HƏRTƏRƏFLİ MÜTƏXƏSİSSLƏR: KOALALAR



Dünyada yaşayan canlıların çox möcüzəvi xüsusiyyətləri var. Yaradılış möcüzəsi olan bu canlılardan biri də koaladır. Evkalipt ağaclarının yarpaqları ilə qidalanan koala bu ağacda rahat yaşamaq üçün bir-birindən möhtəşəm xüsusiyyətlərə sahibdir. Avstraliyada yaşayan koalaların bədən quruluşu yaşadıqları mühitdə ehtiyaclarını ödəyə bilən qüsursuz xüsusiyyətlərə sahibdir. Məsələn, qol və pəncələri geniş gövdəli evkaliptlərə asanlıqla dırmanmalarını təmin edir. Ön ayaqlarındakı ilk iki barmaqları isə digər üçündən ayrıdır. Öz əlimizlə müqayisə etsək, koalanın iki baş barmağı olduğunu deyə bilərik. Arxa ayaqlarındakı baş barmaqlar da digərlərindən ayrıdır və digər dörd barmaq kimi kəsici pəncələrə sahib deyil. Digər barmaqlardan fərqlənən bu baş barmaqlar daha kiçik budaqlardan tutmağa kömək edir.

Pəncələri ağacların yumşaq və düz olan gövdələrinə çəngəl kimi batan koalaların dörd ayağı da, eynilə bizim bir çubuğu tutduğumuz kimi ağac budaqlarını rahatlıqla tuta bilir və budaqlara sarılaraq dırmanmalarını asanlaşdırır. Ancaq koalaların sahib olduğu xüsusiyyətlər bununla məhdud deyil. Koalaların digər xüsusiyyətləri belədir:

Kiçik biokimyəvi fabrik

Evkalipt yarpaqlarında yüksək miqdarda lif və qismən də zülal var. Bu yarpaqlarda kəskin qoxulu yağlar və bir çox məməlilərin yemədiyi, hətta zəhərli olan sianid xarakterli maddələr də vardır. Başqa heyvanlar üçün zərərli olan bu maddələr koalaların bədənində zəhərli təsirini itirir. Çünki koalalar xüsusi anatomiyaya və fiziologiyaya sahib olan həzm sisteminə malikdirlər.

Ot yeyən məməlilər kimi, koala da evkaliptlərin əsas maddəsi olan sellülozu həzm edə bilmir. Ancaq bunu onun kor bağırsağında yaşayan mikroorqanizmlər edir.

Koalanın kor bağırsağı yoğun bağırsağına açılır və çox böyükdür. Belə ki, kor bağırsaq bütün bağırsağın 20 %-ni təşkil edir. Uzunluğu 1.8-2.5 metrdir.

Kor bağırsaq koalanın həzm sisteminin ən maraqlı hissəsidir. Yarpaqlar həzm olunarkən burada gecikdirilir. Bu gecikmə nəticəsində kor bağırsaqlardakı mikroorqanizmlər fəaliyyətə keçərək sellülozu koalanın faydalanacağı şəklə gətirirlər. Bu xüsusiyyətinə görə koalanın kor bağırsağı biokimyəvi fabrikə bənzədilə bilər. Sellüloz bu fabrikdə emal edildiyi zaman yağlar və zəhərli xüsusiyyətə malik kimyəvi maddələr (fenol mürəkkəblər) başqa bir fabrikdə, yəni qaraciyərdə süzülür və təsirsiz hala gətirilir.

Koalanın yeganə qida qaynağı evkalipt yarpaqlarıdır. Bu isə heyvanın karbohidrat ehtiyacını ödəməsi üçün bədənindəki mikroorqanizmlərin sellülozu həzm etməsi ilə mümkün olur. Bu da mikroorqanizmlər olmadan koalaların yaşamağının mümkün olmadığını göstərir. Bu iki canlını bir-birinə uyğun yaradan şübhəsiz ki, Uca Allahdır.

Allah yaratdığı bütün varlıqların ehtiyaclarından xəbərdardır və əskiksiz yaradandır. Bu cür nümunələr Allahın sonsuz gücünü bizə sübut edir. Ağıl sahibi olan insanların bu həqiqəti anlayacaqları bir ayədə belə xəbər verilir:

Əgər düşünə bilirsinizsə, O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir! (Şuəra surəsi, 28)

Koala və su tarazlığı

Avstraliyalı yerlilərin - aborigenlərin dilində "koala" su içməyən mənasını verir. Çünki koalalar heç vaxt su içmirlər. Koalanın bu xüsusiyyətinin səbəbi isə evkalipt yarpaqları ilə qidalanmasıdır.

Evkalipt yarpaqlarının 40-65 %-i sudan ibarətdir. Bu nisbət 40 %-dən az olmur. Çünki su ehtiyatı 40 %-dən az olarsa, yarpaqlar quruyaraq məhv olar. Bu xüsusiyyətləri ilə evkalipt yarpaqları koalaya kifayət qədər su verir.

Şübhəsiz ki, yalnız yarpaqların bol sulu olması kifayət deyil. Koala eyni zamanda, evkalipt ağacındakı sudan istifadə etməyi bacaran bədən quruluşuna sahibdir. Koalada qüsursuz hazırlanmış "su itkisini idarə edən sistem" var.

