ATOMUN QURULUŞUNDAKI GİZLİ GÜC



Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz kreslo, qısaca desək, ən kiçiyindən ən böyüyünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Hər iki əliniz də, əllərinizdə tutduğunuz kitab da atomlardan ibarətdir. Atomlar o qədər kiçik hissəciklərdir ki, ən güclü mikroskoplarla belə bircə dənəsini görmək mümkün deyil. Bir atomun diametri millimetrin milyonda biri qədərdir.

Bu kiçikliyi bir insanın gözündə canlandırması mümkün deyil. Ona görə bunu bir misalla açıqlamağa çalışaq: əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz, bu açarın içindəki atomları görməyiniz mümkün deyil. Görə bilmək üçün əlinizdəki açarı Yerin ölçülərinə qədər böyütdüyünüzü fərz edək. Əlinizdəki açar Yer qədər böyüsə, ancaq onda açarın içindəki hər bir atom bir gilas böyüklüyündə olar və siz də onları görə bilərsiniz.

Bəs bu qədər kiçik bir formanın içində nə var? Bu dərəcədə kiçik olmasına baxmayaraq atomun içində kainatda gördüyümüz sistemlə müqayisə ediləcək qədər qüsursuz, tayı-bərabəri olmayan və kompleks sistem var. Hər atom bir nüvə və nüvənin çox uzaqlığındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin içində isə proton və neytron adlanan başqa zərrəciklər var.

Nüvə atomun tam mərkəzində yerləşir və atomun xüsusiyyətinə görə müəyyən sayda proton və neytrondan ibarətdir. Nüvənin radiusu atomun radiusunun on mində birinə bərabərdir. Bir az əvvəl bəhs etdiyimiz kimi, əlinizdəki açarı Yerin ölçüləri qədər böyütdükdə ortaya çıxan gilas böyüklüyündəki atomların içində nüvəni axtaraq. Amma bu axtarış boşunadır. Çünki belə bir ölçüdə belə çox kiçik olan nüvəni müşahidə etmə ehtimalımız qətiyyən yoxdur. Nüvəni görməyimiz üçün atomumuzu təmsil edən gilas yenidən böyüyüb iki yüz metr hündürlüyündə böyük bir top olmalıdır. Bu ağlasığmaz ölçüyə baxmayaraq atomumuzun nüvəsi yenə də çox kiçik toz dənəsindən böyük olmayacaq.

Ancaq burada son dərəcə təəccüblü vəziyyət var: həcmi atomun 10 milyardda biri olmasına baxmayaraq, nüvənin kütləsi atomun kütləsinin 99.95%-ni təşkil edir. Bəs necə olur ki, bir şey kütlənin təxminən yarısını təşkil edir, ancaq demək olar ki, heç yer tutmur.

Bunun səbəbi atomun kütləsini təşkil edən ağırlığın atomun nüvəsində toplanmasıdır. Bu isə “güclü nüvə qüvvəsi” adlandırılan qüvvə nəticəsində baş verir. Bu qüvvə sayəsində atomun nüvəsi dağılmadan birlikdə dayanır.

Buraya qədər izah etdiklərimiz təkcə bir atomun içindəki qüsursuz sistemin sadəcə bir neçə kiçik detalı idi. Əslində atom haqqında cild-cild kitab yazılacaq qədər hərtərəfli quruluşa malikdir. Ancaq burada gördüyümüz bu bir neçə detal belə onu möhtəşəm quruluşu ilə birlikdə Allahın yaratdığını anlamaq üçün kifayətdir.
(məqalə harun yahya)