RNT DÜNYASI SSENARİDƏN İBARƏTDİR

"Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə (ribazomlar və RNT molekulları ilə) birlikdə ortaya çıxdı? Bu sual qarşısında özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə təmin etməliyik." Douglas R. Hofstadter
70-ci illərdə ilkin yer atmosferinin ehtiva etdiyi qazların amin turşusu sintezi üçün əlverişli olmadığının bilinməsi, molekulyar təkamül nəzəriyyəsi üçün böyük zərbə oldu. Müller, Foks, Ponnamperuma kimi təkamülçülərin "primitiv atmosfer təcrübələri"nin hamısının etibarsız olduğu aydın oldu. Buna görə də 80-ci illərdə başqa təkamülçü tədqiqatlar axtarıldı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülalların məlumatını daşıyan RNT molekulunun meydana gəldiyini qarşıya qoyan "RNT Dünyası" ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Walter Gilbert tərəfindən ortaya atılan bu ssenariyə görə, bundan milyardlarla il əvvəl bir təhər öz-özünü kopiyalaya bilən bir RNT molekulu təsadüfən və özbaşına meydana gəlmişdi. Sonra bu RNT molekulu ətraf mühit şərtlərinin təsiriylə birdən-birə zülallar sintez etməyə başlamışdı. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı meydana gəlmiş və nə təhərsə DNT molekulu ortaya çıxmışdı.

Hər mərhələsi ayrı-ayrılıqda qeyri-mümkün, xəyal edilməsi belə çətin olan bu ssenari həyatın başlanğıcını izah etmək əvəzinə, problemi daha da böyütmüş və xeyli cavabsız sualı gündəmə gətirmişdi:

1- RNT-ni meydana gətirən nükleotidlərin sadəcə birinin belə meydana gəlməsinin təsadüflərlə açıqlanması mümkün olmadığı halda, görəsən xəyali nükleotidlər necə oldu ki, ən uyğun ardıcıl düzülüşlə bir yerə gələrək RNT-ni meydana gətirdi? Təkamülçü bioloq John Horgan RNT-nin təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu belə qəbul edir: “Tədqiqatçılar RNT Dünyası anlayışını dəqiqliklə araşdıranda getdikcə daha çox problem ortaya çıxır. RNT ilk olaraq necə meydana gəldi? RNT və onun hissələrinin laboratoriyada ən yaxşı şərtlərdə belə sintez edilməsi son dərəcə çətin olduğu halda, bunun prebiyotik (həyatdan əvvəlki) mühitdə reallaşması necə olmuşdur?” (John Horgan, "In the Beginning", Scientific American, Cild 264, Fevral 1991, s. 119)


Prof. Leslie Orgel: "Həyatın, kimyəvi yollarla meydana gəlməsi qeyri-mümkündür."

2- Təsadüfən meydana gəldiyini fərz etsək belə yalnız bir nükleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü kopyalamağa qərar verdi və hansı mexanizmlə bu kopyalamanı bacardı? Özünü kopyalayarkən istifadə edəcəyi nükleotidleri haradan tapdı? Təkamülçü mikrobioloqlar Gerald Joyce və Leslie Orgel vəziyyətin belə ümidsizliyini belə dilə gətirirlər: “Mübahisə, çıxılmaz bir məqamda mərkəzləşir: Qatmaqarışıq bir polinuleotid bulyonundan çıxıb birdən-birə özünü kopyalaya bilən o xəyali RNT əfsanəsi... Bu anlayış yalnız bu günki prebiotik kimya anlayışımıza görə absurd olmaqla qalmır, eyni zamanda RNT-nin özünü kopyalaya bilən bir molekul olduğu şəklindəki həddindən artıq optimist düşüncəni də məhv edir”. ( G. F. Joyce, L. E. Orgel, "Prospects for Understanding the Origin of the RNT World", In the RNT World, New York: Cold Spring Harbor Laboratory Press, 1993, s. 13.)



3- Qaldı ki, əgər ilkin dünyada özünü kopyalayan bir RNT meydana gəldiyini və mühitdə RNT-nin istifadə edəcəyi hər növ amin turşusudan saysız miqdarlarda olduğunu fərz etsək və bütün bu mümkünsüzlüklərin necəsə reallaşmış olduğunu düşünsək belə, bu vəziyyət yenə də sadəcə bir zülal molekulunun meydana gələ bilməsi üçün kifayət deyil. Çünki RNT yalnız zülalın quruluşuyla əlaqədar məlumatdır. Amin turşuları isə xam maddədir. Ancaq ortada zülal sintez edən "mexanizm" yoxdur. RNT-nin varlığını zülal istehsalı üçün kifayət saymaq, bir avtomobilin kağız üzərinə çəkilmiş dizaynını o avtomobili meydana gətirəcək minlərlə parçanın üzərinə atıb, sonra avtomobilin öz-özünə montaj edilib meydana çıxmasını gözləməklə eyni dərəcədə axmaqlıqdır.

