Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi



Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər.Marksist mütəffəkkir Anton Pannekuk Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabında bu qəribə həqiqətdən bəhs edir və burjuaziyanın, yəni avropalı zəngin kapitalist sinfin darvinizmə verdiyi dəstəyi belə izah edir:

“Marksizm, əhəmiyyəti və mövqeyi üçün yalnız proletar sinif mübarizəsindəki roluna borclu olduğu hər kəs tərəfindən bilinir… Darvinizmin də marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm, elm dünyası tərəfindən obyektiv yanaşma tərziylə müzakirə edilərək və yoxlanılaraq qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Xeyr, darvinizm ilk addımını atan kimi, həvəsli dəstəkçiləri və ehtiraslı düşmənləri olmuşdur. Darvinin adı, nəzəriyyəsindən çox az şey anlayan insanlar tərəfindən ucaldılmışdır… Darvinizm isə sinif mübarizəsində rol oynamışdır və bu rol sayəsində sürətlə yayılmış, ehtiraslı tərəfdarlar və düşmənlər qazanmışdır.

Darvinizm, kilsə haqqlarına və aristokrat zümrəyə qarşı çıxan burjuaziya üçün vasitə olmuşdur… Burjuaziyanın məqsədi, önlərinə çıxan köhnə hakim idarəçi gücləri ortadan qaldırmaqdır… Din sayəsində rahiblər böyük kütlələri idarə etmiş və beləcə burjuaziyanın istəklərinə qarşı çıxa bilmişdir… Təbiət elmi inanca qarşı silah halına gətirilmiş, elm və yeni kəşf edilən təbiət qanunları qarşıya qoyulmuş və burjuaziya bu silahlarla döyüşmüşdür…

Darvinizm tam lazım olan zamanda gəlmişdir. Darvinin insanın heyvanlardan törədiyini iddia edən nəzəriyyəsi, xristian inancının bütün təməlini məhv etmişdir. Məhz bu səbəbə görə, darvinizm ortaya çıxdığı anda burjuaziya onu böyük ehtirasla müdafiə etmişdir… Bu şərtlər altında, elmi müzakirələr belə, sinfi mübarizənin fanatizmi və ehtirası ilə icra edilmişdir. Darvin haqqında yazılmış yazılar, elmi yazarların adlarını daşımalarına baxmayaraq, ictimai polemikaların xarakterini sərgiləyir.” (1)

Darvinizmin yayılması həqiqətən də bu şəkildə olmuşdu. Avropanın hakim gücləri darvinizmi, istər öz ölkələrində qurduqları kapitalist sistemi, istərsə də dünya səviyyəsində qurduqları imperialist müstəmləkə sistemini qanuniləşdirmək üçün fürsət olaraq görmüş və dəstəkləmişdilər. (Əlavə məlumat üçün baxın: Darwinin Türk Düşmənliyi, Harun Yəhya) Darvinizmin elm cəhətdən ziddiyətləri, xəyali fərziyyələri, cəfəng iddiaları tamamilə qulaqardına vurulurdu. Dini inanclara və dinin gətirdiyi əxlaqi meyarlara qarşı mühüm silah hesab edilən darvinizm, ideoloji məqsədlərlə yayılmışdı.

Ancaq darvinizmi bu şəkildə yayan “burjuaziya”, yəni kapitalist sinfi, bu nəzəriyyəylə birlikdə öz rəqibini də dəstəkləyirdi. Çünki darvinizmin yayılması və bu yolla dini inancların məhv edilməsi, kapitalizm qədər marksizmin də işinə yarıyırdı. Dinin insanlara öyrətdiyi qənaətkarlıq, təvazökarlıq, qardaşlıq, fədakarlıq, şəfqət, mərhəmət kimi əxlaqi dəyərlər ortadan qalxdıqdan sonra cəmiyyət vəhşi arenaya çevrilirdi. Bu arenada kapitalistlər arası “həyat mübarizəsi”, həmçinin kapitalistlərlə kommunistlər arası “sinfi həyat mübarizəsi” də inkişaf edirdi.

