“Eurovision” Avropa Yayımları Birlyiyi tərəfindən (AYB) hər il Avropa ölkələri arasında keçirilən ən nüfuzlu mahnı müsabiqəsidir. “Eurovision” adı ilk dəfə 1950-ci ildə AYB-yə üzv olan qurumların bir-biri ilə qarşılıqlı proqram mübadiləsi həyata keçirmək məqsədilə ortaya çıxıb.

Mahnı müsabiqəsi ideyası isə 1956-cı ildə Fransanın nüfuzlu televiziyalarından olan ORTR-in rəhbəri Marcel Bessentsant tərəfindən irəli sürülüb. İlk dəfə İsveçrənin Luqano şəhərindəki "Kurusal teatro"da keçirilən “Eurovision” mahnı müsabiqəsində AYB-yə üzv olan yeddi ölkə iştirak edib. Qeyd edək ki, müsabiqəni təşkil etməklə AYB Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədlərə nail olmaq niyətindədir.İlk vaxtlarda “Eurovision” indikindən müəyyən məqamlarına görə fərqlənib. Məsələn, 24 may 1956-cı ildə keçirilən ilk “Eurovision” gecəsində yarışan Hollandiya, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliyanı təmsil edən müğənnilər indikindən fərqli olaraq hər biri iki mahnı ifa ediblər. Gecədə İsveçrəni təmsil edən Lys Assia "Refrain" adlı mahnı ilə rəqiblərindən önə çıxaraq ilk “Eurovision” qalibi kimi tarixə düşüb. Qalib ölkənin növbəti yarışmaya ev sahibliyi etmə ənənəsi isə 1958-ci ildən qüvvəyə minib. “Eurovision” tarixində başqa bir önəmli təqvim isə 1985-ci ildə ilk dəfə müsabiqənin gedişinin peyk vasitəsilə bütün dünyaya yayılması olub. Hazırda müsabiqədə həyata keçirilən "televotinq səsvermə" isə 1997-ci ildən nəzərdə tutulsa da 2003-cü ildən etibarən həyata keçirilməyə başlandı. Mütəxəssislər bu cür səsvermənin yarışmaya qatılan bütün ölkələr üçün çətin bir prosedur olduğunu düşünürlər. “Eurovision” da baş verən yeniliklər bununla bitmədi. 2004-cü ildən etibarən yarışma iki mərhələdən ibarət oldu. İkinci mərhələdə olan böyük finala öncəki ilin 10 ən yüksək reytinq qazanmış ölkəsi ilə yanaşı, AYB tərəfindən tövsiyə edilən Böyük Britaniya, Fransa, Almaniya və İspaniya da qatılır. Finala qoşulan digər ölkələr isə birinci mərhələ hesab olunan yarımfinal gecəsində müəyyənləşdirilir. Qeyd edək ki, indiyədək İrlandiya 7 dəfə birincilik qazanaraq yarışmada ən çox ev sahibliyi edən ölkə kimi tarixə düşüb. AYB-nin hesablamalarına görə, hər il 400-600 milyon insan tərəfindən izlənilən “Eurovision” un dünyada nüfuzu getdikcə artmaqdadır.Azərbaycanı isə İlk dəfə bu il “Eurovision-2008” ə qatılıb. Ölkəmizi bu nüfuzlu yarışmada Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü təmsil edib.

eurovision.azeriblog.com