Ortalıqda fabrik və işçilər yoxdur ki, istehsal reallaşsın. Zülal hüceyrənin içindəki son dərəcə kompleks əməliyyatlar nəticəsində bir çox fermentin köməyiylə ribozom adlanan fabrikdə sintez edilir. Ribozom isə yenə zülallardan meydana gəlmiş kompleks hüceyrə orqanoididir. Buna görə bu vəziyyət ribozomun da eyni anda təsadüfən meydana gəlmiş olması kimi məntiqsiz fərziyyəni özü ilə gətirəcək. Təkamülün ən fanatik müdafiəçilərindən Nobel mükafatı alan Jacques Monod belə zülal sintezinin yalnız nüklein turşulardakı məlumata sadələşdirilməsinin mümkün olmadığını bu şəkildə açıqlayır: “Şifrə (DNT və ya RNT-dəki məlumat) köçürülmədikcə mənasızdır. Müasir hüceyrədəki şifrə-köçürmə mexanizmi ən az 50 makromolekulyar parçadan meydana gəlir ki, bunların özləri də DNT-də kodlanıblar. Şifrə bu vahidlər olmadan kopyalana bilməz. Bu dövrün bağlanması nə vaxt və necə reallaşdı? Bunu xəyal etmək belə həddindən artıq çətindir”.( Jacques Monod, Chance and Necessity, New York: 1971, s. 143)
Primitiv dünyadakı RNT zənciri hansı iradəylə bu cür qərar vermiş və hansı üsulları istifadə edərək 50 xüsusi vəzifəli hissəciyin işini öz-özünə görərək zülal istehsalını reallaşdırmışdı? Təkamülçülərin bu suallara verə bildikləri heç bir cavab yoxdur.

San Diyeqo Kaliforniya Universitetindən Stanley Müllerin və Francis Crickin iş yoldaşı məşhur təkamülçü Dr. Leslie Orgel "həyatın RNT dünyası ilə başlaması" ehtimalı üçün "ssenari" ifadəsindən istifadə edir. Orgel bu RNT-nin hansı xüsusiyyətlərə sahib olmasının lazım olduğunu və bunun mümkünsüzlüyünü, American Scientistin 1994-cü il oktyabr sayındakı "The Origin of Life on the Earth" başlıqlı məqalədə belə ifadə edir: “Bu ssenarinin meydana gələ bilməsi üçün primitiv dünyadakı RNT-nin bu gün mövcud olmayan iki xüsusiyyətinin olması lazımdır: Zülalların köməyi olmadan özünü kopyalama xüsusiyyəti və zülal sintezinin hər mərhələsini reallaşdırma xüsusiyyəti”. (Leslie E. Orgel, "The Origin of Lifə on the Earth", Scientific American, Oktyabr 1994, Cild 271, s. 78)

Açıq-aşkar aydın olduğu kimi Orgelin "olmazsa olmaz" şərtini qoyduğu bu iki kompleks əməliyyatı RNT molekulundan gözləmək ancaq təkamülçü xəyalpərəst dünyagörüşüylə mümkün ola bilər. Konkret elmi gerçəklər isə həyatın təsadüflərlə yarandığı iddiasının yeni versiyası olan "RNT Dünyası" tezisinin qətiyyən mümkün olmayan nağıl olduğunu ortaya qoyur.

Canlılar Aləmi Molekul Yığınlarından Fərqli Anlayışdır

Bura qədər bəhs etdiyimiz bütün mümkünsüzlükləri və məntiqsizlikləri bir an üçün unudaq və primitiv dünya şərtləri kimi ən əlverişsiz mühitdə zülal molekulunun təsadüflərlə meydana gəldiyini fərz edək.



Zülalın meydana gəlməsi də kifayət etməyəcək, zülalın bu idarəsiz mühitdə başına heç nə gəlmədən özü kimi təsadüfən meydana gələcək başqa zülalları gözləməsi lazım olacaq.... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla müvafiq və lazımlı zülal həmişə "təsadüfən" eyni yerdə yan-yana yaranana qədər. Əvvəldən yarananlar o mühitdə ultrabənövşəyi şüalar, şiddətli mexaniki təsirlərə baxmayaraq heç bir pozuntuya uğramadan, səbirlə dərhal yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməliydilər. Sonra lazımi sayda və eyni yerdə yaranan bu zülallar tam lazımi formalarda bir yerə toplanaraq hüceyrənin orqanoidlərini meydana gətirməliydilər. Aralarına heç bir xarici maddə, zərərli molekul, yararsız zülal zənciri qarışmamalıydı. Sonra bu orqanoidlər son dərəcə planlı, nizamlı, uyğun və əlaqəli şəkildə bir yerə toplanıb bütün lazımlı fermentləri də götürüb bir pərdəylə örtülsəydi, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi mayeylə dolsaydı, bütün bu "mümkünsüzlüklərdən sonra" hadisələr reallaşsaydı belə bu molekul yığını canlana bilərdimi? Cavab, "xeyr"dir! Çünki tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olması lazım olan maddələrin bir yerə toplanmış olması kafi deyil. Həyat üçün lazımlı olan bütün zülalları yığıb təcrübə şüşəsinə qoysaq, yenə də canlı hüceyrə əldə etməyi bacara bilmərik. Bu mövzuda aparılan bütün təcrübələr müvəffəqiyyətsiz olmuşdur. Bütün təcrübə və müşahidələr isə həyatın ancaq həyatdan gəldiyini göstərmişdir. Həyatın cansız maddələrdən gəldiyi iddiası, bu hissənin lap əvvəlində də ifadə etdiyimiz kimi yalnız təkamülçülərin xəyallarında olan, bütün müşahidə və təcrübələrə zidd olan nağıldır.

Bu vəziyyətdə yer üzündəki ilk həyatın da yalnız Həyatdan gəlmiş olması lazımdır. Bu, "Hayy" (Həyat Sahibi) Allahın yaratmasıdır. Həyat ancaq Onun diləməsiylə başlayır, davam edir və sona çatır. Təkamül isə canlılar aləminin necə başladığını açıqlamaq bir tərəfə, canlılar üçün lazımi vəsaitin necə meydana gəldiyini və bir yerə gəldiyini belə açıqlaya bilmir.
(məqalə harun yahya)