KƏPƏNƏKLƏRİN HEYRƏTAMİZ XÜSUSİYYƏTLƏRİ



Yan tərəfdəki şəkildə görünən kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi nəzərdən keçirin. Belə qüsursuz estetika, ən kiçik səhvə yol verilməmiş simmetriya, cəlbedici rənglər və naxışlar qarşısında mütləq heyran qalacaqsınız. İndi də bir parça düşünün.

Bu kəpənək naxışlarından ilham alaraq toxunmuş, olduqca estetik və keyfiyyətli parça. Belə bir parçanı mağazanın vitrinində gördükdə nə düşünərsiniz? Şübhəsiz, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarından nümunə götürən sənətkarın varlığı ağlınıza gələr və onun sənətini bəyənib qiymətləndirərsiniz. Elə isə bu həqiqəti də təqdir etməlisiniz: heyran olduğunuz bu sənət kəpənəklərdən nümunə götürərək parçanın naxışını çəkənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz yaratmış Allaha aiddir.

Kəpənəklərin rəngli və müxtəlif naxışlara malik qanadları Allahın rəng sənətinin ehtişamlı təzahürüdür. Necə ki, parçadakı naxış öz-özünə, təsadüfən ortaya çıxa bilməz, qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüflərlə əmələ gəlməyəcək qədər mükəmməldir.

Bundan başqa, yan tərəfdə şəkillərini gördüyünüz kəpənəklərin heyrətamiz xüsusiyyətləri təkcə möhtəşəm qanadlarından ibarət deyil. Kəpənəklərin bədən quruluşu da hər cəhətdən qüsursuzdur. Kəpənəklər çiçəklərdəki nektarı soraraq qidalanırlar. Bəzən dərinliklərdə olan nektarı sormaq üçün kəpənəklərin bir çoxunda Proboscis adlandırılan uzun orqan var. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları sormaq və ya su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər bu uzun dillərindən istifadə etmədikdə içəri sarıyırlar. Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur.

Kəpənəklərin də digər həşəratlarda olduğu kimi bədənlərinin ətrafını əhatə edən skeletləri var. Bu xarici skelet yumşaq toxuma ilə bağlı olan bərk təbəqələrdən ibarətdir və zirehli paltara bənzəyir. Bu bərk təbəqə “kitin” maddəsindən ibarətdir. Bu təbəqənin əmələ gəlməsi son dərəcə maraqlı proses nəticəsində baş verir. Məlumdur ki, kəpənək tırtılları çox hərtərəfli metamorfoz prosesi keçir. Tırtıl əvvəlcə pup olur, daha sonra kəpənəyə çevrilir. Bu dəyişmə prosesi boyu qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri, qanadlar kimi fərqli mərkəzlərdəki hüceyrələr dəyişikliyin hər mərhələsində özlərini bir daha nizama salırlar. Bundan başqa bu dəyişikliklərlə birlikdə bədəndəki hər sistem də - həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi- dəyişiklik keçirir.

Kəpənəklərin eynilə qanadlarındakı kimi malik olduqları bu rəng və naxış müxtəlifliyi üstün güc sahibi Allaha aiddir. Allah hər canlıya ehtiyacı olan xüsusiyyətləri verəndir.
(məqalə harun yahya)