AĞACDƏLƏN



Bilindiyi kimi, ağacdələnlər yuvalarını dimdikləyərək əmələ gətirdikləri ağac oyuqlarında düzəldirlər. Bu, bir çox insan üçün adi məlumat ola bilər. Ancaq çox adamın düşünmədiyi şey bu quşların dimdikləri ilə belə sərt vurmalarına baxmayaraq beyin qanaması keçirməmələridir. Çünki ağacdələnin gördüyü iş insanın divara mismar vurmaq üçün başından istifadə etməsinə bənzəyir. İnsan belə etsə, şübhəsiz öncə beyin qanaması keçirəcəkdir. Lakin bir ağacdələn sərt bir ağacı 2,10 saniyədən 2,69 saniyəyə qədər 38-43 zərbə ilə dimdikləyə bilər və ona heç bir şey olmaz.

Çünki ağacdələnlərin baş quruluşları bu işə əlverişli şəkildə yaradılmışdır. Ağacdələnlərin kəllə sümüyü zərbə şiddətini azaldan ''amartizasiya'' sisteminə malikdir. Dimdiyə və çənə oynağına əlavə olunmuş bəzi kəllə əzələləri və alnı o qədər güclü bir quruluşdadır ki, bu xüsusiyyətlər dimdikləmə əsnasında cazibə gücü və təzyiq sayəsində şiddətli zərbələri anında yüngülləşdirə bilir. Hesab və plan bununla da bitmir. Sığınmaq üçün xüsusilə şam ağaclarını seçən ağacdələnlər bir ağacı deşməyə başlamazdan əvvəl ilk olaraq o ağacın yaşına baxar və 100 yaşını keçmiş olanlara üstünlük verərlər. Çünki 100 yaşını keçmiş şam ağacları gövdələrini saran sərt və qalın qabıqların yumşalmasına səbəb olan xəstəliyə tutularlar. Bizim bəlkə də ilk dəfə eşitdiyimiz, elmin son illərdə kəşf etdiyi bu məlumatı ağacdələnlər yüz illərdir ki, bilirlər.

Ağacdələnlərin şam ağaclarına üstünlük vermələrinə səbəb yalnız bu deyil. Məlumdur ki, bu quşlar yuvalarının kənarlarına çuxurlar qazırlar. Başlanğıcda funksiyası bilinməyən bu çuxurların daha sonra onları çox böyük təhlükədən qoruduğu məlum olmuşdur. Belə ki, vaxt keçdikcə şam ağaclarından axan yapışqan maddə bu çuxurları doldurur və beləcə, ağacdələnlərin yuvalarının ətrafı ən böyük düşmənləri olan ilanlardan qorunmaq üçün bir səddə çevrilmiş olur.

Ağacdələnlərin başqa bir maraqlı xüsusiyyətləri də dillərinin ağaclardakı qarışqa yuvalarına girə biləcək qədər incə, oradakı qarışqaları toplaya biləcək qədər yapışqanlı olmasıdır. Bundan əlavə, dillərinin qarışqaların vücudlarındakı turşunun onlara zərər verməsinin qarşısını ala biləcək quruluşda olması da yaradılışlarındakı mükəmməlliyin göstəricisidir.

Yuxarıda bir sıra maraqlı cəhətlərinə toxunduğumuz ağacdələnlər bütün təfərrüatlı xüsusiyyətləri ilə ''yaradılmış'' olduqlarını sübut edirlər. Çünki ağacdələnlər, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüflərlə inkişaf etmiş olsaydılar, bu cür qeyri-adi xüsusiyyətlər əxz etmədən ölərdilər və nəsilləri kəsilmiş olardı. Lakin Allah tərəfindən yaşayacaqları həyata uyğun xüsusi bir ''layihə'' ilə yaradıldıqları üçün ehtiyac duyacaqları bütün xüsusiyyətlərə sahib olaraq həyata başlamışlar.
(məqalə harun yahya)