“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər



Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.

Bəs bu canlılar necə meydana çıxıblar?

Bu sual üzərində ağlını istifadə edərək düşünən hər kəs bütün canlıların qüsursuz yaradıldıqlarını anlayacaqdır. Hər bir dizayn onu quran dizaynerin varlığını göstərir. Canlılar da kainatdakı digər bütün dizayn nümunələri kimi Allahın varlığını sübut edir.

Belə ki, bu həqiqət bizə İslam dini yolu ilə bildirilmişdir. Quranda bizlərə canlıların necə ortaya çıxdığını Allah açıqlayır: bütün canlı növlərini Rəbbimiz ayrı-ayrı yaratmışdır. Allah bənzərsiz yaratma sənəti və sonsuz elmi ilə hər bir canlıya çox fərqli xüsusiyyətlər vermiş və insanlara sonsuz gücünü, ağlını və elmini tanıtmışdır. Canlıların yaradılışı ilə bağlı ayələrdən bir neçəsi belədir:

«Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!» (Şura surəsi, 29)

«Allah hər canlını bir sudan yaratdı. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!» (Nur surəsi, 45)

«Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl bitkilər yetişdirdik. Bu, Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar». (Loğman surəsi, 10-11)



Bu yaradılış gerçəyi biologiya, anatomiya, paleontologiya kimi elm sahələrinin yaranmasında alimlərə kömək etmişdir. Canlıları ilk dəfə bir sinif halında tədqiq edən və “sistematikanın banisi” kimi tanınan Karl Linneus, fosil elminin və müqayisəli anatomiyanın banisi Corc Kuvier, genetika qanunlarını kəşf edərək genetika elminin əsasını qoyan Qreqor Mendel və ya “XIX əsr Amerikasının ən böyük bioloqu” hesab edilən Luis Aqassiz kimi böyük alimlər bütün canlı növlərini Allahın yaratdığını bilərək elmlə məşğul olmuşlar.

Ancaq Çarlz Darvinin ortaya atdığı təkamül nəzəriyyəsinin qəbul edilməsindən sonra elm dünyası “növlərin bir-birlərindən təkamül nəticəsində əmələ gəldiklərini sübut etmək” üçün cəhdlərə başlamışdı. Bu cəhdlər alimləri bir çox nəticəsiz araşdırmaya yönəltmişdi. Dünyanın hər tərəfində aparılan fosil qazıntılarında həqiqətdə heç bir zaman mövcud olmayan keçid canlı fosilləri (canlıların daşlaşmış qalıqları) axtarılmağa başlandı. Növlərin təkamül vasitəsilə bir-birlərindən necə əmələ gəldikləri haqqında xəyali ssenarilər hazırlandı. Bu ssenarilər elmi jurnallarda dərc edildi, məktəblərdə gənclərə dərs kimi tədris edildi.

Təkamülçülərin zəkalarından boş xəyallar üçün istifadə etdiklərini daha yaxşı başa düşmək üçün bu ssenarilərdən bir neçə nümunə göstərmək daha yaxşı olar.

Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir


Təkamülçü bir mənbədə sürünənlərin məməlilərə çevrilməsi haqqında belə bir hekayə nəql edir:



Soyuq ərazilərdə yaşayan bəzi sürünənlər bədənlərini isidən bir üsul əmələ gətirdilər… Pulcuqları getdikcə daha da sivriləşərək tüklərə çevrildi. Bu məqamda həyata keçən digər bir uyğunlaşma isə tərləmənin əmələ gəlməsi oldu; bu, canlıya lazım gəldikdə suyun buxarlanması nəticəsində bədənini soyutma imkanı verirdi. Bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənindəki təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox tər ifraz etməyə başladı və bu ifrazat nəticədə südə çevrildi. Beləliklə, bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar. (George Gamow, Martynas Ycas, Mr. Tompkins Inside Himself, Allen & Unwin, London, 1966, s. 149)

Bu təkamülçü iddianın doğruluğunun sübut edilməsi üçün tərin südə, pulcuğun isə tükə çevrilməsi kimi “qeyri-mümkün” hadisələrin elmi cəhətdən sübut edilməsi zəruri olmuş və minlərlə alim bu hekayəyə vaxt sərf etmişlər. Əslində isə bu çevrilmələrin heç biri mümkün deyil. Əvvəla, bir körpənin ehtiyacı olan hər şeyi tərkibində ehtiva edən ana südü yuxarıdakı iddiadakı kimi “tərin” təkamül keçirməsi ilə mümkün deyil. Çünki ana südü körpənin ehtiyacına görə xüsusi uyğunlaşdırılmış, hər mərhələdə müəyyən bir planlaşdırmaya əsasən nizamlanan maddədir. Bir körpənin ehtiyacı olan hər cür maddə məhz lazım olduğu vaxtda ana südündə yaranır. Məsələn, körpənin kalsiuma ehtiyacı olduğu gün ana südünün tərkibində külli miqdarda kalsium olur. Bu cür nizamlama körpənin inkişafına görə ehtiyacı olduğu digər bütün maddələrə də aiddir. Aydındır ki, bu cür möcüzəvi bir qida maddəsinin şüursuz təsadüflərlə əmələ gəlməsi mümkün deyil.

Eyni şəkildə yuxarıdakı iddianın digər hissəsi olan “sürünənlərin pulcuqlarının məməli tüklərinə təkamül nəticəsində çevrilməsi” hekayəsi də elmi faktlarla ziddiyyət təşkil edir. Pulcuqlar və tüklər bir-birindən tamamilə fərqli quruluşdadır:

1- Tüklər folikulyar quruluşa malikdir, yəni bir kisəciyin içində böyüyürlər. Pulcuqlar isə dərinin içindəki qatlardır. Bundan başqa, pulcuqların inkişaf, böyümə və tökülmə mərhələləri tüklərdən fərqlidir, bu cəhətlərilə bir-birlərinə əsla bənzəmirlər.

