Sümüklərin əzələ ilə örtülməsi



Quran ayələrində bildirilən digər bir vacib məlumat insanın ana bətnindəki inkişaf mərhələləridir. Ayələrdə ana bətnində əvvəl sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlərin yaranaraq bu sümükləri örtdüyü xəbər verilir:

“Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!” (Muminun surəsi, 14)

“Sonra sümükləri ətlə örtdük...” (Muminun surəsi, 14)

Ana bətnindəki inkişafı tədqiq edən elm sahəsi embriologiyadır. Embriologiya sahəsində yaxın dövrə qədər sümüklərlə əzələlərin birlikdə əmələ gələrək inkişaf etdiyini düşünürdülər. Buna görə də bəziləri uzun müddət bu ayələrin elmə zidd olduğunu iddia etmişdir. Lakin qabaqcıl texnologiyaların köməyilə aparılan mikroskopik tədqiqatlar Quranda bildirilənlərin tamamilə doğru olduğunu sübuta yetirmişdir.

Bu mikroskopik tədqiqatlar göstərir ki, ana bətnində eynilə ayələrdə tərif edildiyi kimi bir proses baş verir. Əvvəlcə, rüşeymdəki qığırdaq toxuma sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq birləşir və bu sümükləri örtür.

Bu, “Developinq Human”, yəni “İnkişaf edən insan” adlı elmi jurnalda belə izah edilir:

“6-cı həftədə qığırdaqlaşmanın davamı kimi ilk sümükləşmə körpücük sümüyündə baş verir. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər əmələ gəlməyə davam edərkən əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirirlər. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır.”

Qısaca olaraq, insanın Quranda tərif edilən inkişaf mərhələləri müasir embriologiyanın kəşflərilə tamamilə üst-üstə düşür.
(məqalə harun yahya)