1871-ci ilin payızında avropalı təbiətşünaslıq alimlərinin iştirak etdiyi beynəlxalq konqresdə çıxış edən alman dövlət xadimi və təbiətşünas Virxov (Virchow), darvinistlərə “diqqət yetirin” deyirdi, “çünki bu nəzəriyyə, qonşu ölkədə çox böyük bəlalara səbəb olan nəzəriyyəylə çox yaxından əlaqəlidir.”(2) Virxovun bəhs etdiyi qonşu ölkə Fransa və ifadə etdiyi nəzəriyyə də həmin il qanlı Paris Kommunasını reallaşdıran Fransız kommunizmi idi. (Paris Kommunası Almaniya ilə döyüşdən məğlub çıxan Fransada, dövlət nüfuzunun zəiflədiyi dövrdə, Parisdəki kommunistlərin liderliyində başladılan şəhər üsyanı idi. Aylar boyu şəhər kommunist idarəçiləri tərəfindən idarə edilmiş, dini mərkəzlərə və din adamlarına qarşı geniş miqyaslı hücumlar təşkil edilmişdi.)



Nəticədə, kommunistlərin və kapitalistlərin, aralarındakı qarşıdurmaya baxmayaraq, din düşmənliyi mövzusunda ortaq zəmində birləşdiklərini və bu mövzuda darvinizmdən böyük dəstək aldıqlarını demək mümkündür. Bu səbəbdən kommunistlər bir cəmiyyətdə kommunist inqilab etmək üçün əvvəlcə cəmiyyətin kapitalistləşməsini zəruri hesab edirlər. Buna görə də kapitalist əxlaqın yayılmasıyla birlikdə (bu halda darvinizmin təbliğatı həyati əhəmiyyətə malikdir) cəmiyyət əvvəlcə dinsizləşdirilir, daha sonra da kommunizm inkişaf edir. Rus İnqilabının lideri Vladimir İ. Lenin 1909-cu ildə qələmə aldığı “Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi” başlıqlı məqaləsində, burjuaziyanın, yəni kapitalist sinfin dinə qarşı oynadığı rolu belə izah edir:

Birincisi, tarixi baxımdan dinə qarşı mübarizə aparmaq inqilabçı burjuaziyanın vəzifəsidir və Qərbdə burjua demokratiyası, feodalizmə və orta əsr nizamına qarşı girişdiyi inqilabları dövründə bu vəzifəsini böyük ölçüdə yerinə yetirmişdir… İstər Fransada, istərsə də Almaniyada burjuaziyanın dinə qarşı mübarizə ənənəsi var və bu sosializmdən (Ensiklopedistlərdən və Feyerbaxdan) çox əvvəl başlamışdır. Rusiyada isə burjua demokratik inqilabımızın özünə xas şərtləri səbəbiylə bu vəzifə az qala tamamilə fəhlə sinifinin çiyinlərinə yüklənmişdir. (3)

Görüldüyü kimi Lenin “dinlə mübarizə aparmaq vəzifəsi”nin kapitalistlərə aid olduğunu, Avropada bu vəzifəni onların yerinə yetirdiyini, ancaq Rusiyada bu sinif olmadığı üçün dinə qarşı aparılacaq mübarizəni özlərinin boynuna götürdüyünü söyləyir. Leninin bu sözləri, kommunizm və kapitalizm arasındakı qarşıdurmanın əslində yalnız “daxili qarşıdurma” olduğunu və bu iki gücün ortaq və əsl düşməninin din olduğunu açıq aydın göstərir.

Bu insanlar açıq aşkar cəmiyyəti korlamaq, onları doğrulardan uzaqlaşdırmaq, əxlaqi və insani baxımdan zəiflətmək və beləcə öz kommunist sistemlərini qəbul etdirməyə cəhd edirlər. Ancaq bu kəslərin din əleyhindəki heç bir hərəkətləri müvəffəqiyyətə çata bilməz. Unudulmamalıdır ki, keçmişdə də dinə qarşı mübarizə aparan, Allahın elçilərinə itaət etməyən, Allahın haqq kitablarından üz çevirən qövmlər yaşamışdır. Bu qövmlər də öz aləmlərində haqq dini yox etməyə çalışırdılar. Lakin bu qövmlərin uğradıqları son tarixən oxşar olub. Allah öz dininə qarşı mübarizə edən bu insanların bəzilərinə elə bu dünyada bəla vermişdir, digərlərini isə axirətdə şiddətli əzabın gözlədiyini müjdələmişdir. Bu gerçək Quranda belə bildirilir:

Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın! Onlardan əvvəl Nuh qövmü, sonrakı firqələr də təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. Mənim cəzam necə oldu! Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi! (Mömin Surəsi, 4-6)
(məqalə harun yahya)

(1) Anton Pannekoek, Marxism and Darwinism, s.?

(2) Anton Pannekoek, Marxism and Drawinism, s.??

(3) Viladimir Ilyiç Lenin, “Proleterya Partisinin Din Konusundaki Tutumu”, Proleterya, Sayı: 45, 13 (28 Mayıs 1909, Eriş Yayınları, kurtuluscephesi.com)