Maddənin Həqiqi Mahiyyəti – 5



MATERİALİSTLƏRİN MƏNTİQ ÇATIŞMAZLIĞI

Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.

Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir. Politzerə görə maddənin qavrayış olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının isbatıdır. (1)

Bir başqa məşhur materialist alim Consona (Johnson) maddənin qavrayışlar cəmi olduğu izah edildikdə isə daşlara təpik vuraraq onların fiziki varlığını “sübut etməyə” çalışmışdır. (2)

Başqa nümunə isə Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels (Friedrich Engels) tərəfindən verilmişdir. Engels “əgər yediyimiz tortlar bir hiss, qavrayış olsaydı, aclığımızı yox etməzdilər” deyə yazmışdır. (3)Marks, Engels, Lenin kimi məşhur materialistlərin kitablarında həmişə bu cür nümunələr və “maddənin varlığını yumruq yeyincə anlayarsınız” kimi nifrət dolu cümlələr işlədilir.

Materialistlərin bu tip nümunələr gətirmələrinə səbəbi isə “maddə xəyaldır” şərhini, “maddə işıq oyunudur” şəklində başa düşmələridir. Xəyal anlayışının yalnız görməklə məhdud olduğunu, toxunma kimi hisslərin isə obyektiv qarşılığının olduğunu zənn edirlər. Avtobusun insanı vurması məsələsində də “baxın, vurur, deməli xəyal deyil” deyirlər. Qavramaqda çətinlik çəkdikləri məqam odur ki, avtobusun insanı vurması zamanı yaşanan sərtlik, zərbə və ağrı kimi bütün hisslər də yalnız zehində meydana gəlir.

Yuxu Nümunəsi



Bu gerçəyi ən yaxşı şəkildə yuxu misalı izah edir. İnsan, yuxusunda çox həqiqi hadisələr yaşayır. Nərdivandan yıxılıb ayağını sındırır, ciddi yol qəzası keçirir, avtobusun altında qalır, acdığında yemək yeyib doyur. Gündəlik həyatda rast gəldiyimiz hadisələri eyni inandırıcılıqla, eyni hisslərlə yuxularımızda yaşaya bilirik. Yuxusunda özünü avtobusun vurduğunu görən insan yenə yuxusunda, qəza etdikdən sonra gözünü xəstəxanada aça bilər, şikəst qaldığını anlayar. Amma əslində bu yuxudur. Yenə yuxusunda yol qəzasından sonra öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər. (Bu hadisə, xəyal olan gerçək dünya həyatında da eyni şəkildə yaşanır.)

Yuxusunda bütün bu hadisələrin görüntülərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın şəkildə yaşayır. Yuxuda əlaqədar olduğu hisslərin hamısı gerçək həyatda olduğu kimi təbiidir. Yuxuda yediyi yemək hisslərdən ibarət olmasına baxmayaraq qarınını doyurur. Çünki doymaq da bir hissdir. Halbuki, əslində o anda insan yataqda uzanmış vəziyyətdədir. Ortada nə nərdivan, nə yol, nə avtobus, nə tort var. Yuxudakı adam, xarici dünyada qarşılıqları olmayan qavrayış və hissləri yaşayır və görür. Yuxuda, “xarici dünya”da heç bir maddi qarşılığı olmayan hadisələrin yaşanan, görülən, hiss edilən olması, “xarici dünya”nın tamamilə hisslərdən meydana gəldiyini çox dəqiq şəkildə ortaya qoyur.

YUXUDAKI DÜNYA



Sizin üçün maddə, əllə tutulan gözlə görülən şeydir. Halbuki yuxuda da “əlinizlə tutur, gözünüzlə görürsünüz”, amma həqiqətdə nə əliniz var, nə də gözünüz, nə də görüb tutacağınız bir şey. Bütün bunları beyinin xaricində təmin edən heç bir maddi həqiqət yoxdur. Açıq aydın aldanırsınız.

Bəs gerçək həyat yuxudan nə ilə fərqlənir? Əslində hər ikisi də beynin içində meydana gəlir. Yuxu zamanı gerçək olmayan dünyada rahatlıqla yaşaya biliriksə, eyni şey yaşadığımız dünyaya da aiddir. Yuxudan oyandığımızda gerçək həyat dediyimiz daha uzun yuxuya başladığımızı düşünməyimizə maneə olacaq heç bir məntiqli səbəb yoxdur. Yuxunu xəyal, dünyanı gerçək saymağımızın səbəbi, yalnız vərdişlərimiz və bəzi subyektiv fikirlərimizdir. Və bu vəziyyət, bir gün yaşadığımızı sandığımız dünya həyatından yuxudan oyanırmış kimi oyandırıla biləcəyimizi göstərir.

Materialist fəlsəfəni mənimsəyənlərə, xüsusilə də marksistlərə bu gerçək, yəni maddənin əsli izah edildikdə əsəblərini kontrol edə bilmirlər. Bu zaman onlar Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahil məntiqlərindən nümunələr gətirirlər.

