Dünən axşam saatlarında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin Qaraheybətdəki hissəsində baş verən kütləvi zəhərlənmə zamanı zəhərlənən hərbçilərin 11 nəfəri Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Səhər saat 5.00 radələrində həmin hərbçilər Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına aparılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev bildirib. O deyib ki, həmin əsgərlərə lazımi tibbi yardım göstərilib. Əsgərlərdə qida zəhərlənməsinin baş verdiyini qeyd edən S. Əliyevin sözlərinə görə, hazırda onların vəziyyəti kafidir.