2- Tüklərin pulcuqlardan təkamül nəticəsində əmələ gəldiyinə dair heç bir dəlil yoxdur. Təkamülçülərin bu iddiaları ilə bağlı daşlaşmış qalıqlar (fosillər) olmadığı kimi, iddia ediləcək məntiqli mexanizm də yoxdur.

Təkamül nağılları: dinozavrlar quşlara çevrilir



Sürünənlərin məməlilərə xəyali çevrilməsi ilə bağlı olaraq ortaya atılan elmə aidiyyatı olmayan “hekayələr” təkcə bu deyil. Hər təkamülçünün özünə xas bir “hekayəsi” vardır. Buna bənzər şəkildə dinozavrların təkamül keçərək quşlara çevrilməsi haqqında da bir çox xəyali ssenarilər qurulmuşdur. Bu ssenarilərdən birində dinozavrların ağcaqanadları qovarkən uçmağa başladıqlarından bəhs edilir. Digər ssenari isə dinozavrların ağacdan-ağaca tullanarkən qanad açıb uçduqlarını irəli sürür. Təkamülçülərin xəyal gücü sayəsində qurduqları bu ssenarilərin “sübut edilməsi” vəzifəsi isə elmin üzərinə düşür. Çoxlu elm adamları bu günə qədər dinozavrların qaçarkən və ya budaqdan-budağa tullanarkən necə uça biləcəyini araşdırmış, pulcuqların quş tükünə necə çevrildiyini sübut etmək üçün illərini sərf etmişlər. Tanınmış təkamülçü və ornitoloq Alan Fedussia da illərini bu mövzuya boş yerə sərf etmiş təkamülçü alimlərdən biridir. 25 ilini dinozavrlarla quşlar arasında əlaqənin olub-olmadığını tədqiq etməyə həsr etmiş Fedussia çalışmalarının sonunda bu etirafı etmişdir:

«25 il quşların kəllə sümüklərini tədqiq etmişəm və dinozavrlarla aralarında heç bir oxşarlıq tapmamışam. Quşların dördayaqlılardan təkamül nəticəsində əmələ gəlməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük biabırçılığı olacaqdır». (Pat Shipman, Birds Do It… Did Dinosaurs?, New Scientist, 1 Fevral 1997, s. 28)

Təkamül nağılları: dənizdə üzən ayı balinaya çevrilir

Təkamül ssenariləri bunlarla bitmir. Təkamülçü paleontoloq doktor Kolin Patersonun da etiraf etdiyi kimi, “Təbiət həyatı haqqında hər biri digərindən xəyali olan bir çox ümidsiz hekayə var.” (Colin Patterson, Harper’s, Fevral 1984, s.60)



Təkamülçülər balina, delfin kimi dəniz məməlilərinin də dənizə girməyi xoşlayan ayıların təkamül keçməsi nəticəsində əmələ gəlməsi kimi fantastik bir fikir ortaya atmışlar. Bu ssenariyə təməl tapa bilmək üçün yarı ayı, yarı balina canlılar haqqında nəzəriyyələr irəli sürmüş, “yeriyən balinalar” haqqında hekayələr yazılmışdır.

Əlbəttə, təkamülçülər istədikləri kimi xəyal qura bilər və istədikləri ssenarilərə inana bilərlər. Ancaq məsələ ondadır ki, ssenariləri “sübut etmək” üçün elmin imkanlarını və zamanını boş yerə hədər edirlər. Başqa bir tanınmış təkamülçü alim Pier Paul Grassenin təkamül ssenariləri barədə bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən qanun yoxdur, ancaq elm bu işə qarışdırılmalı deyil.” (Pierre-P Grasse, Evolution of Living Organisms, New York, Academic Press, 1977, s. 103)

Nə qədər ki, elm darvinizm kimi təməli səhv olan fərziyyələrdən istifadə edəcək, alimlər bu cür nağılların ardınca qaçmağa davam edəcəkdir. Əslində isə əgər yaradılış gerçəyi qəbul edilsə, elmin qarşısını kəsən bütün bu nəticəsiz səylər aradan qalxacaqdır. Əvvəldə də bildirdiyimiz kimi, hər canlı növünü Allah ayrı-ayrı yaratmışdır. Hər birinin fiziki xüsusiyyətləri, qidalanma vərdişləri, ov üsulları, müdafiə taktikaları, balalarını böyütmələri və s. bir-birilə qüsursuz uyğunluq təşkil edir. Bu uyğunluğun təsadüfən əmələ gəldiyini irəli sürmək və sonra bunu sübut etməyə çalışmaq son dərəcə yersizdir. Çünki bu qüsursuzluq təsadüfən əmələ gələ bilməz, ancaq üstün bir Yaradan olan Rəbbimizin gücü və nəzarəti ilə yarana bilər. Dolayısı ilə, xəyal gücünün məhsulu olan hekayələr qurmaq əvəzinə mövcud olan sistemləri araşdırmaq, bu sistemlərdəki xüsusiyyətləri aşkara çıxarmaq elmə çox böyük töhfələr verəcəkdir. Hər şeydən vacib olanı isə budur ki, bu istiqamətdəki araşdırmalar insanı və bütün kainatı yoxdan yaradan üstün güc sahibi Allahı daha yaxşı tanımağımıza kömək edir.
(məqalə harun yahya)