CORYANTHES NÖVÜNDƏN OLAN SƏHLƏBÇİÇƏYİNİN TAKTİKASI



Çiçəyin həşərat tələbatlarından xəbərdar olması mümkündür? Bəs bu həşəratı tələyə salmaq üçün plan qurması və buna uyğun olaraq özünü dəyişdirməsi necə, mümkündür? Əlbəttə, bir çiçəyin və ya həşəratın ağlı və iradəsi ilə bu cür taktikalar işlətməsi mümkün deyil. Ancaq təbiətdəki canlılara baxdıqda bu cür bir çox taktikalar işlətdiklərini görürük.

Coryanthes səhləbçiçəkləri maraqlı taktika ilə həşəratları tələyə salaraq çoxalan bitkilərdir. Səhləbçiçəyinin çoxalma sistemi həşəratları özünə çəkərək tozcuqları daşımaq üçün qurulmuşdur. Bu səhləb növünün çiçəkləri topa halda bitir. Hər çiçəyin qarşısında iki qanadabənzər çanaq yarpaq, bu yarpaqların da arxasında kiçik bitki çanaq yerləşir. Çiçəklər açılarkən xüsusi selik bu çanağın dibinə doğru axmağa başlayır. Bir müddət sonra metallik yaşıl rəng alan çiçək bu selik sayəsində arıları cəlb edən gözəl qoxu verməyə başlayır.

Yan tərəfdəki rəsmdə görünən səhləbin çiçək açması ilə erkək arılar bu qoxunu alaraq çiçəyin ətrafında uçmağa başlayırlar.

Arılar səhləbin dik kənarlarına qonmağa çalışarkən bir tərəfdən də çiçəyin çanaq hissəsini gövdəyə bağlayan boru formasındakı hissəsində ayaqları ilə dayanmaq üçün yer axtarırlar. Məhz bu hissə sürüşgən və maili quruluşa malikdir. Ona görə çiçəyin yaxınlığında dolaşan arılar çiçəyin dibindəki seliklə dolu çanağın içinə düşürlər.

Çiçəyin içinə düşən arının qarşısında təkcə bir çıxış yolu var: çiçəyin ön divarına, yəni gün işığına açılan dar tunel. Həşəratın düşdüyü mayenin səthilə eyni səviyyədə olan bu çıxış yolunu tapana qədər arı bu mayenin içində üzür. Çıxış yolunu tapmağa çalışarkən tozcuqların olduğu dişicik və erkəkciyin altından keçir. Bu zaman çiçəyin iki tozcuq kisəsi həşəratın arxasına yapışır.

Həşərat çıxış yolu vasitəsilə çiçəkdən kənara çıxır. Arı yeni bir çiçəyə getdikdə çiçəyin dişiciyi tozcuqları arının arxasından götürür və bu şəkildə mayalanma başlayır.

Ancaq bu hadisə yalnız çiçəyə fayda vermir. İçinə düşdüyü çiçək çanağında yerləşən selik arılar üçün də son dərəcə əhəmiyyətlidir. Çünki erkək arılar bədənlərinə bulaşan seliyin qoxusundan cütləşmə zamanı dişi arını çəkmək üçün istifadə edəcəklər.

Əvvəldə də bildirdiyimiz kimi bir çiçəyin həşəratı aldadan taktikalar işlətməsi, fiziki quruluşunu bu taktikaya uyğun şəkildə dəyişdirməsi əsla mümkün deyil. Eyni şəkildə bir həşəratın ehtiyacı olan maddəni çiçək vasitəsilə əldə etməsi üçün taktika işlətməsi də öz iradəsilə baş verməz. İki canlı arasındakı bu təəccüblü uyğunluq hər ikisinin də tək Yaradan tərəfindən, yəni üstün güc sahibi Rəbbimiz olan Allah tərəfindən yaradıldıqlarının dəlilidir.
(məqalə harun yahya)