Avropa Yayım Birliyinin (EBU) qərarı ilə Eurovision müsabiqəsinin şərtlərinə yeni dəyişiklər edilib.

APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, yeni dəyişiklik səsvermə ilə bağlıdır.

Belə ki, ötən ildən etibarən ancaq final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti, gələn ildən etibarən yarımfinallarda da səs verə biləcəklər. Tətbiq olunan yeni qayda ilk dəfə olaraq Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində tətbiq ediləcək. Mayda baş tutacaq müsabiqənin hər iki yarımfinal və bir final mərhələsində təyin olunacaq münsiflər heyəti 50 faiz səs vermə hüququna malik olacaqlar. Bu qaydanın yarımfinal mərhələsinə də aid edilməsi tamaşaçıların və media mənsublarının EBU-ya çoxsaylı müraciətləri səbəb olub.