Materializmin Elmi Cəhətdən Çöküşü



“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?

Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?

Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.

Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır:

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Nəhl Surəsi, 12)

Qurandakı bir başqa ayədə isə belə deyilir:

(Allah) gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən müddətədək dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. (Fatır Surəsi, 13)

Quranın xəbər verdiyi bu gerçək müasir astronomiyanın qurucusu mötəbər alimlər tərəfindən də qəbul edilmişdir. Qaliley, Kepler, Nyuton kimi məşhur alimlər kainatın quruluşunu, Günəş Sisteminin dizaynını, fizikanın qanun və tarazlıqlarını kəşf etdikcə bütün bunların Allah tərəfindən yaradıldığı qənaətinə gəlmişlər.

Materializm: 19-cu Əsrin Ən Böyük Səhvi

Yaradılış gerçəyi tarixin qədim dövrlərindən bəri bir fəlsəfi görüş tərəfindən rədd edilir. Bu fəlsəfənin adı materializmdir. İlk əvvəl Qədim Yunanıstanda meydana gələn, daha sonra müxtəlif mədəniyyətlər tərəfindən tarixin müəyyən dövrlərində müdafiə edilən bu fəlsəfə maddənin və kainatın sonsuzdan bəri var olduğunu, yəni Allah tərəfindən yaradılmadığını müdafiə edir.

Materialistlər kainatın sonsuzdan bəri mövcud olduğunu müdafiə etməklə yanaşı, kainatda hər hansı bir məqsəd və dizaynın olmadığını da iddia edirlər. Kainatdakı bütün tarazlıq, ahəng və uyğunluğun yalnız təsadüflərin nəticəsi olduğunu bildirirlər. Bu “təsadüf” iddiası “canlılar necə yaranmışdır?” sualına qarşılıq olaraq da istifadə edilmişdir. Təkamül nəzəriyyəsi və ya Darvinizm olaraq bilinən iddia materializmin bu şəkildə təbiətə uyğunlaşdırılmasından ibarətdir.

Müasir elmin qurucularının kainatın Allah tərəfindən yaradıldığına iman edən insanlar olduğunu ifadə etmişdik. Ancaq 19-cu əsrdə elm dünyasında dəyişiklik olmuş və materializm bilərəkdən elm dünyasının gündəminə gətirilmişdir. 19-ci əsrin müəyyən siyasi və sosial şərtləri də materializmə şərait yaratdığı üçün bu fəlsəfə elm adamları tərəfindən geniş şəkildə qəbul edilmişdir.

Ancaq elmi nailiyyətlər materializm düşüncəsinin nə qədər mənasız olduğunu artıq ortaya çıxarmışdır.

20-ci Əsr Elminin Nəticələri

Materializmin kainat haqqında yuxarıda ifadə etdiyimiz iki iddiasını xatırlayaq:

Kainatın sonsuzdan bəri var olduğu, yəni yaradılmadığı iddiası.
Kainatda heç bir dizayn, plan və məqsədin olmadığı, hər şeyin təsadüflərin məhsulu olduğu iddiası.
19-cu əsr materialistlərinin o dövrün primitiv tədqiqat şəraitində böyük hərarətlə müdafiə etdikləri bu iki iddia da 20-ci əsrdəki elmi nailiyyətlər ilə rədd edilmişdir.

İlk olaraq kainatın sonsuzdan bəri var olduğu iddiası tarixə çevrilmişdir. 1920-ci illərdən etibarən kainatın quruluşu haqqında əldə edilən məlumatlar kainatın müəyyən müddət əvvəl “Böyük Partlama” (Big Bang) ilə yoxdan var hala gəldiyini isbat etmişdir. Yəni kainat sonsuz olmayıb Allah tərəfindən yoxdan yaradılmışdır.



20-ci əsr elminin çökdürdüyü ikinci iddia isə “təsadüf” iddiasıdır. 1960-cı illərdən etibarən aparılan araşdırmalar kainatdakı bütün fiziki tarazlıqların insanın mövcud olması üçün çox həssas şəkildə nizamlı hala salındığını sübut edir. Kainatdakı fizika, kimya və biologiya qanunları, cazibə, elektromaqnetizm kimi təməl qüvvələr, atom və elementlərin strukturlarının insan həyatı üçün tam ideal şəkildə var olduqları tədqiqatlar dərinləşdikcə bir-bir kəşf edilmişdir. Qərbli elm adamları dövrümüzdə bu fövqəladə dizayna “İnsani Prinsip” (Anthropic Principle) adını verirlər. Yəni kainatın hər hissəsi insanın həyatını davam etdirməsi üçün ən ideal ölçüdə hazırlanmışdır. Qısası, müasir dövrdə materializm elmi cəhətdən çökmüşdür. 19-cu əsrdə elm adına ortaya çıxmış, amma qısa zamanda böyük bir məğlubiyyətə uğramışdır.

Belə olması da təbiidir. Çünki, Allahın “Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, inkar edənlərin zənnidir” (Sad Surəsi, 27) ayəsiylə buyurduğu kimi kainatın boş-boşuna və məqsədsiz yaradıldığı düşüncəsi həqiqəti əks etdirməyən zəndən ibarətdir. Bu zənnə söykənən hər iddianın gerçəklər qarşısında məğlub olması isə qaçınılmazdır.
(məqalə harun yahya)