Halbuki bu insalar yuxularında da eyni nümunələri gətirə bildiklərini düşünməlidirlər. Yuxularında da “Das Kapital”ı oxuyur, mitinqlərə gedir, polislə qarşıdurmaya girirlər, başlarına daş dəyir və hətta bu yaranın ağrısını hiss edirlər. Yuxularında onlardan soruşulduğunda, o an gördükləri şeyləri də “mütləq maddə” sanırlar. Oyanıq olarkən gördükləri şeyləri də “mütləq maddə” zənn etdikləri kimi yuxularında da eyni şeyi zənn edirlər. Amma, istər yuxuda, istərsə də gündəlik həyatda olsun, gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin hamısı duyğu üzvlərinin qəbul etdiyi hisslərdir.

Sinirləri Paralel Bağlama Nümunəsi



Politzerin yol qəzası nümunəsinə fikir verək: Bu qəzada, avtobusun altında əzilən insanın beş duyğu orqanından beyninə gedən sinirlər, bir başqa insanın, məsələn Corc Politzerin beyninə paralel şəkildə bağlansa, qəza zamanı həmin insanı avtobus vuranda, o an evində olan Politzeri də avtobus vuracaq. Daha doğrusu, qəzaya düşən adamın yaşadığı hisslərin hamısını, musiqi mərkəzinə bağlanan iki ayrı səs kolonundan eyni mahnının eşidilməsi kimi, Politzer də hiss etməyə başlayacaq. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, qırıq qol və axan qan görüntülərini, sınıq ağrılarını, əməliyyatxanaya girməyinin görüntülərini, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq. Qəzadakı insanın sinirləri əlavə olaraq neçə insana bağlansa, onların hamısı Politzer kimi qəzanı əvvəldən axıradək yaşayacaq. Qəzadakı adam komaya girsə, hamısı komaya girəcək. Hətta, yol qəzasına aid hisslərin hamısı kompyuterə yazılsa və bu hisslər əvvələ yığılıb dəfələrlə başqa bir insana ötürülsə, yenə bu adamı da dəfələrlə avtobus vuracaq.

Yaxşı o halda, hansı adama dəyən avtobus gerçəkdir? Materialist fəlsəfə bu suala ziddiyət təşkil etməyən cavab verə bilməz. Əslində, həmin insanlar yol qəzasını öz zehinlərində ən incə təfərrüatına qədər yaşayırlar.

Tort və daşa təpik atma nümunələri üçün də vəziyyət eynidir. Tort yeyincə qarınında tortun çəkisini və toxluğu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel olaraq ikinci insanın beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o adam da tort yeyəcək və doyacaq. Daşa təpik atdıqda ayağı ağrıyan materialist Consonun sinirləri paralel olaraq başqa insana bağlansa, bu adam da daşa vuracaq və ayağı ağrıyacaq.



Yaxşı hansı tort və hansı daş gerçəkdir? Materialist fəlsəfə, buna da ziddiyyətsiz cavab verə bilməz. Doğru və ziddiyyət təşkil etməyən cavab budur: Həm Engels, həm digər insan tortu öz zehinlərində yeyib doyublar. Həm Conson, həm də ikinci insan, daşa təpik atma anını öz zehinlərində bütün təfərrüatı ilə yaşayırlar.

Yuxarıda Politzerlə bağlı verdiyimiz nümunədə belə bir dəyişiklik edək; evində oturan Politzerin sinirlərini avtobusun vurduğu insanın beyninə, avtobusun vurduğu insanın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu vəziyyətdə, Politzer əslində evində oturduğu halda özünü avtobusun vurduğunu zənn edəcək, avtobusun vurduğu insan isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla hiss edə bilməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Bu məntiq tort və daşa təpik vurma nümunələri üçün də eynilik təşkil edir.

Görüldüyü kimi insanın hisslərini aşması və xaricinə çıxması mümkün deyil. Bu vəziyyətdə heç bir maddi varlıq və maddi mühit olmadığı halda hər şey insan ruhuna seyr etdirilə bilər. Belə ki, insanın bunu anlaması mümkün deyil, hətta izlətdirilən üç koordinatlı mükəmməl görüntüləri gerçək zənn edib varlığından da son dərəcə əmin olacaqdır. Çünki hər insan duyğu orqanlarına hiss etdirilən hisslərdən asılıdır.

İngilis filosof David Hume bu gerçək haqqındakı düşüncələrini belə ifadə etmişdir:

Çox səmimi olaraq, Özüm dediyim şeyə daxil olduğum zaman, isti və ya soyuğa, işıq və ya kölgəyə, eşq və ya nifrətə, ağrı və ya ləzzətə dair xüsusi hissə ya da başqa bir şeyə daimi olaraq rast gəlirəm. Mən hiss olmadan hər hansı bir zamanda özümü əsla yaxalaya, tuta bilmərəm və əsla hissdən, xəyaldan başqa bir şeyi müşahidə edə bilmərəm. (4)
(məqalə harun yahya)

————————————————� �—————————–

Qeydlər

1 Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İstanbul: İctimai Nəşrlər, 1989, s. 53.

2 Orxan Hançerlioğlu, Düşünce Tarihi, istanbul: Remzi Nəşriyyat, 6.b., 1995 Sentyabr, s. 261.

3 Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, istanbul: İctimai Nəşrlər, 1989, s. 65.

4 Paul Davies, Tanrı və Yeni Fizika, Çev:Murat Əsaslı, İm Nəşr Dizayn Həyat Kitabları-1, İstanbul 1995, s. 180-181