YOXLUQDAN VARLIĞA: BİQ BƏNQ (BÖYÜK PARTLAYIŞ)



Ətrafınızda gördüyünüz hər şeyin, öz bədəniniz, içində yaşadığınız ev, hal-hazırda oturduğunuz kreslo, ananız, atanız, ağaclar, quşlar, torpaq, meyvələr, bitkilər, qısaca desək, bütün canlıların və ağlınıza gələn bütün maddələrin “Böyük Partlayış” ilə var olan atomların birləşməsi nəticəsində əmələ gəldiyini bilirdiniz? Bu partlayışdan sonra kainatdakı qüsursuz nizamın əmələ gəlməsindən xəbəriniz vardı? Bəs bu “Böyük Partlayış” nədir?

Sonuncu əsrdə qabaqcıl texnologiya ilə həyata keçirilən araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu qəti surətdə ortaya qoymuşdur. Elm adamları apardıqları tədqiqatlar nəticəsində kainatın davamlı olaraq “genişləndiyini” müəyyən etmişlər və kainat genişləndiyinə görə zaman ərzində geriyə doğru getdikdə kainatın təkcə bir nöqtədən genişlənməyə başladığı nəticəsinə gəlmişlər. Məhz bu gün elm kainatın bu tək nöqtənin partlaması ilə yoxdan var olduğu həqiqətini üzə çıxarmışdır. Bu partlayışa “Biq Bənq”, yəni “Böyük Partlayış” adı verilmişdir.

Bu gün elmi kütlələr tərəfindən kainatın mövcud olma forması kimi qəbul edilən Böyük Partlayışın ardınca son dərəcə qüsursuz bir nizamın əmələ gəlməsi isə əslində heç də adi vəziyyət deyil. Düşünün ki, yer üzündə minlərlə növdə partlayış baş verir, amma heç birində ortaya bir nizam çıxmır. Hamısı olan şeyi pozur, parçalayır, yox edir. Məsələn: atom və hidrogen bombalarının partlaması, kömür mədənindəki partlayışlar, vulkanik partlayışlar, təbii qaz partlayışları, günəşdə meydana gələn partlayışlar; qısaca desək, nə cür partlayış olsa da, hamısı dağıdıcı təsirə malikdir. Heç vaxt bir partlayış estetik baxımdan qurucu və müsbət nəticə verməz. Amma dövrümüzün texnologiyası ilə üzə çıxarılmış elmi nəticələrə əsasən Böyük Partlayış yoxluqdan varlığa, həm də çox nizamlı və ahəngdar varlığa keçidə səbəb olmuşdur.

İndi də belə bir misal üzərində düşünək; yerin altında bir dinamit partlayır və bu partlayışın ardınca otaqları, pəncərələri, qapıları, mebelləri olan dünyanın ən görkəmli sarayı meydana gəlir. Buna “təsadüf nəticəsində əmələ gəldi” demək məntiqli yanaşma olarmı? Belə bir şey öz-özündən əmələ gələ bilərmi? Əlbəttə ki, xeyr!

Böyük Partlayışın ardınca əmələ gələn kainat isə, əlbəttə, dünyadakı bir sarayla müqayisə olunmayacaq dərəcədə ehtişamlı, dəqiq planlaşdırılmış, görkəmli bir sistemdir. Bu halda kainatın öz-özünə əmələ gəldiyini iddia etmək son dərəcə mənasız olacaq. Kainat yox ikən birdən-birə ortaya çıxmışdır. Bu da bizə maddəni yoxdan var edən, onun hər anını nəzarətdə saxlayan sonsuz bilik və güc sahibi olan bir Yaradanın varlığını göstərir. O Yaradan üstün güc sahibi olan Allahdır.
(məqalə harun yahya)