Milli Məclis Əzizbəyov rayonunun adının dəyişdirilməsinə razılıq verib
“Parlamentin qərarına əsasən, Əzizbəyov rayonu bundan sonra Xəzər adlandırılacaq”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, Əzizbəyov rayonunun adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi Milli Məclis yanında Toponimiya komissiyasının aprelin 26-da keçirilən iclasında müzakirə olunub: “Adın dəyişdirilməsi üçünü Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı rayon ictimaiyyəti adından komissiyaya müraciət edib. Həmin müraciətdə Əzizbəyov rayonunun adının dəyişdirilərək, Xəzər adlandırılması təklif olunur. Toponimiya komissiyası bu təklifi diqqətlə araşdırıb və Əzizbəyov rayonunun adının Xəzər rayonu adlandırılmasını məqsədəuyğun hesab edib”.
Arif Rəhimzadə deyib ki, Regional məsələlər komitəsinin aprelin 27-də keçirilən iclasında Əzizbəyov rayonunun adının dəyişdirilməsi ilə bağlı Toponimiya komissiyasının qərarını dəstəkləyərək, qanun layihəsinin Parlamentin müzakirəsinə çıxarılmasını tövsiyə edib.
Parlamentin iclasında Salyan rayonunun Yenikənd kəndinin Aşağı Xələc adlandırılması haqqında qanun layihəsi də qəbul olunub.




Köhnədən əsər əlamət qalmayib.Ehh nəysə... Bircə milliyətimizi dəyişməsinlər.




