Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranan dini icmalar, müxtəlif icma üzvlərinə qarşı təzyiq göstərilməsi, dini icmaların qanundan kənar fəaliyyəti, hansısa icma üzvlərinin həbs olunmaları, dini ədəbiyyatların qadağan edilməsi və bu kimi məlumatlar həmişə gündəmdə olub.

Ümumiyyətə, Azərbaycanda “dini icma” məfhumu ən çox həssaslıqla qarşılanan anlayışlardan biridir. Əhalisinin 96 faizini müsəlmanlar təşkil etdiyi halda, ölkədə yüzlərlə ayrı-ayrı dini icmanın fəaliyyət göstərməsi, özü də bu icmaların əksəriyyətinin müsəlman təmayüllü olması təəccüb doğurur.



Azərbaycan dünyanda tolerantlığın, dini dözümlülüyün hökm sürdüyü əsas ölkələrdən biri hesab olunsa da, tez-tez dini icmalara qarşı təzyiqlər, onların həbs edilməsi haqda informasiyalar yayılır. Bunlar həqiqətdirmi? Əgər bu informasiyalar həqiqətdirsə, belə çıxır ki, Azərbaycanda tolerantlıq, dini etiqad azadlığının qorunması haqda yazılanlar söz yığınıdır? Bəlkə heç həbs olunanlar, təzyiqlərlə üzləşənlər dini etiqadlarının “cəzasını” çəkmirlər?

Hüquq müdafiəçisi Eldar Zeynalov APA-ya açıqlamasında Azərbaycan Konstitusiyasında etiqad azadlığı, dini icmaların sərbəst fəaliyyət göstərməsi ilə bağlı müddəaların əksini tapdığını deyib. Hüquq müdafiəçisi Konstitusiyadan aşağı qanunlarda isə bir neçə problemin mövcud olduğunu bildirib: “Bu, əsasən toplaşmaq azadlığı, əcnəbilərin fəaliyyəti ilə bağlıdır. Azərbaycanda pravoslavların, katoliklərin kilsəsi, yəhudilərin sinaqoqu fəaliyyət göstərir. Bu icmaların rəhbərləri isə xarici ölkə vətəndaşlarıdır. Ancaq babtistlər və “Yəhovanın şahidləri” dini icmalarının rəhbərinin xaricdən dəvət olunmasına icazə verilmir. Bax burada ikili standart meydana çıxır”.

E. Zeynalov dini icmaların fəaliyyəti ilə bağlı daha bir problemə toxunub. Onun sözlərinə görə, ən pis vəziyyət xristian deyil, müsəlman təmayüllü icmalarla bağlıdır: “Bu icmalarda ikili qeydiyyat şərt kimi qoyulub. Bir tərəfdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, digər tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsində qeydiyyat vacibdir. Lakin hansısa icmalar bu idarəyə tabe olmaq istəmir. Burada isə bir qədər çıxılmaz vəziyyət yaranır. Buna görə də müsəlman dini icmalarının çoxu qeydiyyatsız qalıb. Buna misal kimi “İçərişəhər Cümə məscidi” Dini İcmasını göstərmək olar”.

Hüquq müdafiəçisi, həmçinin dini icmaların qeydiyyata alınması üçün müəyyən sayda insanların bir yerə toplaşmasının tələb olunmasının başa düşülmədiyini də qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə APA-ya açıqlamasında hazırda Azərbaycanda 534 dini icmanın dövlət qeydiyyatına alındığını deyib. Şöbə müdiri bu icmalardan 32-nin qeyri-islam, 502-nin isə islam təmayüllü olduğunu bildirib. G. İsmayılov ümumilikdə Azərbaycanda 1750 məscidin olduğunu, onlardan 800-ə yaxının fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Təxminən 300 dini icma qeydiyyatsız fəaliyyət göstərir. Bəzi məscidlərə gələnlərin sayı heç beş nəfər olmur. Yəni beş nəfərin bir yerə yığışmasını da icma saymaq düz deyil”.

G. İsmayılovun sözlərinə görə, bu gün istənilən adam ətrafına ən azı 11 nəfər toplayaraq, dini icma yarada və onu qeydiyyatdan keçirmək üçün müraciət edə bilər: “Lakin Azərbaycanda onlarla, yüzlərlə məscid var ki, orada bir icma yaradılacaq qədər adam belə ibadət etmir”.

Komitə rəsmisi Azərbaycanda heç bir dini icmanın fəaliyyətinin qadağan edilmədiyini, qeydiyyatsız fəaliyyət göstərən icmalara qarşı isə heç bir təzyiq olmadığını bildirib: “Azərbaycanda heç bir dini icmanın, o cümlədən “Yəhovanın şahidləri” və “Babtist” dini icmalarının fəaliyyəti qadağan olunmayıb. “Yəhovanın şahidləri” dini icması Bakı şəhərində qeydiyyatdan keçib və sərbəst şəkildə fəaliyyət göstərir. Eyni zamanda “Babtist” dini icması da Bakıda, Gəncədə və Sumqayıtda qeydiyyatdan keçib və həmin ərazilərdə fəaliyyət göstərir”.

