Azərbaycanın əməkdar artisti Azərin bu ilin sonunda solo konsert verməyi planlaşdırır. Bu barədə APA-ya məlumat verən sənətçinin sözlərinə görə, solo konsert digər konsertlərindən fərqlənəcək: “Bu konsertdə tamamilə yeni proqramla çıxış etmək fikrindəyəm. Hazırda bu proqramı müəyyənləşdirirəm. Hər çıxışımda fərqlilik nümayiş etdirmək istəyirəm və bu konsertdə də fərqli bir proqramla çıxış etmək niyyətindəyəm”. Sənətçi onu da deyib ki, yaxın vaxtlarda onun yeni albomu işıq üzü görəcək. Özünü filmdə də sınayan Azərin, yeni bir rola dəvət almadığını deyib: “Həm Azərbaycanda, həm də Türkiyədə mükəmməl bir ssenari olmalıdır ki, mənə orada özümə uyğun rol təklif olunsun. Ancaq səviyyəli ssenarisi olan filmə dəvət alsam, təklifi qəbul edərəm. Ciddilik mənim xasiyyətimdir, xasiyyətimi dəyişmək fikrim yoxdur. Mən doqquz yaşından sənətdəyəm və bu illər ərzində necəydimsə, elə də qalmışam”. Əməkdar artist onu da deyib ki, Azərbaycanda keçirilən “Eurovision-2009” mahnı yarışmasının seçimlərindən xəbərsiz olduğu üçün ora qatılmayıb: “Ötən il də bu müsabiqədən gec xəbər tutduq. Müsabiqədəki təmsilçilərimizə azarkeşlik etdik. Bu il də seçimlərlə bağlı xəbərsizəm. Xəbər tutsam, bəlkə də iştirak edərəm”.

Bakı. Ülkər Qasımova-APA.