə silaha sarılan milyonlarla insan həm özlərinin, həm də düşmən saydıqları insanların qanını tökmüş və dünyanı qarışıqlıq və fitnə içinə salmışlar.

Daha əvvəl romantikliyin insanları Allahın yolundan çıxarmaq və bəlalara uğratmaq üçün şeytan tərəfindən istifadə edilən bir silah olduğunu vurğulamışdıq. Şeytanın insanlara qarşı qurduğu bu tələ özünü romantik milliyyətçilikdə çox açıq şəkildə göstərir. Allah Quranda şeytanın insanları qarşıdurma, qarışıqlıq və terror mühitinə məruz qoyduğunu belə bildirir:

(Allah) buyurdu: “Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza! Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər! (İsra Surəsi, 63-64)





II Dünya Müharibəsinin baş aktyorları olan bu zalım liderlər utopik ideallarının arxasında bütün dünyanı zülm və qaranlığa sürükləmişlər.
(məqalə harun yahya)