Koalalardakı su itkisinə böyrəklər nəzarət edir. Daha vacibi isə koalanın həzm sisteminin su saxlama xüsusiyyətinə sahib olmasıdır. Bunun nəticəsində koalalar qəbul etdikləri suyun çox az hissəsini ifraz edirlər.

Koala həzm sistemindəki su saxlama xüsusiyyəti ilə çox da sulu olmayan, ancaq sayı çox olan evkalipt yarpaqları ilə rahatlıqla susuzluğunu dəf edə bilir. Əgər koalanın həzm sistemi bu xüsusiyyətə sahib olmasaydı, heyvan mütəmadi olaraq yerə enib su axtarmaq məcburiyyətində qalardı. Bu da yerdə yaşamaq üçün lazımi xüsusiyyətlərə sahib olmayan bu canlının bir çox təhlükə ilə qarşı-qarşıya qalmasına səbəb olacaqdı. Ancaq koala xüsusi bədən quruluşu ilə belə bir çətinliklə heç zaman qarşılaşmır.

Koalanın qoruyucu kürkü

Koalanın bədən istiliyini təmin edən əsas faktor kürkdür. Heyvanın kürkü mükəmməl şəkildə istiliyi qoruya bilən xüsusiyyətdə yaradılmışdır:

Koalanın kürkündə 1 mm2 sahədə 55 tük olur. Heyvanın bel hissəsindəki kürk bədən səthinin 77 %-ni örtür. Qarın tükləri isə bel hissəsindəki kürkün yarısı qədər sıxlığa sahibdir və bədən səthinin 13 %-ni təşkil edir.

Koaladakı tüklərin uzunluğu mövsümlərə müvafiq olaraq dəyişir. Qalın bel kürkü seyrək qarın bölgəsi tüklərindən daha tünddür. Koala bununla Günəşdən gələn istiliyi yığır. Qarın tüklərini isə seyrək olmasına baxmayaraq, dikləşdirərək istiliyi nizamlaya bilir.

Küləkli günlərdə koalalar küləyin sürəti artdıqca yalnız orta-kürək bölgələrini küləyə tərəf çevirirlər. Getdikcə daha çox büzülərək yumru bir top halını alırlar. Küləyin sürəti daha da artdıqda qulaqlarını da önə doğru qıvırırlar. Bu şəkildə hava axınına qarşı açıq heç bir yerləri qalmır. Koalanın bel hissəsindəki kürkü ən yüksək tənzimləməyə malikdir. Bu xüsusiyyətə Şimal qütbündə yaşayan heyvanlarda da rast gəlmək olar.

Külək bu sıx və döşəkcəyə bənzər bel kürkünə çox az təsir edir. Külək yüksək sürətlə əsdiyi zaman da kürk bədən istiliyini qoruya bilir. Soyuq günlərdə və şiddətli küləklərdə belə kürkün istiliyi qorumasındakı fərq 14 %-dir. Bu isə kürkün koalanın ən küləkli havalarda belə meşədə ağac təpələrində yaşamasını təmin edir.

Koalanın maddələr mübadiləsinin sürəti də kürkün istilik tənzimləməsinin təsirini tamamlayacaq şəkildə nizamlanmışdır. Koalanın maddələr mübadiləsi olduqca yavaşdır. Digər kisəli heyvanların maddələr mübadiləsinin sürətinin təxminən 74 %-i qədərdir. Bu qədər az sürətli maddələr mübadiləsi də heyvanın su itkisinin az olduğunun göstəricilərindən biridir.

Koala təkamülçülər üçün böyük problemdir...

Koalanın sahib olduğu xüsusiyyətləri xatırlayaq:

· Koalalar ağaclara dırmanmaqlarını və burada rahat şəkildə yaşamaqlarını təmin edən bədən quruluşuna sahibdirlər.

· Həzm sistemlərindəki xüsusi quruluşla evkalipt yarpaqlarından kifayət qədər qida və su əldə edə bilirlər.

· Evkalipt yağlarının zəhərli təsirlərini yox edən xüsusi fizioloji quruluşa sahibdirlər.

· Yarpaqlardan aldıqları sudan maksimum istifadə etmələrini təmin edən bir xüsusiyyətə sahibdirlər.

Bütün bunlar koala kimi bir canlının ağacda yaşaması üçün lazım olan faktorlardır. Koala üçün bu qədər əhəmiyyətli olan bu xüsusiyyətlər təkamülçülərin iddia etdikləri kimi təsadüfən ortaya çıxa bilərmi?

Bu suala mühakiməsiz və obyektiv düşünən ağıllı bir insan belə cavab verəcək: Əlbəttə ki, xeyr. Koalanı qüsursuz xüsusiyyətləri ilə birlikdə yaradan üstün güc sahibi Uca Allahdır. Allah yaratdığı bütün canlılara verdiyi bu xüsusiyyətlərlə sonsuz şəfqət və mərhəmətini göstərir. Uca Rəbbimiz yaratdığı canlılardakı möcüzələri belə bildirir:

Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır. (Casiyə surəsi, 4)
(məqalə harun yahya)