Şöbə müdiri deyib ki, dini icmalar yalnız qeydiyyatdan keçdiyi ərazilərdə fəaliyyət göstərə bilərlər: “Bakı şəhərində qeydiyyatdan keçən “Yəhovanın şahidləri” dini icmasının nizamnaməsində yazılıb ki, bu qurumun fəaliyyət göstərdiyi ərazi ancaq Bakı şəhəridir. Əgər bu icma Bakı şəhərindən kənarda fəaliyyət göstərirsə, bu, pozuntu hesab olunmamalıdır?”

G. İsmayılovun sözlərinə görə, indiyə kimi qanunsuz fəaliyyət göstərən heç bir dini icmanın üzvü həbs edilməyib. Vaxtı ilə həbs edilən Zaur Balayev və Həmid Şabanova gəlincə, G. İsmayılov deyib ki, adıçəkilən şəxslərin həbsi onların “Babtist” dini icmasının üzvü olmaları ilə əlaqədar deyil: “Zaur Balayev dükan adı ilə icazəsiz məbəd tikdirib. Məhkəmə bu məbədin sökülməsi ilə bağlı qərar çıxarıb, o isə məhkəmənin qərarına əməl etməyib. Məhkəmə qərarını icra etmək istəyən aidiyyəti şəxslərə isə müqavimət göstərib və sırf bu səbəbdən həbs edilib. Həmid Şabanov isə evində qanunsuz silah saxladığına görə tutulub”.

Şöbə müdiri onu da əlavə edib ki, dini etiqadlarından irəli gələrək əllərinə silah almaq istəməyən “Yəhovanın şahidləri” dini icmasının bir üzvü belə həbsdə deyil: “Hazırda Azərbaycanda dini etiqadına görə hərbi xidmətə getməkdən imtina etdiyi üçün həbs edilən yoxdur. Ermənistanda isə hazırda “Yəhovanın şahidləri” icmasının üzvü olduğu üçün hərbi xidmətdən imtina edən 37 nəfər həbsdədir. Bu çox vacibdir ki, indiyə qədər heç bir beynəlxalq təşkilat Azərbaycanda dini tolerantlığın olmaması ilə bağlı bəyanat verməyib”.

Mətbuatda tez-tez ölkəyə gətirilən dini ədəbiyyatların müsadirə olunması, və istifadəsinin qadağan edilməsi ilə bağlı da məlumatlar yayılır. Maraqlıdır ki, ölkəyə gətirilməsi və istifadəsi yasaqlanan dini ədəbiyyatları kim və hansı əsaslarla qadağan edir?

Əvvəlcə qeyd edək ki, Azərbaycanda qadağan olunan dini ədəbiyyatların əsas hissəsi “vəhhabiliyi” təbliğ edən kitablardır. Məhəmməd İbn Əbdül Vahhab və digər müəlliflərə məxsus kitablarda “Kim sənin kimi düşünmürsə, sənin düşmənindir! Onu öz yoluna dəvət et, qəbul etməsə, öldür!” kimi dinlər və təriqətlərarası düşmənçilik təbliğ edən müddəalar yer alıb. Bundan başqa, həmin kitablarda ziyarətgahlara inam bəslənməsi qadağan edilir.

Artıq bir neçə ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ziyanlı dini materialların müəyyən edilməsi ilə məşğul olan xüsusi ekspertiza şöbəsi yaradılıb. Sözügedən şöbədən APA-ya verilən məlumata görə, dini ədəbiyyatların ziyanlı olub-olmadığı bir neçə kriteriya ilə müəyyən olunur. Əsasən konfessiyalararası münasibətlərin qızışdırılması, ayrı-seçkilik və radikallığı təbliğ edən dini ədəbiyyatlar, o cümlədən ali dinin daşıyıcısı olma ideyalarını yayan kitablar qadağandır. Təkcə ötən il Dövlət Komitəsinin sözügedən şöbəsi tərəfindən 1500-dən artıq dini ədəbiyyat ekspertizadan keçirilib. Onlardan 59-nun Azərbaycanda yayımına və istifadəsinə qadağa qoyulub. APA bu kitablardan bir neçəsinin adını ilk dəfə olaraq təqdim edir.

1. “Namazı tərk edənin hökmü” - müəllif Əl Albani
2. “Gecikmiş etiraflar” - müəllif Məhəmməd İbn Əbdül Əziz Əl Müsnəd
3. “İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmək” - müəllif Məhəmməd Saleh Əl Münəccid.
4. “Kim müsəlmandır?” - müəllif Zihəddin Əl Qüdsi
5. “Kamana yetiş” - müəllif Şəhid Abdulla Azzam
6. “Birinci yəhudi fitnəsinin nəticələri” - müəllif Zahirəddin Əl Mədəni
7. “Allah bizdən nə tələb edir?” - (xristianlığa aid)
8. “Həyatın mənası nədədir? - (xristianlığa aid)
9. “Müqəddəs kitab əslində nə öyrədir?” - (xristianlığa aid)