LƏZZƏT VƏ GÖZƏLLİYİN MƏNBƏYİ: MOLEKULLAR



Bir çox maddə eyni atomlardan təşkil olunmasına baxmayaraq fərqli görünür və fərqli xüsusiyyətləri daşıyır. Sizin fikrinizcə, ətrafınızda gördüyünüz cisimləri bir-birindən fərqli edən şey nədir? Rənglərini, formalarını, qoxularını, dadlarını bir-birindən fərqləndirən, yumşaq və ya bərk edən nədir? Bütün bunların səbəbi məhz atomların molekulları əmələ gətirmək üçün öz aralarında qurduqları fərqli kimyəvi əlaqələrdir.

Maddəni təşkil edən ilk pillə olan atomlardan sonra ikinci pillə molekullardır. Molekullar maddənin kimyəvi xüsusiyyətlərini müəyyən edən ən kiçik vahidlərdir. Bu kiçik formalar iki və ya daha çox atomdan, bəziləri də minlərlə atom qrupundan ibarət olur. Molekulların müxtəlif formalarda birləşmələri nəticəsində də ətrafımızda gödüyümüz müxtəliflik ortaya çıxır. Buna dad və qoxu hisslərimizdən misal çəkərək baxaq.

“Dad” və “qoxu” dediyimiz anlayışlar əslində bir-birindən fərqli molekulların duyğu orqanlarımızda yaratdığı hisslərdən başqa bir şey deyil. Yeməklərin, içkilərin, müxtəlif meyvə və çiçək qoxularının hamısı yan tərəfdəki kiçik şəkildə bir nümunəsini gördüyümüz uçucu molekullardan ibarətdir. Atomlar bir tərəfdən canlı və cansız maddəni əmələ gətirir, digər tərəfdən də maddəyə ləzzət və gözəllik qatırlar. Bəs bu necə baş verir?

Vanil qoxusu, lalə qoxusu kimi uçucu molekullar burunun epiteli adlandırılan hissəsindəki titrək tüklərdəki reseptorlara gəlir və bu reseptorlarla qarşılıqlı əlaqəyə girir. Bu qarşılıqlı əlaqə beynimizdə qoxu kimi şərh edilir. Eyni şəkildə insan dilinin ön tərəfində də dörd fərqli tipdə kimyəvi reseptor var. Bunlar da duzlu, şirin, turş və acı dadlarını hiss edir. Bütün duyğu orqanlarımızın reseptorlarına gələn bu molekullar beynimiz tərəfindən kimyəvi siqnallar kimi qəbul edilir.

Dövrümüzdə dad və qoxunun necə hiss edilməsi, necə əmələ gəlməsi məsələsi məlum olmuşdur, ancaq elm adamları nə üçün bəzi maddələrin çox, bəzi maddələrin az qoxu verməsi, nə üçün bəzilərinin dadının xoş, bəzilərinin də pis olması ilə bağlı ortaq qənaətə gələ bilməyiblər.

Dad və qoxunun olması insanlar üçün əsas ehtiyac deyil. Ancaq qəhvəyi rəng və özünəməxsus qoxusu olan torpaqdan yüzlərlə növdə, xoş qoxulu və ləzzətli meyvə, tərəvəz və minlərlə rəng, forma və qoxuda çiçək bitir və bütün bunlar möhtəşəm sənətin məhsulu kimi dünyaya tamamilə başqa gözəllik verir.
(məqalə harun yahya)